Nazir təyin olunsun, sonra... - Ekspert Şurasının sədri Elxan Cəfərov

Nazir təyin olunsun, sonra... - Ekspert Şurasının sədri Elxan Cəfərov<span class="qirmizi"></span>

 

Əməkdar incəsənət xadimi, rejissor Elxan Cəfərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Elxan bəy, “Azərbaycanfilm” kinostudiyasının təşəbbüsü ilə yaradılmış Ekspert Şurasının sədri təyin olundunuz. Ötən il şuranın sədri Ayaz Salayev idi. Öncə təbrik edirik. Sizin rəhbərliyinizlə fəaliyyət göstərəcək Ekspert Şurasının fəaliyyəti də bir il olacaq?

- Bəli, bir il fəaliyyət göstərəcək. Biz “Start 2023” film layihəsi müsabiqəsinə təqdim olunan işləri dəyərləndirəcəyik. Keçirilmiş müsabiqələrdən azca fərqi layihə müsabiqəsi olmasıdır. Ssenarilər təsdiq olunduqdan sonra onu təqdim edən şirkət, çəkəcək rejissor, büdcə - bütün bunlar da dəyərləndiriləcək.

Çox sevinirəm ki, belə təşəbbüslər var. Özü də bu, debüt işlərin müsabiqəsidir. Gənclərlə birbaşa ünsiyyət yaratmaq kinonu populyarlaşdırmaq istiqamətində çox dəyərli təşəbbüsdür.

- “Azərbaycanfilm”in istehsalçı qurum olması, eyni zamanda da Ekspert Şurasında prodüser, rejissor, ssenaristlərin mövcudluğunu nəzərə alsaq, soruşmaq istəyirəm. Qalib layihənin istehsalat prosesində Şuranın hər hansı fəaliyyəti nəzərdə tutulurmu?

- Şura yalnız istiqamətləndirə bilər. Eyni zamanda elə layihələr ola bilər ki, onlara texniki, müəyyən maliyyə dəstəyi, yaxud ssenarinin inkişafına yönəlik dəstək göstərmək mümkün ola bilər. Kiminsə ssenarisi var, amma kiminsə layihəsi daha mükəmməl ola bilər.

İstehsalat istiqamətini təyin etmək, layihələrin üzərində daha yaxşı işləmək baxımından, həm də dediyiniz kimi kinostudiya bilavasitə istehsalat məkanı olduğu üçün şura üzvləri bu prosesdə də öz bilik və təcrübələrini bölüşəcək.

- İlk toplantınız olubmu?

- Bəli, bu gün ilk toplantımız idi. İşgüzar mühitdə söhbət etdik, işimizi mərhələli bölüşdürdük. İlkin mərhələdə biz ssenariləri oxuyacağıq. İkinci mərhələdə bütünlüklə layihələrlə tanış olacağıq. Üçüncü, son mərhələdə qaliblər təyin olunacaq.

- İşiniz daha çox gənclərin layihələrini dəyərləndirməyə yönələcək. Bugünki Azərbaycan kinosunda gənclərin fəaliyyəti ürəkaçandırmı?

- Nərmin, mən məsələnin bu cür qoyuluşu ilə razı deyiləm. Hər hansı proses gedəndə onun ürəkaçan və ürəkaçmayan tərəfləri mütləq formada olmalıdır. Bu, bir yoldur. Bu o demək deyil ki, kimsə sənin qarşında yol açacaq və deyəcək ki, bu düz yoldur və bununla getmək lazımdır. Hər hansı düzgün seçimli yolun da qarşısında maneələr, səhvlər, enişlər, yoxuşlar olur. O səhvlərdən nəticələr çıxarılır, yenidən irəliyə doğru addım atılır.

Gənclər haqda deyəndə, sevinirəm ki, kino gənclərin kütləvi maraq dairəsinə daxil olub. Bunun üçün İctimai Televiziyanın yayımladığı serialları misal çəkim. O seriallar böyük tamaşaçı kütləsi ilə yaradıcı insan, qrup arasında doğulan münasibətlərin tənzimlənməsində mühüm rol oynadı. “Azərbaycanfilm” olaraq böyük layihələr həyata keçirməyə çalışırıq. Bunlar hamısı bir yoldur.

Gənclərin marağı daha genişdir. Onlar daha aktivdir, daha intensivdir. Bu çox gözəldir. Hər hansı sahənin inkişaf etməsi üçün ora durmadan gəncliyin axınını təmin etmək lazımdır.

Biz yolun yolçusuyuq. Bu günkü kino istehsalat sisteminin elə biz böyüklər üçün də kifayət qədər çətinlikləri var. Gənclərin cəlb olunması üçün axı böyüklər üçün də müəyyən pozisiyalar təyin olunmalıdır. Bunun üçün çox vacib nüansdır ki, mədəniyyət naziri təsdiq olunsun, Kino Agentliyi fəaliyyətə başlasın. Bunlar hamısı plan və hüquqi müstəvidə həll olunan məsələlərdir.

- İctimai Televiziyanın adını çəkdiniz, onlar öz sferasında dəstək göstərirlər. Amma ümumilikdə kinoya dəstək verən şirkətlər, qurumlar azdır. Dəstək verənlərin və qarşılığında ortaya iş qoyanların adekvat cavabını necə qiymətləndirirsiniz?

- Geniş ictimai əlaqələrə böyük ehtiyac var. Və bu proses gedir. Bu prosesin gedişatında televiziyalarımız özlüyündə həm istehsalat şəbəkəsi, həm də yayım şəbəkəsinə çevriləcək. Və onlar istehsalat qruplarına sifarişlər verirlər. Əsas odur ki, onu istehsal edən gənclər, yaxud peşəkarlar həmin iş prosesində formalaşırlar.

Çox istəyirəm ki, dövlət kino sturukturuna televiziya strukturunda inkişaf etmiş rejissorlarımız, operatorlarımız cəlb olunsunlar. Onlara şans verilsin. Debüt işlər görsünlər.

Kinonun maliyyəsi bir qədər daha yüksək olur, öhdəçiliyi də daha çox olur.

- Gənclərin işlərini izləyirsinizmi?

- İmkan dairəsində izləyirəm.

- Son zamanlar sizi sevindirən hansı adlar və ekran əsərləri var?

- İndi ad çəkmək istəmirəm. Mənim üçün gənclik tendensiya, toplum formasındadır. O gəncliyin içərisində mənim övladlarım da var. Hərçənd onlar kino ilə məşğul deyillər. Amma gəncliyin marağı toplum formasındadır. Bu gün gənc bildiyim adamların 40-45 yaşları var. Onları da gənc adlandırmaq olmaz. Amma onlardan da gənclər var. Və hər bir cəmiyyətdə olduğu kimi istedadlar həmişə var və olacaq.

- Ad çəkməsəniz belə yəqin ki, o adları özünüz üçün müəyyənləşdirmisiz...

- Bu və yaxud digər formada bəli. Ad çəkəndə kimisə yadımdan çıxara bilərəm. Bu, düzgün deyil. İctimai Televiziyada Emil Quliyevin işlərini çox yüksək qiymətləndirirəm. Ümid edirəm ki, ona gələcəkdə dövlət sifarişi ilə bədii film təklif olunacaq. Ümumən çox adamın adını çəkə bilərəm. Emilin adını ona görə çəkdim ki, bu yaxınlarda dəyərli işlər təqdim etdi və tamaşaçılar tərəfindən də çox bəyənildi.

- Elxan bəy, 20 yanvarda sizin müəllifi olduğunuz “20 Yanvarda doğulanlar” adlı sənədli-bədii filminiz təqdim olundu. Amma bildiyim qədər işə başlayanda bu, bədii film olaraq düşünülmüşdü. Bu keçidin səbəbi nə idi?

- Biz bu filmi 2019-cu ildə bədii film olaraq başlamışdıq. Altı ay hazırlıq prosesi oldu. On gün çəkiliş etdik. Daha sonra pandemiya başladı, dünyada və bizim ölkəmizdə karantin elan olundu. O baxımdan biz də layihəni saxlamağa məhkum olduk. Biz deyəndə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyini nəzərdə tuturam. Daha sonra müharibə başladı, qələbə qazandıq, qurumda struktur dəyişikliyi oldu və sonda sifarişçinin təşəbbüsü və bizim də razılığımızla filmi bədii-sənədli formada yekunlaşdırmağı qərara aldıq. Çəkilən kadrlardan bəzilərini filmdə istifadə edə bilmişik. O biriləri isə böyük filmə aid idi.

Gələcəkdə yenidən bədii film çəkmək düşüncələri olsa, əlbəttə, bizim çəkdiyimiz 20 Yanvar materiallarından müəyyən mənada istifadə oluna bilər. Amma birbaşa 20 Yanvarla bağlı olan layihəni yekunlaşmış sayıram.

Xəzər Dəniz Gəmiçiliyi ilə əməkdaşlığın ən böyük dəyəri qeyri-kino sektorunun kino sektoruna verəcəyi töhfədir.

Əlbəttə, neftçilərimiz, dəmiryolçularımız, nazirliklərimiz özü, tarixi haqqında kinematoqrafik film çəkmək istəyərlərsə gözəl təşəbbüs olar. Bu kinoya da dəstəkdir.

Mənbə: teleqraf.com