Aytən həkim xəstələrin hər biri ilə fərdi qaydada işləməyi bacarır

Aytən həkim xəstələrin hər biri ilə fərdi qaydada işləməyi bacarır<span class="qirmizi"></span>

“Nə qədər ki, insanların sağlamlığı keşiyindəyəm, müəllimimin dedikləri həmişə mənimlə olacaq”

Aytənin həkim olmaq arzusunun qarşısında heç kim “yaşıl işıq” yandırmayıb. Hətta ixtisasca mühəndis olan valideynləri də...

Amma ürəkdən gələn, dağ seli kimi kükrəyib daşan arzunun qarşısını kim ala bilər ki?

Mürsəlova Aytən Ayaz qızı 2009-cu ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə 623 bal toplayaraq qəbul olunub.

Onun həkimliyə gedən yolu bax beləcə başlanıb. Altı il sərasər auditoriya və kitabxanalara ayaq döymək, evə gələndən sonra gecənin bir aləminə qədər yuxusuz qalıb oxumaq, klinikalarda elmlə təcrübə arasında uyğunluq axtarmaq, həkim, alim və professorlardan mümkün qədər çox öyrənmək, sonra da dörd il rezidentura təhsili... Rezidenturada Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Tibb Universitetinin nevrologiya kafedrasının dosenti Dilarə Xəlilova ilə tanışlıqdan, onun təcrübə mübadiləsindən sonra sanki hər şey təzədən başladı.

“Dilarə xanımın dərsləri, rezidentlərdə nevrologiyaya qarşı yaratdığı maraq və məhəbbət mənim təbabətə olan həvəsimi birə-beş artırdı. Rezidentura müddətində xəstələrə onunla birlikdə baxır, kliniki vəziyyətini izləyir və müalicə edirdik. O, xəstələrə qarşı çox diqqətli idi və elə bir nəslə mənsub idi ki, keşmişlə müasirliyin vəhdətini yarada bilirdi. Hətta maqnit–rezonans və kompüter tamoqrafiyası olmadan, xəstəni lazımsız müayinələrə göndərmədən də ona dəqiq diaqnoz qoya və müalicə edə bilirdi. Özünün bu keyfiyyətlərini yetirmələrinə də aşılamağa çalışırdı”, - deyə Aytən xanım AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib.

O, dörd il refleksləri yoxlamaq üçün nevroloji çəkiclə xəstələri müayinə etməkdən tutmuş onun mövcud vəziyyətinin təhlilinə, diaqnoz qoymaqdan başlamış müalicələrin aparılmasına qədər ən kiçik detallara, ən xırda nüanslara göz qoydu. Bəlkə də incəliklərinə vardı desək, daha düzgün olar, çünki burda başqa cür də ola bilməz, söhbət insan həyatından gedir.

Gənc nevroloq əmək fəaliyyətinə başladığı illərə qayıdır: “Təyinatımı Bakı Şəhər Herontoloji Mərkəzə verəndə o qədər də xoş qarşılamadım, çünki stasionar şəraitdə işləməyə köklənmişdim. Mənə deyirdilər ki, ambulator şəraitdə xəstələrlə işləmək maraqsız olacaq. Lakin mərkəzə ayaq basdığım ilk gündən buradakı atmosfer, baş həkimdən tutmuş ən adi işçiyədək son dərəcə qayğıkeş münasibət mənim bütün fikirlərimi alt-üst etdi. İlk növbədə mərkəzdəki ab-hava mənim ürəyimcə oldu, burada hamının bir ailə kimi mehriban olduğunu gördüm. Açığını deyim ki, gənc olsam da, yaşlı xəstələrlə işləmək mənə daha rahatdır, onlarla daha tez dil tapıram. Yaşlı xəstələrdə həkimə daha isti və xoş münasibət olmaqla yanaşı, onlar da həkimin zəhmətini daha çox dəyərləndirir, onun məsləhətlərinə daha dəqiq əməl etməyə çalışırlar”.

Nevroloji xəstələrlə işləmək heç də asan deyil. Onların çox böyük əksəriyyətinin əsəb sistemində pozuntular olur, hətta demək olar ki, böyük qismi əslində psixoloji pozuntusu olan xəstələrdir. “Psixoloqa üz tutmalı xəstə sənə pənah gətiribsə, onu geri çevirməyəcəksən ki? Sənə ümid yeri kimi baxan xəstəni heç vaxt sındırmaq olmaz. Ona görə də həmin xəstələrin də problem və narahatlıqlarını çox diqqətlə öyrənməyə çalışır, mümkün qədər onların ağrılarını yüngülləşdirməyə çalışıram”, - deyə Aytən həkim söyləyir.

Görünür ki, elə üç ildən artıq müddətdə çalışan gənc həkimi xəstələrə sevdirən, ona ümid yeri kimi baxılmasına da bu keyfiyyətlər səbəb olub. Nevroloq Aytən Mürsəlova haqqında deyilənlər də bunu təsdiq edir.

Herontololoji Mərkəzin baş həkimi Məsmə Məcidova: “Aytən çox savadlı, daim öz üzərində çalışan, işinə son dərəcə məsuliyyətlə yanaşan həkimdir. Mərkəzdə işlədiyi üç il ərzində xəstələrin hörmət və etimadını qazanıb. Onların hər biri ilə fərdi qaydada işləməyi bacarır. Yaxşı ki, öz işinə qəlbən bağlı olan belə gənc həkimlər var”.

Mərkəzin həkim-nevroloqu Ayna Əsgərova: “Mən Aytənlə həm universitetdə, həm də rezidenturada bir yerdə oxumuşam. Tale elə gətirib ki, bir yerdə də işləyirik. O, nevroloq üçün lazım olan ən üstün keyfiyyətlərə sahibdir. Onun bir üstünlüyü də sevimli müəllimimiz Dilarə Xəlilovanın tələbələrinə aşıladıqlarını, öyrətdiklərini incəliklərinə qədər mənimsəməsi və tətbiq etmək bacarığıdır”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Afət Allahverdiyeva: “Üç il əvvəl insult keçirmişəm. Xəstəxanadan çıxandan sonra müalicəmi Herontoloji Mərkəzin həkim-nevroloqu Aytən Мürsəlova aparır. Gənc olmasına baxmayaraq, mən onun peşəkarlığına və insani keyfiyyətlərinə heyranam. O, daim mənimlə maraqlanır, mütəmadi olaraq vəziyyətimi izləyir, lazımı müalicə və proseduralar təyin edir. Hətta yay tətilində Qubada istirahət etdiyim zaman sağlamlıq durumumda narahatlıq hiss edən kimi ona zəng etdim. Həkim məni çox diqqətlə dinlədi, bir sıra suallar verdi, müalicə təyin etdi, tövsiyələrini verdi. O, hər gün mənimlə danışıb vəziyyətimlə maraqlanırdı, müalicədə lazımi dəyişikliklər edib, tövsiyələrini verirdi və qısa müddət ərzində sağlamlığımda yaranmış problemlər arxada qaldı. Kaş belə savadlı və humanist keyfiyyətlərə malik həkimlərimizin sayı çox olaydı...”.

Eyni xoş sözləri teatr işçisi Reyhan Axundova, pensiyaçı Gülzaman Hüseynli və digər xəstələrdən də eşitmək olar. Harada ki, peşəyə məhəbbət, insanlara sevgi, həyat eşqi var, orda razılıq da olacaq, uğur da...

“Mənə bu sənəti sevdirdiyinə görə sevimli və unudulmaz müəllimim Dilarə Xəlilovaya özümü çox borclu bilirəm. Biz onunla tez-tez görüşür, ən müxtəlif həyat və sağlamlıq məsələləri ilə əlaqədar söhbət edir, müzakirələr aparırdıq. Təəssüf ki, bir neçə gün əvvəl o, həyata əlvida dedi. Ötən ilin son günləri iş yerimə gəlib ad günümü təbrik etmişdi... Bu, onunla son görüşümüz oldu. Dilarə xanım həmişə mənim qəlbimdə yaşayacaq, onun məsləhət və tövsiyələri ən kritik məqamlarda köməyimə çatacaq. Nə qədər ki, ağ xalatdayam, nə qədər ki, insanların sağlamlığı keşiyindəyəm, onun dedikləri həmişə mənimlə olacaq”, - Aytən xanım deyir.

Çətin və nəcib bir sənətdə çox uğurlu addımlar atan həkim-nevroloq Aytən Mürsəlovanın peşəkar bir həkim olacağı heç kəsdə şübhə doğurmur. Onun uğurları bu sənəti öyrəndiyi müəllimlərini, iş yoldaşlarını, doğmalarını da sevindirir. Elə bir vaxtlar həkim olmaq arzusuna qarşı çıxan atası Ayaz müəllimi və anası Nəcibə xanımı da...

 

Mənbə: azertag.az