“Zeynəb Xanlarova bacımla, Rəşad İlyasovun anası ilə rəfiqəlik edirdi, qonşuluqda yaşamışıq”

“Zeynəb Xanlarova bacımla, Rəşad İlyasovun anası ilə rəfiqəlik edirdi, qonşuluqda yaşamışıq”

“Kamança alətinə gəlməyim atamla bağlı olub. O vaxt televizor yox idi, bilmirdik ki, bu alət nədir? Atam məni Filarmoniyaya apardı, dedi ki, “qızım, kamança budur, istəyirəm səni bu alətə qoyum”. Dedim ki, əlbəttə istəyirəm. Amma daha sonralar böyük sənətkarımız Əhsən Dadaşov məni ansambla dəvət etdi, onunla da məni xalq tanıdı. Bu gün sənətimi, layiqli davamçım, qızım Mehri Əsədullayeva davam etdirir. Həm mənim sənətimi, həm də atasının. O həm də mənimlə paralel Milli Konservatoriyada pedaqoji fəaliyyətlə məşğuldur”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən kamança ifaçısı Şəfiqə Eyvazova deyib. O daha sonra xalq artisti, böyük sənətkar Zeynəb Xanlarova ilə qonşu olduğunu bildirib və o illəri xatırlayıb.

“Dağlı məhəlləsində” böyümüşəm, yaşamışam. Həqiqətən də bu məhəllə sənətkarlar yetişdirib. Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Zeynəb Xanlarova və s. böyük insanlar bu məhəllədən çıxıb. Dahi sənətkarımız Zeynəb Xanlarova ilə Əfqanıstana səfər etmişik. Çox gözəl yol yoldaşı idi. Bacım onunla rəfiqəlik edirdi, biz qonşuluqda yaşamışıq. Atam, anam görürdü ki, çox istedadlı qızdır. Atası atamla, anası anamla dostluq edirdilər. Zeynəb xanım heç vaxt həyətə, çölə çıxmazdı, xasiyyətində yox idi. Zeynəb xanım o vaxt teatrda işləyirdi, gedib oxuyub gələrdi. Mən həqiqətən də onun sadəliyi, sənəti, özü ilə qürur duyuram. Bizim evdə televizor yox idi, Zeynəb xanımgildə gedib baxırdıq. Nə atası Yəhya dayı, nə də anası Pəricahan xala bir dəfə bizə demədilər ki, gecdir, durun gedin evinizə. O qədər gözəl insanlar idi ki. Allah onlara rəhmət etsin. Zeynəb xanımı o qədər çox istəyirəm ki, onun repertuarından da mahnı ifa etmişəm” deyə sənətkar bildirib.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

"Qarabağ"ın məğlubiyyəti - Video

SONRAKI XƏBƏR

Rusiya-Gürcüstan sərhədində kilometrlərlə tıxac yarandı - VİDEO