“Atam Qarabağ müharibəsində şəhid oldu, yoldaşımı da xərçəngdən itirdim...” - FOTOLAR

“Atam Qarabağ müharibəsində şəhid oldu, yoldaşımı da xərçəngdən itirdim...” - FOTOLAR<span class="qirmizi"></span>

Xalq artisti Eldəniz Zeynalovun gəlini İradə Zeynalova Moderator.az-ın suallarını cavablandırıb.

- İradə xanım, siz böyük sənətkarımız Eldəniz Zeynalovun gəlinisiniz. Həyat yoldaşınız bir il bundan əvvəl dünyasını dəyişib. Bilirəm ki, sosial və maddi vəziyyətiniz heç də ürəkaçan deyildi. Bu gün necə yaşayırsınız?

- Bəli, bu ay 1 il olacaq ki, həyat yoldaşım Məmməd yanımızda deyil. Bu günə qədər onun yoxluğuna inanmıram. Oğlum, balaca Eldəniz atasız qalıb. Bu da məni çox incidir. Mən 10 yaşım olanda atamı itirmişəm. Atasız böyümək çox çətindir. Mən bunu gözəl bilirəm. Həmin acını oğlum da yaşayır. Sosial vəziyyətim hələki ürəkaçan deyil. Anamın yanında yaşayıram. Ayaqda durmağa çalışıram. İnanıram ki, Allah mənə kömək edəcək və ayağa qalxacam, oğlumu istədiyim kimi böyüdəcəm. Ona təhsil verəcəm ki, babası, atası kimi gözəl sənət sahibi olsun.

- Məndə olan məlumata görə siz özünüz də şəhid qızısınız...

- Bəli, mən 1-ci Qarabağ müharibəsi şəhidi Vəlixan Oruvocun qızıyam. Atam Əsgəran rayonunda şəhid olub. O vaxt 36 yaşı var idi.

- Məmmədlə necə tanış olmuşdunuz?

- Sosial şəbəkədə tanış olmuşduq. Bu da təsadüfən baş vermişdi. 2009-cü il idi. Heç bilmirdim ki, o məşhur aktyor Eldəniz Zeynalovun övladıdır. Sonradan bildim. Amma mən atasını uşaq yaşlarımdan tanıyırdım.

- Siz özünüz hansı peşənin sahibisiniz?

- Mənim sənətim olmasa da müxtəlif işlərdə çalışırdım. O vaxt hələ biz Məmmədlə evli deyildik. Tanınmış ailənin gəlini olmaq istəyirdim, bu mənim arzum, xəyalım idi. O da oldu. Bunu sonradan Məmmədə demişdim. O bilirdi ki, mən onu nəyəsə görə sevmirəm.

- Məmmədin bacı və qardaşı ilə münasibəti soyuq idi. Bu nəyə görə belə idi? Hətta həyat yoldaşınız xəstə olanda belə canlı efir vasitəsilə qardaşına zəng etdilər, çox soyuqqanlı danışdı.

- Mən bunu bilmirəm. Olan olub, keçən keçib. Məni indi sadəcə oğlum maraqlandırır.

- Kimlərdən dəstək görürsünüz? Kimlər sizi arayıb-axtarır?

- Qətiyyən heç kimdən. Kimsə bizimlə maraqlanmır. Məmməd demişdi ki, mən öləndən sonra sizinlə heç kim maraqlanmayacaq. Belə də oldu.

- Eldəniz atasının həyatda olmadığını bilir?

- Tez-tez atasını soruşur. 3 ay olar ki, ona atasının həyatda olmadığını demişəm. Amma yenə də atasını axtarır. Bütün xəstəxanalar Eldənizin yadındadır. Deyir ki, papa ordadır. 5 yaşı tamam oldu. Atasız çox darıxır. Eldəniz Məmməddən mənə yadigar qalan ən böyük təsəllidir. O mənə yaşamağa güc verir. Mənim hər şeyimdir, ən böyük xoşbəxtliyimdir.

- Məmmədin ailəsinə son vəsiyyəti nə olmuşdu?

- Məmməd öləcəyini bilirdi. O həm xərçəng idi, həm dializ, həm də ürək çatışmazlığı var idi. Mənə dedi ki, İradə ölürəm, mən olmayandan sonra özünüzə diqqət edin, yaxşı baxın.

- Aktyor olmağını istərdiniz?

- Məmməd sağlığında həmişə deyirdi ki, oğlum aktyor olacaq. Amma mən onun cərrah olmağını istəyirəm. İstəyirəm ki, oğlum imkansızları təmənnasız əməliyyat etsin. Hətta atası ilə bu haqda danışırdılar. Eldəniz atasına deyirdi ki, həkim olub, səni özüm müalicə edəcəyəm.

- Aktyorluq sənətinin vəfasız sənət olduğunu bilib, övladınızı aktyor görmək istəmirsiniz?

- Mən bu sənəti çox sevirəm. Akyorluq sənəti gözəl sənətdir. Sadəcə dəyərli aktyorlara dəyər verməyənlərdən qorxuram.

- Bizim vasitəmizlə kimlərəsə müraciət etmək istərdinizmi?

- Məmmədin sağlığında bir neçə aidiyyatı qurumlara müraciət etsək də müraciətimiz cavabsız qaldı. Amma mən bu gün yenə də sizin vasitənizlə aidiyyatı qurumlara, ələxsus da sənətkarların birbaşa tabe olduğu Mədəniyyət nazirliyinə müraciət edirəm. Sənətkarın adını daşıyan nəvəsi böyüyür. Onun babasının adına, sənətinə layiq olmasını istəyirəm və bunun üçün onlardan dəstək gözləyirəm. İnanıram ki, onlar bizim ailəmizə kömək edəcəklər.

Mənbə: moderator.az