Tanınmış aktrisadan məktəbli formasının qiymətinə ETİRAZ: “Çoxuşaqlı ailə o qədər pulu haradan tapsın?”

Tanınmış aktrisadan məktəbli formasının qiymətinə ETİRAZ: “Çoxuşaqlı ailə o qədər pulu haradan tapsın?”<span class="qirmizi"></span>

 

“Günəmuzd işləyən, fəhləliklə pul qazanan valideynlər var. Kasıb ailə o qədər pulu haradan tapıb uşağına məktəbli forması alsın?”

Bu sözləri tanınmış aktrisa Günəş Mehdizadə yeni istehsal olunan məktəbli formalarının qiyməti haqqında Yenicag.az-a danışarkən deyib.Özünün də iki şagird övladının olduğunu deyən Günəş məktəbli formasına xərclənən pulu hər ailənin qarşılaya bilməyəcəyini vurğulanıb:

“Bu gün maaşla müqayisə etsək, valideyn o qiymətə məktəbli formasını uşaqlarına necə alsın? Hesablasaq, elə iki uşaq üçün təkcə məktəbli formasına azı 300 manat verməlidir. Bunun jaketi, qısaqol, uzunqol köynəklər, şalvar, yubka, hamısını hesablasan, bir ətək puldur. Çoxuşaqlı ailələr var… Elə mənim oğlumun sinif yoldaşı beşuşaqlı ailənin övladıdır. Forma da yeni çıxdığı üçün əvvəlki illər kimi bir-birinin formasını geyinmək olmur. Gərək, təzəsi alınsın. Hələ məktəb ləvazimatlarını hesablamışam. Bir uşağın məktəbə getməsi üçün valideyn hər uşağa azı 300-400 manat xərcləməlidir. 5 uşağı olan ailənin geyimə, məktəb ləvazimatına ödəyəcəyi pulu hesablasaq, kifayət qədər böyük məbləğ alınar. Günəmuzd işləyən, fəhləliklə pul qazanan valideynlər var. Kasıb ailə bunu necə ödəsin?”

Aktrisa əlaqədar qurumlara səslənib:

“Necə ki kitablar məktəb tərəfindən verilir, bu məktəbli geyimləri üçün də simvolik qiymət tətbiq etməliydilər. Yoxsa bu qədər pulu valideyn necə tapsın? O pulu uşağının boğazından kəsib necə məktəbli formasına versin? Mənim də evimdə məktəbə gedən iki oğlum var. Düzünü deyim ki, qiymətdən əlavə, məktəbli formalarının rəngi də münasib deyil. Bu, valideyn olaraq qətiyyən məni qane etmir. Əlavə xərclər yaradır. Çox açıq-boz rəngdədir, praktik deyil. Qış aylarında oğlanlar üçün olan bu şalvardan, gərək, 2-3-nü alasan ki, dəyişərək geyinsin. Çünki, demək olar ki, ağ rəngdədir və qışın yağışı, palçığı var. Oğlan uşaqları da bilirsiniz ki, dəcəl olurlar, səliqə-sahmana fikir vermirlər. Şəxsən mən o şalvardan, gərək, 4 dənə alım ki, dəyişərək geyinsinlər. Bir də əvvəllər eləydi ki, uşağın əyninə olmayanda o geyimi kimlərəsə vermək olurdu, indi bu da mümkün olmayacaq. Çünki spesifik köynəklədir, məcbursan, yenisini alasan”.

Cəvahir

Mənbə: yenicag.az