Rəşad Dağlının üzr videosunda görmədiyiniz məqamlar

Rəşad Dağlının üzr videosunda görmədiyiniz məqamlar<span class="qirmizi"></span>

Savaşda bir dəfə, siyasətdə isə hər gün ölürlər.

Rəşad Dağlının üzr videosuna baxanda “mmm... heyf” dedim. Ona görə də bu üzrün səbəblərini MMM adlandırmaq qərarına gəldim. Haydı, bu səbəblərə birlikdə baxaq.

Meyxana

Əgər bütün çörəyin kütlədən çıxırsa, onların diktəsi ilə hərəkət etməyə məcbursan. Sənətçinin (?) sənətçi xarakteri, ümumiyyətlə, sənəti olmayanda bu kimi nəticələrlə qarşılaşması normaldır. Meyxana sənət olmadığı üçün, bu işlə məşğul olan adamın eqosu formalaşmır, o özündən əmin deyil, kütlənin alqışına möhtacdır.

Bədahətən söz deyən adam üçün bu nə qədər çətin şeydir, özünüz düşünün. Meyxanaçı gərək ağzından çıxan hər bəndi yaxşı-yaxşı bişirdikdən sonra xiridar süfrəsinə qoysun. Təbii ki, bu onların borcudur. Bu qədər insanın başını aldadıb özünə inandırmısansa, cəfasını da çəkməyə hazır olmalısan. Axı onlar sənə inanmadıqları gün çörəyini, pulunu, maşınının benzinini, motorunun yağını itirəcəksən.

Düşünün, hansı özündən əmin sənətçi gördüyü işə görə kimdənsə üzr istəyər? Gəlin, Rəşad Dağlının yerinə Bob Marlini qoyaq (Yamayka ilə Yasamal arasında paralel aparmağa isə gərək yoxdur). Bob Marli Masallı toyunda “Xomeyni çaşıb qalıb, Behcəti naqruskadadır” desəydi, üzr istəyərdi? Məncə, yox. Çünki Bob Marlini Bob Marli edən şey sənin, mənim, heç rastafarilərin də alqışı deyil. Bob Marlini Bob Marli edən şey Bob Marlinin sənətidir.

Meyxana sənət deyil. Meyxana sənət deyil. Meyxana sənət deyil.

Meyxanaçı sənətçi deyil. Meyxanaçı sənətçi deyil. Meyxanaçı sənətçi deyil.

Mollalar

Bu gün Rəşad Dağlını gözümçıxdıya salan kütlənin formalaşmasında Rəşad Dağlı və onun timsalında bir çox meyxanaçının müstəsna xidmətləri var. Bu adamlar vaxtikən öz ağalarına toylarda, məclislərdə o qədər bəy tərifi vurdular ki, heç həmin ayətullahları tanımayan adamlara da onları tanıtdılar, təbliğ etdilər. Beləcə, onları iki-üç gündür tanıyan adamlar da iki-üç gündür tanıdığı ağalarına görə on beş-iyirmi ildir meyxana deyən Rəşad Dağlının üstünə cumublar.

 

Görün mollaların propaqandası necə güclü işləyir ki, öz dostluqlarında sadiq olan, yoldaşıyla birlikdə ölümə belə gedən azərbaycanlılar başqa ideologiyanın, başqa siyasi xəttin liderini bütləşdirib özlərindən olana, öz sevimli meyxanaçılarına üzr istətdirirlər.

Yuxarıda dediyimiz kimi, bu “başına oyun açmaq” məsələsində meyxanaçıların müstəsna xidmətləri var. Onlar bilərəkdən, ya bilməyərəkdən özgə dəyirmanına su töküb, Füzuli, əruz, Kərbəla adı ilə dinləyicilərinin təhtəlşüuruna İran təbliğatını yeridiblər. Alqış, hörmət, şabaş qazanmaq xətrinə minlərlə insanın beynini zəhərləyib, onları zombiləşdiriblər.

Əlbəttə, bunu təkcə meyxanaçıların üstünə yıxmaq olmaz. Onlar sadəcə olaraq katalizator rolunu oynayıblar, çünki özləri də bu propaqandanın qurbanıdırlar. Balaca uşaq da bilir ki, bu təbliğatın nəticəsi heç də ürəkaçan olmayacaq. Sağda-solda dini şüarlar səsləndirən, qabağına çıxanı vurub-dağıdan, təhsilə, sənətə düşmən kəsilmiş bir nəslin formalaşmasının qarşısını almaq üçün dəridən-qabıqdan çıxsaq da azdır, bu yolda hər şeyimizdən keçməliyik.

Mənəviyyat

Azərbaycanlılar dini, siyasəti, mənəviyyatı, mədəniyyəti, hər şeyi bir-birinə qatıblar. Bu gün kriminal aləmdən, oğruluqdan, cinayətdən söz açan adam sabah kiminsə dini duyğuları ilə oynayanda onu sıxışdırırlar, ağızlarına gələni deyirlər. Bir soruşan da yoxdur ki, ay camaat, bu adam dünən kriminal aləmdən, oğruluqdan, cinayətdən danışırdı, biz niyə bu gün ondan dini mətn gözləyirik, xətrimizə dəyəndə əsəbiləşirik? Gözləyiriksə, bu açıq-aydın o demək deyilmi ki, özümüzü aldadırıq, riyakarıq?

Rəşad Dağlı mahiyyət etibarilə Xomeynidən təmiz, saf adamdır. Radikalların İmam (?) adlandırdıqları Xomeyninin bu fətvasına baxın:

“Daimi və yaxud qeyri daimi kəbinlə 9 yaşından öncə zövcə ilə cinsi əlaqədə olmaq caiz deyildir. Lakin digər faydalanmalar – şəhvətlə əl vurmaq, qucaqlamaq və ya təfxiz etməyin eybi yoxdur. Hətta südəmər olsa belə”.

(Təhrirul-vəsilə, cild 2, səh. 241, məsələ 12)

Düşünürəm ki, bu haqda uzun-uzadı fikir bildirməyə ehtiyac yoxdur. Papağınızı qabağınıza qoyub düşünün, pedofil, yazıçının ölümünə fətva verən (bax: Salman Rüşdi) bir “ayətullahın” uğrunda özünüzü ora-bura çırpmağa dəyərmi?

Nə meyxana, nə də molla rejimi, heç biri bizə fayda verməyəcək. İkisini də kəsib bir kənara tullasaq yeridir.

Biz sənətlə meyxananı, İslamla İranı ayıra bildiyimiz gün xoşbəxt olacağıq.

Meyxana sənət deyil. Meyxana sənət deyil. Meyxana sənət deyil.

Azərbaycan dünyəvi dövlətdir. Azərbaycan dünyəvi dövlətdir. Azərbaycan dünyəvi dövlətdir.

Mənbə: azerforum.com