Müğənnilərdən jurnalistika dərsi – Bunu da gördük

Müğənnilərdən jurnalistika dərsi – Bunu da gördük<span class="qirmizi"></span>

Jurnalist, sual və cavab... Bu üç məsələ bizim ölkəmizdə hələ də normal qarşılanmır. Elə Rövşanə Ağasəfqızının televiziyada yaşadığı qalmaqaldan aydın görünür. Məsələyə tanınmışlar da münasibət bildirdilər və qalmaqal uzanacaq kimi görünür. Hamı Rövşanə Ağasəfqızının üzərinə yeriyir ki, siz niyə belə sual verirsiniz? Belə bir vəziyyət yarandığı halda, başqa zaman dünya mediasını yerli jurnalistika ilə müqayisə edənlər niyə söhbətə girişib, heç anlaşılmır? Yarışmı gedir?

Əziz şou-biznes və incəsənətlə məşğul olan insanlar, sözüm sizlərədir. Nə vaxt qədər jurnalistin sual verməsinə fövqəltəbii hərəkət kimi baxacaqsınız? Müğənniyə demək olarmı ki, belə oxuma, bunu ifa etmə? Və yaxud başqa bir sahənin adamının işinə müdaxilə etməkdə azadsınız? Bizim də işimiz budur. Rövşanə xanım həmin verilişdə haqlı olaraq müğənni xanıma sual verib: “Siz Hülya Avşar deyilsiniz”. Burada müqayisə edilən sənət deyil axı. Aktrisa və xanəndə olan birinin müqayisə ediləcək ortaq özəlliyi şəxsi həyatı nəzərdə tutulub. Təbii ki, Nigar xanım şəxsi həyatı barədə məsələlərə aydınlıq gətirməyə bilər. Amma jurnalistin üzərinə bu qədər getmək də olmaz axı.

Hülya Avşar aktrisa kimi tanınıb, həm də müğənnilik fəaliyyəti ilə məşğuldur. Nigar Şabanova xanəndə kimi tanınıb, o da müğənnidir. Hülya, Sibel Can, Banu Alkan və digərlərinin sənətindən çox, yaşadıqları münasibətlər diqqət çəkir. Bunun bir çox insana maraqlı olması gerçəkliyini inkar edə bilməzsiniz axı. Nigar xanım da öz şəxsi həyatını sosial şəbəkə hesabında paylaşır, yayılmasına vasitəçi olur desək, yanılmarıq. Yəni, digər jurnalistlər kimi R.Ağasəfqızı da “Siz deməsəniz, jurnalistlər haradan bilirlər? Saytlara özünüz məlumat verirsiniz. Sibel Canın, Hülya Avşarın həyatı, İbrahim Tatlısesin xanımları maraqlıdır”, - sual verməsi müğənnidə niyə qıcıq yaradır? Burada hansı əzilməkdən, müqayisədən söhbət gedir?

Bir misal çəkəcəyəm. Yadınızdadırsa, jurnalist yazıçı Çingiz Abdullayevə ünvanladığı suala o, necə kobudcasına cavab vermişdi?: “Siz özünüz ölmürsüz utanmığdan?”. Hə. Jurnalistlərin çoxu eyni ilə belə reaksiya ilə qarşılaşır. Halbuki sizi tanıdan onlardır. Sual vermək günahdır məgər? Sözünüzü, fikirlərinizi media üzərindən insan kütləsinə çatdırırsınız. Konsertləri, təqdimatları, layihələri kimlərin “əli” ilə yayırsınız? Tənqid olunub, müzakirə olunmaq istəyənlər, həm paylaşımları ilə üzdə olmaq, həm də vizual görünüş nümayişi edən siz deyilsiniz? İstər keyfiyyətli musiqi ifa edən, sənətini təqdim edənlərə aiddir. Ölkədə kim tənqid olunmur ki? Tənqiddən qorxanlar üçün daha bir misal çəkəcəyəm. Rusiyanın məşhur müğənnisi Alla Puqaçova bir gün köməkçisinə deyir ki, mediada haqqımda nələr yazılır? Köməkçisi ona müsbət olmayan cavab verəndə, “diva” ona belə cavab verir: “Vay... Demək ki, mən yoxam, ölmüşəm”.

Əl qərəz. Belə mübahisələri saqqız kimi uzatmaq, qalmaqalı böyütmək sadəcə xaosdan qidalananlar üçün "yem" yeridir. Media isə cəmiyyətin görən gözüdür, danışan ağzıdır, eşidən qulağıdır. Sual vermək günah deyil, cavabdan qaçmaq ayıbdır.

Mənbə: lent.az