Qadağan olunmuş kitablar

Qadağan olunmuş kitablar<span class="qirmizi"></span>

Müxtəlif materiallarda və formalarda olan kitablar hər zaman nəsillər və əsrlər arasında körpü olmuş, həm ən dəyərli xəzinə kimi çıraqla axtarılmış, həm də ən qorxulu silah kimi məhv edilmişdir. Qədim kitabxanaların yandırılması, nadir əlyazmaların oğurlanması, sonrakı dövrlərdə siyasi ideyalarına və dini baxışlarına görə minlərlə kitabın senzuralara məruz qalması, hətta məhv edilməsi hamımıza məlumdur.
Bu məsələ müasir dövrümüzdə də davam etməkdədir. Dünyanın müxtəlif ölkələrində müxtəlif dövrlərdə təbliğ etdiyi dini baxışına, siyasi görüşünə, üslubuna, ideyasına, dilinə və s. görə oxunması, satılması, yayılması qadağan olunan kitablar olmuşdur və hələ də var. Maraqlıdır ki, qadağan olunan məhz bu kitablar zaman keçdikcə həmin ölkələrdə ən çox oxunan kitablara çevrilmişdir. Qadağan olunmuş kitablardan ən maraqlılarını sizə təqdim edirəm.

1. "Çovdarlıqda uçurumdan qoruyan"
1951-ci ildə ABŞ yazıçısı Cerom Selincer tərəfindən yazılmış "Çovdarlıqda uçurumdan qoruyan" əsərində müasir Amerika həyatı 16 yaşlı məktəbli Holdenin dili ilə təsvir olunmuşdur. Holden insanlar arasındakı gündəlik ünsiyyəti yersiz, ikiüzlülük hesab edən, dinin yaratdığı qəlibləri sevməyən, vulqar sözlərdən istifadə edən, adamayovuşmaz, necə deyərlər, əsl "pis oğlandır". O, oxuduğu məktəbdən qaçaraq küçələri gəzir, pis vərdişlərin hamısının dadına baxır. Əsər yeni yayılmağa başlayanda Amerikada çox valideynlər övladlarına bu kitabı oxutdururdular ki, Holdenin etdiklərini təkrat etməsinlər, nümunəvi övlad, şagird olsunlar. Lakin tam tərsi baş verir, Holden kimilərin sayı artmağa başlayır. Beləliklə, XX əsrin ikinci yarısında Amerikanın müasir vəziyyəti bir növ mənfi istiqamətdə formalaşmağa başlayır. Əsərin təsir qüvvəsi o qədər güclü olur ki, onu oxuyan bir çox gənc ipə-sapa yatmır, pis vərdişlərə yiyələnir, cinayətə meyillənir və s. Bundan sonra bir çox qatı cinayətkarın stolüstü kitabına çevrilən əsər Amerikada qadağan olunur. Bütün qadağalara baxmayaraq "Çovdarlıqda uçurumdan qoruyan" ən çox oxunan kitab olmaqda davam edir. Bu cür açıqfikirliliyinə görə Selincerə qarşı yaranan ifrat maraq isə onun öz qınına çəkilməsinə, mediadan, sivil cəmiyyətdən uzaq bir həyat yaşamasına səbəb olur.

2. "1984"
Corc Oruellin "1984" əsəri çap olunduğu gündən ən çox səs-küyə səbəb olan əsərlərdəndir. 65 dildə tərcümə olunan roman XX əsr dünya ədəbiyyatı tarixində "100 ən yaxşı kitab" sırasında yerini illərdir qorumaqdadır. Müəllifin İngiltərədə təcridxanada olduğu illərdə yazdığı əsərdə hadisələr, əslində, 1984-cü ildə deyil, 1948-ci ildə cərəyan edir. Əsərdə az obraz, ancaq çox gizli mesaj, şüar, ideya və işarə var. Kommunist ideyalarının tənqidi, ələ salınması, şəxsiyyətə pərəstişin şişirdilərək pislənməsi və s. məsələlərə görə əsər çap olunandan bir il sonra SSRİ-də qadağan olunmuşdur (müəllifin "Heyvanıstan" əsərinin də aqibəti eyni olmuşdur). Maraqlıdır ki, "1984" SSRİ-dən fərqli olaraq İngiltərə və Amerikada kommunist ideyalarının təbliğinə görə qadağan edilmişdir. Əsərin işıq üzü görməsindən 7 ay sonra vəfat edən Corc Oruell "1984"-ün gətirdiyi şöhrəti görə bilməmişdir.

3. "Bülbülü öldürmək"
Harper Linin 1960-cı ildə Pulitzer mükafatına layiq görülmüş "Bülbülü öldürmək" əsəri də vətənində böyük səs-küyə səbəb olmuşdur. Müəllifin uşaqlıq illərində şahidi olduğu hadisələr əsasında yazdığı roman 6 yaşlı Luis Finç adlı qızcığazın dilindən nəql edilir. Əsərdə uşaqlıq şıltaqlıqlarının fonunda çox ciddi məsələlərə toxunulur. İrqçilik, vicdan, sosial bərabərlik, dinə fərqli baxış əsərin onurğa sütunudur. Ölkə tarixində ilk dəfə qaradərili birinin hüquqları müdafiə olunur. İftiraya məruz qalan şəxs qaradərili olmaqla yanaşı həm də aşağı təbəqəli muzdlu işçidir. Attikus Finç canı bahasına müdafiə etdiyi müvəkkilini qoruyur, başından bəri uduzacağını bildiyi döyüşdə var gücü ilə vuruşur. Acı nəticəni dəyişə bilməyən hüquqçu Finç obrazı o dövrkü Amerika reallıqlarını dəyişə bilmir.
"Bülbülü öldürmək" əsəri çap olunduğu gündən ən çox oxunanlar siyahısında lider olmuş, Amerika klassikasına çevrilmişdir. Bununla belə, valideynlərin şikayətlərinə əsasən Amerikadakı bir çox əyalətdə kitabın məktəblilər tərəfindən oxunması qadağan edilmişdir. Belə ki, valideynlər haqlı olaraq övladlarını romanda əksini tapan irqçilik məsələsindən uzaq tutmağa çalışmışlar. Əsərin yaratdığı qalmaqallar müəllifin həyatına da təsirsiz ötüşməmişdir. Həyatının son illəri istisna olmaqla əsəri və həyatı haqqında müsahibə verməkdən imtina etmiş və cəmiyyətin suallarını cavabsız qoyaraq, Selincer kimi o da öz qınına çəkilməyi üstün tutmuşdur. Qadağalara baxmayaraq 2006-cı ildə ingilis kitabxanaları əsəri "Ölmədən əvvəl hər bir şəxsin oxumalı olduğu kitab" adlandırmış, hətta Bibliyadan əvvəl sıralamışdır.

4. "Alisa möcüzələr ölkəsində"
Luis Kerroll tərəfindən 1864-cü ildə yazılmış fantastik roman dünya uşaq ədəbiyyatının ən çox oxunan nümunələrindəndir. Bu kitabın qadağan olunma səbəbi bir az fərqlidir. Belə ki, əsər heyvanlara həddindən artıq insan xüsusiyyətləri verilməsi və gələcəkdə uşaqların insanla heyvana eyni münasibəti göstərməsi ilə əlaqədar Çində qadağan olunmuş və eyni səbəblə ABŞ-da məktəb kitabxanalarından çıxarılmışdır.
Yuxarıda adları çəkilən əsərlər müxtəlif dövrlərdə qadağan olunsa da, sevilərək oxunan dünya ədəbiyyatı incilərindəndir. Müstəqil Azərbaycanda isə indiyədək heç bir kitab qadağan olunmamışdır. Təkcə təbliğ etdiyi zərərli fikirlərə görə dünyanın bir çox ölkələrində qadağan olunan Adolf Hitlerin "Mənim mübarizəm" əsərindən başqa. Ona görə də, bu kitab dilimizə nə tərcümə edilmiş, nə də çap olunmuşdur...

Fraza jurnalı,
Tükəzban Məmmədli

Mənbə: www.yeniavaz.com