“21-ci əsrdir, hələ də bu mövzu müzakirə edilir, aktyor olan şəxs bu sözü deməz...”

“21-ci əsrdir, hələ də bu mövzu müzakirə edilir, aktyor olan şəxs bu sözü deməz...”<span class="qirmizi"></span>

“21-ci əsrdir, hələ də bu mövzu müzakirə edilir, aktyor olan şəxs bu sözü deməz...”

Tanınmış aktyor Fərda Xudaverdiyevin “Qadın geyimində atılıb düşməyə ehtiyac yoxdur” sözləri sənətçilər arasında heç də birmənalı qarşılanmayıb. Belə ki, aktyor Elcan Rəsulov onun bu sözlərinə “Bu sənin peşəndir, işindir, ən yaxşı şəkildə etməlisən” deyə cavab verib.

Moderator.az-a açıqlama verən əməkdar artist Nahidə Orucova da Fərdanın bu sözləri ilə razılaşmadığını bildirib.

“Aktyor olan insan heç vaxt bu sözü deməz. Aktyorun obrazı var, əgər o qadını oynamalıdırsa, niyə də qadın geyimi geyinib səhnəyə çıxmamalıdır ki?! Bizdə neçə tamaşa var ki, aktyorlarımız qadın geyimlərində səhnəyə çıxır. Çox gözəl də oynayırlar. Rafaellə Coşqun neçə illərdir qadın geyimində səhnəciklər göstərirlər, buna heç vaxt irad bildirə bilmərəm. Coşqun görün nə gözəl qadın obrazı yaradır, bəyəm həyatda o qadındır?! Coşqun gözəl insan, aktyor, ailə başçısı, hətta babadır. Mən onların geyimlərinə, saç düzümlərinə, aksesuarlarına valeh oluram. Hərdən özüm də zarafatca deyirəm ki, bu aksesuarı mənə verərsən (gülür). Heyiflər olsun ki, qadınlar kişi obrazı yarada bilmir. Böyük məmnuniyyətlə kişi obrazları oynayaram. Amma vermirlər” deyə aktrisa bildirib.

Əməkdar artist Dilarə Əliyeva bildirib ki, zaman-zaman tarixdə kişilər qadın obrazlarını böyük ustalıqla yaradıb.

“21-ci əsrdə belə bir mövzunun müzakirə obyekti olması məni hələ də təəccübləndirir. Qadın obrazı yaradan kişi aktyorlara çox normal baxıram. Əgər o kişi aktyor qadın obrazını bütün incəlikləri ilə tamaşaçıya çatdırmağı bacarırsa, bunun öhdəsindən yüksək peşəkarlıqla gəlirsə buna yalnız sənətkarlıq demək olar. Aktyor sənəti mürəkkəb, mücərrəd bir sənətdir. Bu çox çətindir, asan deyil. Bunu yüksək sənətkarlar, peşəkarlar bacararlar. Çox sevdiyimiz xarici ulduzlar var ki, qadın obrazlarını böyük peşəkarlıqla yaradıblar. Zamanında bizim aktyorlarımız hələ qadınlar səhnəyə çıxmayanda həmin obrazları ifa ediblər. Zaman-zaman buna ehtiyaclar yaranıb. Yaşar Nuri, Rafael Dadaşov boyda sənətkarımız qadın geyimində o xarakteri tamaşaçıya görün necə gözəl çatdırıblar?! İndiki zamanda da daha çox bu xarakterlərin öhdəsindən Rafael, Coşqun gəlir. Onlar sözün əsl mənasında qadını o qədər gözəl təsvir edirlər ki, baxıb gülməmək, gülüb düşünməmək belə mümkün deyil. Mən onları sadəcə ayaqda alqışlayıram” deyə sənətçi bildirib.

Mənbə: moderator.az