Xaç suyuna salınan azərbaycanlı aktyor danışdı - FOTO

Xaç suyuna salınan azərbaycanlı aktyor danışdı - FOTO<span class="qirmizi"></span>

"Yekəxanalıq kimi çıxmasın, amma çıxa da bilər... "Şeyx Sənan"dan bir səhnədir. Gördüyünüz bu kadr nəinki Azərbaycan serial tarixində, eyni zamanda kino tarixində də bir ilkdir. Bizdə "xaç suyuna girmək" , yəni "vəftiz" səhnəsi mənim yadıma gəlmir. Görən varsa, əksini iddia edə bilər. Üstəlik, bu, səhnə xatirinə qurulan ain deyildi, real vəftiz idi".

Publika.az xəbər verir ki, bu sözləri Hüseyn Cavidin “Şeyx Sənan” əsəri əsasında səhnələşdirilən serialda baş rolu ifa edən aktyor Sənan Əlləz deyib. Aktyor qeyd edib ki, çəkiliş qrupu və aktyor yoldaşları bu hadisəyə şahid olublar.

"Udi-alban kilsəsində real xaç suyuna girib, duaların sədaları altında bu səhnəyə çəkilmişəm. Mən bu səhnənin çəkilişdən sonra özümdə həm İslamın, həm Xristianlığın təsirini daşıyıram. Onsuz da bütün dinlər mənim üçün doğma və dəyərlidir. Xəyyam Abdullazadə, həm də Elçin Elxanlı, mənə etimad göstərdiyiniz üçün təşəkkür edirəm. Yaşamaq gözəldir".

 

Məlumat üçün bildirək ki, ekran işinin rejissorları Elçin Elxanlı və Xayyam Abdullazadə, prodüseri Elməddin Əliyev, quruluşçu operator isə Elman Əliyevdir. Dahi dramaturqun 1914-cü ildə qələmə aldığı əsərin müasir versiyasının ssenarisini Xəyyam Abdullazadə yazıb. Çəkilişlər 50 gün davam edib.

 

Hüseyn Cavidin yazdığı “Şeyx Sənan” mənzum dramı müsəlman şeyxi Sənan və xristian gürcü qızı Xumar (Tamar) arasındakı sevgidən bəhs edir. Şeyx Sәnan böyük şəxsiyyət kimi sayılır, seçilir, müəyyən bir kütləyə rəhbərlik edərək Kəbəyə yola düşür, məqsəd İslamı ayaqda saxlamaqdır. Eyni zamanda qadından qorxan Sənan, hər bir şərin səbəbini qadında görür. Səbəb isə qadın qarşısında acizliyidir.

Sonra o, Tiflisdə yuxusunda gördüyü gürcü qızı Xumara rast gəlir. Məhz Xumara görə dinindən, əqidəsindən, məqsədindən, yoldaşlarından üz döndərir. Xumar isə Sənana görə ölüm ayağında anasına verdiyi andı pozur. O, söz vermişdi ki, ərə getməyəcək, monastra yerləşəcək. Filmdə əsas hadisələr bundan sonra cərayan edir...

Mənbə: publika.az