TÜRKSOY-da təqdimat: Paşayevanın həmmüəllifi olduğu kitab...

TÜRKSOY-da təqdimat: Paşayevanın həmmüəllifi olduğu kitab...<span class="qirmizi"></span>

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Qarabağdan doğan Günəş və Ay – Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” adlı kitabın Ankarada, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının – TÜRKSOY-un Mərkəzi qərargahında keçirilən ilk təqdimatında çıxış edib.

Axar.az xəbər verir ki, Şuşa şəhəri də daxil olmaqla, Qarabağın təkcə Azərbaycan və Türkiyəyə deyil, bütün türk dünyasına görkəmli şəxsiyyətlər bəxş etdiyini diqqətə çatdıran Qənirə Paşayeva bu kitabın ilk təqdimatının mədəniyyət diplomatiyası sahəsində uğurlu layihələr həyata keçirən TÜRKSOY-da baş tutmasını çox yerində və məntiqli hadisə kimi qiymətləndirib.

Q.Paşayeva vurğulayıb ki, Faiq Ələkbərli ilə birgə hazırladığı kitabın Türkiyədə nəşri və TÜRKSOY-da təqdimatı Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə kimi görkəmli Azərbaycan şairlərinin yaradıcılığına verilən dəyərin ifadəsi olub, hər iki xanımın tarixi şəxsiyyət kimi ucalığını tərənnüm edir.

Q.Paşayeva Şuşanın Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu illərdə mədəni irsə qarşı vandallıqlardan da söz açıb, Natəvanın heykəli daxil olmaqla, heykəllərin belə güllələndiyini bildirib.

“Əgər qərinələr öncə Şuşada Xurşidbanu Natəvan, Fatma xanım Kəminə kimi tarixi şəxsiyyətlər yetişibsə, bu Şuşadakı mədəni mühiti, Şuşada, Qarabağda, ümumən Azərbaycanda qadına bəslənən münasibəti ifadə edir. Və biz qürur hissi keçiririk ki, 1918-ci ildə Yaxın Şərqdə ilk, ümumən dünyada ilklərdən biri olaraq qadına seçmək, seçilmək hüququ verən Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi olmayıb, bunun tarixi, mədəni əsasları, kökləri olub”.

Q.Paşayeva TÜRKSOY rəhbərliyinə, təşkilatçı qurumların bütün mənsublarına, kitabın hazırlanmasında, nəşrində və təqdimatında zəhməti olan hər kəsə könül dolusu təşəkkür edib.

Qeyd edək ki, MM-in Mədəniyyət Komitəsi, TÜRKSOY və Azərbaycanın Türkiyədəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Rayev, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Ankaranın Keçiörən rayon bələdiyyəsinin sədri Turqut Altınok, Türkiyə Cümhurbaşqanlığı yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri Aygün Attar, kitabın nəşrinə dəstək göstərmiş qurumlardan biri - “UNİTY Company” şirkətinin təsisçisi Fikrət Əliyev, “UMAY– Türk dünyası qadınlarına dəstək” İB sədri Vəsilə Abulova, Yeganə Əliyeva, rejissor Elnurə Kazımlı və başqaları iştirak və çıxış edib, təqdim olunan kitabın önəmi barədə fikirlərini bölüşüb.

Sonda MM-in komitə sədri Q.Paşayeva və tədbirdə iştirak edən Azərbaycanın nümayəndə heyəti üzvləri TÜRKSOY-a Azərbaycanın xalq rəssamı, dünya şöhrətli sənətkar Sakit Məmmədovun “Türk dünyası qadınlar tablosu” rəsmlərini və Qarabağ motivli xatirə hədiyyələri təqdim ediblər.

Mənbə: axar.az