Xalq yazıçısı Mehdi Hüseynin şəxsi mənşəli arxiv sənədləri Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilib

Xalq yazıçısı Mehdi Hüseynin şəxsi mənşəli arxiv sənədləri daimi mühafizə məqsədilə Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilib.

Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, 2110 sənəddən ibarət olan arxiv Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində müvafiq qaydaların tələbinə uyğun olaraq qəbul edilərək arxiv qaydalarına uyğun işlənilib. 355 saxlama vahidindən ibarət fondun sənədləri 1926-2009-cu illəri əhatə edir. Sənədlərin əsasını müəllifin əlyazmaları (roman və dramlar, pyes və povestlər, ssenari və kinodramlar, hekayələr, məqalələr, xatirələr, məktublar və s.), tərcümeyi-hal və digər təsviri sənədlər təşkil edir.

Təhvil verilmiş sənədlərdən müəllifin “Səhər”, “Qara daşlar” və s. romanlarının əski əlifba ilə olan əlyazmaları, “Səhər” ədəbi ssenarisi, “Fətəli xan” kinodramı və s. ssenariləri, kiçik və böyük həcmli hekayələri, eləcə də klassik və müasir ədəbiyyatın mühüm problemlərinə dair elmi-nəzəri məqalələri diqqəti cəlb edir.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Nazir: "Məktəb direktorlarının 58%-nin əməkhaqqında artım var"

SONRAKI XƏBƏR

Pensiya yaşına çatmadan ölənlərin vəsaitinin ailə üzvlərinə verilməsi təklif olunub