“Çox sevinirəm ki, səhnəyə qalib məmləkətin Natəvanı kimi çıxacağam...”-FOTOLAR

“Çox sevinirəm ki, səhnəyə qalib məmləkətin Natəvanı kimi çıxacağam...”-FOTOLAR<span class="qirmizi"></span>

Cənab prezident İlham Əliyevin 2022 ci il “Şuşa ili” ilə bağlı olaraq imzaladığı sərəncamlardan biri də Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi idi. Mədəniyyət Nazirliyinin sifarişi ilə Akademik Milli Dram Teatrında “Xurşidbanu Natəvan” tamaşasının hazırlıq prossesi gedir. Səhnə əsərində Natəvan obrazını teatrın aparıcı aktrisası, xalq artisti Məleykə Əsədova oynayır. Teatr səhnəsində hər zaman ağır çəkili, tarixi və klassik qadın obrazlarını yaradan, onları xalqa sevdirən sənətkar, xalq artisti Məleykə Əsədovanın bu obraz üçün seçilməsi heç də təsadüfi deyil. Şeir və qəzəl söyləmək insandan düzgün və səlis danışıq qabiliyyəti, nitq, xüsusi intonasiya tələb edir. Şairliyi dillərdə əzbər olan Natəvanın qəzəllərini məhz Məleykə Əsədovanın ifasında eşidəcəksiniz.

Moderator.az-a özəl açıqlama verən xalq artisti Məleykə Əsədova Natəvan obrazının onun sənət yaradıcılığında xüsusi yeri olacağını bildirib.

““Xurşidbanu Natəvan” Akademik Milli Dram Teatrının səhnəsində yeni və çox fərqli quruluşda təqdim olunacaq. Tamaşanın quruluşcu rejissoru, çox istedadlı və sevilən, çox sevdiyimiz xalq artisti Azərpaşa Nemətov, musiqisi isə xalq artisti Siyavuş Kəriminindir. Burada Azərpaşa Nemətovun imzası var. Özümü çox xoşbəxt aktrisa hesab edirəm ki, mən qalib məmləkətin Xurşidbanusu kimi səhnəyə çıxacağam. Bilirsiniz ki, bu il həm “Şuşa ili”, həm də Xurşidbanu Natəvanın 190 illik yubileyidir. Dekabrın 9-u, 10-u və 11-də tamaşanın premyerası baş tutacaq. “Güllələnmiş heykəllər” televiziya tamaşasında da illər öncə Natəvan obrazını mən oynamışdım. Təbii ki, teatr səhnəsi çətindir, teatr məktəbdir, canlı sənətdir. Ən əsası odur ki, tamaşanın mövzusu bu günümüzlə səsləşəcək. Natəvanın həyatını, fəaliyyətini dərindən öyrənmişəm. Hamı bilir ki, o çox mərd, vətənini sevən, xeyriyyəçi şairə olub. Onun mərdliyi, torpağına sevgisi, xeyriyyəçiliyi hamı üçün nümunədir. Mən istəmirəm ki, tamaşa haqda öncədən çox danışım. Gəlib baxarsınız. Mənim üçün tamaşaçı fikri çox- çox önəmlidir” deyə aktrisa bildirib.

 

Məleykə Əsədova teatr səhnəsində hər zaman fərqli obrazlarla tamaşaçı qarşısına çıxdığını vurğulayıb.

“Fevral ayında 34 il olacaq ki, mən Akademik Milli Dram Teatrının səhnəsində fasiləsiz çalışıram. Oynadığım obrazların 90 faizini klassik rollar təşkil edib. Bu obrazları oynamaq çox çətin və məsuliyyətlidir, bunun üçün böyük istedad lazımdır. Allahıma hər zaman şükür və təşəkkür edirəm ki, o məni bu istedadla dünyaya gətirib. Ona görə də sevinirəm ki, oynadığım obrazlar hər zaman tamaşaçı tərəfindən sevilib, anşlaqla qarşılanıb. İllərlə oynadığım tamaşalara yenə də mənim ifamda baxmaq istəyirlər. Bunun üçün soruşurlar, maraqlanırlar, yazırlar. Mən onların sevgilərini, alqışlarını hiss edirəm, gül-çiçəklərini görürəm. Hələ ki, arzularım var, yenə də obrazlar yaradacağam” deyə xalq artisti bildirib.

Mənbə: moderator.az