Müşfiq Hətəmov “Space”dən getdi - Yeni rəhbər o oldu

Müşfiq Hətəmov “Space”dən getdi - <span class="qirmizi">Yeni rəhbər o oldu</span>

"Space" televiziyasında rəhbər dəyişikliyi olub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, televiziyanın baş direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov başqa işə keçməsi ilə əlaqədar "Parni iz Baku” KVN komandasının keçmiş üzvü, ATV və "Lider" telekanallarında müxtəlif vəzifələrdə çalışan Vado Karovinlə əvəz olunub.

Müşfiq Hətəmov 2021-ci ilin may ayında "Space" TV-yə rəhbər təyin olunmuşdu. O, krizis-menecer kimi "Space" TV-ni düşdüyü çətin vəziyyət çıxarmış, kadr və maliyyə problemlərini həll etmiş, reytinqli, uğurlu informasiya siyasəti formalaşdırmışdı.

Qeyd edək ki, Müşfiq Hətəmov 8 il “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik edib. Həmin illərdə 120-ə yaxın gənc “Azərbaycanfilm” kinostudiyasında sınaqdan keçirilib, onların içindən rejissorlar, operatorlar, işıqçılar, rəssamlar, səs rejissorları və sair yetişib. Müşfiq Hətəmovun təşəbbüsü ilə müasir Azərbaycan kinosunda yeni bir mərhələnin başlanğıcı üçün “Kinematoqrafiya haqqında qanun” hazırlanaraq Milli Məclisə təqdim edilib.

Əgər 2011-ci ilə qədər Azərbaycan filmlərinin çəkiliş prosesində daha çox İran, Rusiya və Türkiyə mütəxəssislərinə yer verilirdisə, 2012-ci ildən sonra istehsalata buraxılan ekran əsərlərinin mütləq çoxluğunu yerli mütəxəssislər təşkil edib. Bu müddətdə Azərbaycan kinosu beynəlxalq arenada uğurla təmsil olunub, 154 festivalda 81 mükafat qazanıb.

Ümumiyyətlə, bu dövrdə 20 tammetrajlı bədii, 17 qısametrajlı bədii, 13 sənədli olmaqla 50 film çəkilib. Müşfiq Hətəmov “Nabat”, “Dolu”, “Nar bağı”, “Yarımçıq xatirələr”, “Qisas almadan ölmə”, “Qırmızı bağ”, “Axınla aşağı”, “Üçüncü günün adamı” və s. filmlərin prodüseridir.

Mənbə: teleqraf.com