ADNSU-da Şuşanın 270 illiyinə həsr olunan bədii-sənədli film nümayiş olunub

ADNSU-da Şuşanın 270 illiyinə həsr olunan bədii-sənədli film nümayiş olunub<span class="qirmizi"></span>

Dekabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Cəmiyyətin və medianın inkişafı” İctimai Birliyinin (İB) Qeyri-hökumət təşkilatlarına dövlət agentliyinin dəstəyi ilə keçirlən “Şuşanı tanıyaq, tanıdaq” layihəsi çərçivəsində “Şuşanın 270 anı” bədii-sənədli filmin nümayişinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Vətən müharibəsində, o cümlədən torpaqlarımızın düşməndən azad olunması uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə əvvəlcə “Cəmiyyətin və medianın inkişafı” İB-nin “Şuşanı tanıyaq, tanıdaq” layihəsi çərçivəsində çəkilən “Şuşanın 270 anı” bədii-sənədli filmi nümayiş olunub.

“Cəmiyyətin və medianın inkişafı” İB-nin sədri, teleaparıcı Lalə Azərtaş ADNSU-da olmaqdan məmnun olduğunu bildirib və universitetin Vətən müharibəsində 23 şəhid məzununun olmasını ali təhsil ocağında vətənpərvərliyin bariz nümunəsi kimi dəyərləndirib. Şuşanın 270 illiyinə həsr olunan filmin ərsəyə gəlməsindən söz açan L.Azərtaş filmin nümayişinə dəstək verildiyi üçün universitet rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.

Şuşa ili çərçivəsində ölkəmizdə genişmiqyaslı işlər görüldüyünü deyən rektor, professor Mustafa Babanlı universitetdə də Şuşa ili çərçivəsində bir çox elmi konfranslar,tədbirlər, müsabiqələr keçirildiyini vurğulayıb. Azərbaycanın döyünən ürəyi- Şuşa şəhəri haqqında danışan rektor, professor M.Babanlı filmi yüksək qiymətləndirib və müharibə bitsə də, informasiya cəbhəsində mübarizənin davam etdiyini və belə filmlərin bu mübarizədə xüsusi rolu olduğunu deyib və universitetdə filmin təbliğatına dəstək veriləcəyini qeyd edib.

 

Mənbə: moderator.az