Bir dəqiqədə 1500 söz, bir saatda 240 səhifəlik kitab – xaçmazlı məktəblinin qeyri-adi bacarığı FOTO

Bir dəqiqədə 1500 söz, bir saatda 240 səhifəlik kitab – xaçmazlı məktəblinin qeyri-adi bacarığı FOTO<span class="qirmizi"></span>

 

Xaçmaz, 8 dekabr, Elxan Yusifli, AZƏRTAC

On iki yaşlı Ayan Əliməmmədovanın bir dəqiqədə orta hesabla 1500 söz oxumaq bacarığı var. Balaca istedad bir səhifəni 15 saniyəyə, 240 səhifəlik kitabı isə cəmi bir saata tam oxuyub başa çatdırır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ayan Xaçmaz rayon Əlfəddin Rüstəmov adına Sərkərli kənd ümumi orta məktəbinin VI sinif şagirdidir.

Yeddi yaşı olanda Ayanın sürətli oxu bacarığı üzə çıxıb. Artıq beşinci sinifdə oxuyarkən balaca istedad bir dəqiqədə 300 söz oxuya bilirdi. Mütəmadi məşqlər sayəsində bir dəqiqədə oxunan sözlərin sayı 1500-ə çatıb.

Ayan bildirir ki, ətrafdakılara aydın olmasa da, o, oxuduğu mətnin məzmununu yadda saxlayır. Sonradan isə həmin mətni nəql edə bilir.

“İndi altıncı sinifdə təhsil alıram. Bir kitab vərəqini 15-20 saniyəyə oxuyuram. Oxuduqlarım yadımda qalır. Azərbaycan dili ilə yanaşı, ingilis dilində də sürətli oxuya bilirəm. Rus dilində də öyrənirəm. Böyüyəndə həkim olmaq, xəstə insanlara kömək etmək istəyirəm”, - deyə Ayan söyləyib.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəhla Musayeva bildirib ki, sürətli oxu xüsusi göz məşqləri və texnika tələb edir: “Biz proqrama başlayanda Ayan V sinifdə təhsil alırdı. Həmin vaxt dəqiqə ərzində 250-300 söz oxumağı bacarırdı. Sürətli oxu müasir dünyada ən çox yayılan tendensiyalardan biridir. Sürət əsri artıq ənənəvi mütaliəni qəbul etmir. Nə qədər paradoksal görünsə də, sürətli oxunan mətn, fasiləli oxunan mətndən daha yaxşı mənimsənilir. Müsbət tərəfi də ondan ibarətdir ki, şagird qısa zamanda daha çox oxumaq imkanı qazanır”.

Ayan Əliməmmədova bütün fənləri əla qiymətlərlə oxuyur. Müəllimləri onun yaradıcı istedada malik olduğunu bildirirlər.

Oxuma sürəti mətnin şriftinə və həcminə görə dəyişir. Böyük adamlar normalda bir dəqiqəyə 180-200 söz oxuya bilirlər.

Dünyada sürətli oxu üzrə müxtəlif rekordlar qeydə alınıb. Hələ 2016-cı ildə azərbaycanlı yeniyetmə Fatimə Zülfüqarlı bir dəqiqəyə orta hesabla 25 mindən çox söz oxumaq bacarığı ilə tanınmışdı. Türkiyədə yayımlanan verilişlərdən birində 12 yaşındakı Tarık Yiğit 1 dəqiqə ərzində 11 min 725 söz oxuya bilmişdi. Rusiyalı məktəbli Svetlana Arxipova isə dəqiqə ərzində 60 min işarəlik mətni oxumaqla rekorda imza atmışdı.

Mənbə: azertag.az