İmişlidə “Qızıl gülə batasan” qısametrajlı filmi təqdim edilib

İmişlidə “Qızıl gülə batasan” qısametrajlı filmi təqdim edilib<span class="qirmizi"></span>

 

İmişli, 26 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

İmişlidə narkomaniyaya qarşı mübarizənin təbliği ilə bağlı maarifləndirici görüş keçirilib. Tədbir zamanı, həmçinin narkomaniyanın törətdiyi bəlaların əks olunduğu film nümayiş etdirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir “Qayıdış” İctimai Birliyinin təşəbbüsü ilə İmişli şəhər 7 nömrəli orta məktəbdə gerçəkləşib. Tədbirdə İctimai Birliyin, İmişli Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Təhsil sektorunun, rayon Mərkəzi xəstəxananın nümayəndələri, şagird və müəllim kollektivi iştirak edib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi sükutla anılıb. Çıxış edənlər narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə nəzərdə tutulan tədbirlərdən danışıblar. Narkomaniya ilə mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətlərini müəyyən edən qanun və Dövlət proqramlarının İmişlidə də uğurla həyata keçirildiyi bildirilib. Narkomanlığın ictimai bəla olaraq cəmiyyətə vurduğu ziyandan danışılıb, eləcə də bu bəla ilə mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi, yeniyetmə və gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə edilməsi üçün mütəmadi kütləvi tədbirlərin təşkil edildiyi diqqətə çatdırılıb.

Filmin ssenari müəllifi Xaqani Əliyev çıxışında bildirib ki, film narkotiklǝrǝ aludə olmuş gənc ananın keçirdiyi iztirablardan, öz həyatına qəsd etməsindən və xeyirxah insanlar tərəfindən xilas olunmasından bəhs edir.

Filmin layihə rəhbəri Hasil Tağıyev deyib ki, film fəlakətə düçar olan insanlara əzablarla dolu, sonu faciəvi ölüm olan bu yol ilə getməməyə çağırış edir.

Sonra rejissoru Namiq Ağayev olan və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qayıdış" İctimai Birliyinin layihəsi əsasında çəkilən "Qızıl gülə batasan" adlı qısametrajlı film nümayişi olunub.

 

Mənbə: azertag.az