Rubrika: Qəhrəmana bərabər qəhrəmanlar: Bitməyən müharibənin döyüşçüləri

Rubrika: Qəhrəmana bərabər qəhrəmanlar: Bitməyən müharibənin döyüşçüləri

“Daha onu müharibəyə buraxmaram, güclə tapmışam... Gedirsə, getsin. Vətən hər kəsdən ucadır”.
Ərinin “sirri”ni açan qəzet məqaləsi

Müharibə heç də onun üçün kinolarda gördüyü kimi romantik, sevgi fraqmentləri ilə yadda qalmadı. Əksinə, şux gəncliyini, arzularını, ailə sevincini bir anın içində xəzan kimi vurdu... Taleyindən şikayətçi olmadı... Vuruşdu... Üstünə gələn ağrılara sinə gərdi, müharibədən ailəsinə yadigar qalan iztirablara qılınc çaldı, hər gözünü açanda qarşılağdığı acı mənzərələrə küşk tutdu, amma yenilmədi. Zəifliyini, gücsüzlüyünü biruzə verməmək üçün başqalarının yanında dərdini dilə gətirmədi heç vaxt. Bir tərəfdən də məcburi köçkünlük... Ağdam işğal olunmuşdu. Ailə pərən-pərən idi. Hərə bir tərəfdə. Ehtiyaclar... evsizlik... Ər döyüşdə... Qohum-qardaşın harda olduğundan xəbər yox... Beləcə, çətinliklər burulğanının cəngində keçirdi gəncliyini... Amma ailəsinin keşiyində dayandı, ömürlük ağrı-acıyla, zillətlərlə baş-başa qalan həyat yoldaşının qayğısını çəkdi, başalca uşaq kimi hər istəyinə “Can” deyib cavab verdi, onun üçün iki qız, bir oğul böyütdü-yorulmadan, bezmədən...

Döyüşlərdən birində düşmən minasına düşən əri daha heç vaxt yeriməyəcəkdi. Ayaqlarının iksini də itirmişdi. Bu xəbəri ailədə, qohum-əqrabada hamdan gec o biləcəkdi. Biləcəkdi ki, ömür-gün yoldaşı, doğma xalası oğlu Bəhruz çoxdandır ki, hospitaldadır və hamı bu xəbəri ondan gizlədib...

Aradan xeyli müddət keçəndən sonra qəzetdə oxumuşdu Bəhruzun yaralandığını. Ərinin yanına aylarla gedə bilmədi. Yaralı xalası oğlu bircə kəlmə ismarıc göndərmişdi ki, Könülünün onu bu vəziyyətdə görüb üzülməsini istəmir. Ürəyi partlamaq həddinə çatsa da, ərinin sözünü yerə salmamışdı.

Üzə gülməyən üçüncü şans

50-ni haqlayıb artıq. Gözəlliyinə qənim kəsilən əzabları çöhrəsinin düzənini poza bilməyib. Arabir, söz balalarından, nəvələrindən düşəndə üz-gözündəki nisgilin üstünə qəribə fərəh və təbəssüm qonur...

Bərdə pambıqçılıq texnikumunu bitirib. Ailəsinin məsləhəti ilə xalası oğlu Bəhruzla ailə qurur və 3 aydan sonra əri ilə Qazaxıstana yollanır. Çox keçmir ki, erməni quldur dəstələri Qarabağda dinc insanlara divan tutmağa başlayır. Artıq müharibə genişlənirdi. Elə buna görə də, Bəhruz təcili Vətənə qayıdıb müharibəyə gedəcəyini söyləyir həyat yoldaşına.

Çarəsi nə idi? Ərinin yanına düşüb, lap dünyanın o başına da getmək vardısa, gedəcəkdi...

“Biz Qazaxıstandan qayıdanda qaynım cəbhəyə yollanmışdı. Bəhruz da ona qoşuldu. Getdilər Ağdama, düşmənə qarşı döyüşməyə. 6 aydan sonra Bəhruz yaralandı. İki dəfə minaya düşmüşdü... Heç nə olmamışdı... Müalicə alıb qayıtmışdı orduya yenidən. Ancaq üçüncü dəfə-1993-cü ilin iyun ayının 13-də şansı üzünə gülmədi. Cəbhənin Ağdərə istiqamətində minaya düşdü və ayaqlarının ikisini də itirdi. Bir il Bakıdakı xəstəxanada (hospitalda) yatdı. Sonra da protez xəstəxanasına-İndiki Protez-Ortopedik Bərpa Mərkəzinə göndərdilər. Çətin günlər idi”.

Ömrü yol gözləməkdə keçən qadın...

Üç övladı var: iki qız, bir oğlan. “Qızların ikisi də ailəlidir. Oğlumuzsa hərbi xidmətdə”, - deyir Könül xanım.

Evin tək oğlu olmasına rəğmən balacalıqdan əsgər olmaq arzusu ilə böyüyən oğlu, Vətənə xidmət edir. “Allah hamının balasını qorusun, içində də bizim balamızı”, - deyir Könül xanım.

Ömrünün neçə ili yol gözləməkdə keçib: döyüşdə olan ərinin yolunu, yaralanıb qospitalda illərlə müalicə alan həyat yoldaşının yolunu... İndi də orduda olan oğlunun yolunu gözləyir. Gecələri narahat, səksəkəli...

- O vaxt yeni ailə qurmuşdunuz, həyat yoldaşınızın döyüşə getmək istəyini necə qarşıladınız?

- Heç bir qadın istəməz, atası, qardaşı, əri,oğlu müharibədə həlak olsun. Bəs Vətən? Onu kim qorusun? Bəhruz Vətən uğrunda döyüşə gedirdi. Düzdür, yeni ailə qurmuşdum. Ürəyimin dərinliyində nigaranlığım, narazılığım var idi. Özü də israrlıydı getməyə. Qala bilmirdi. Getdi. Bəhruz yaralanandan sonra qardaşı, mənim də xalam oğlu Rövşən şəhid oldu.

Yerə salınmayan xahiş: “Məni belə görməyini istəmirəm”.

Gözləri məchul bir nöqtəyə zillənir, üz ifadəsini dərin kədər bürüyür.... Söhbəti yenə həyat yoldaşından salırıq.

- Getdi. Nə vaxt bildiniz ki yaralanıb?

Üçüncü dəfə minaya düşəndə çox ağır yaralandı Bəhruz. Bunu da mənə deməmişdilər. Bir həftədən sonra qəzetdə oxudum ki, o, yaralanıb. O günləri yadıma salmaq istəmirəm (ağlayır).

- Xəbəri oxuyandan sonra yəqin ki, hospitala getdiniz.

- Getmədim, gedə bilmədim. Bəhruz heç vaxt icazə verməyib ki, hospitala gedim. Həmişə deyirdi ki, Könül gəlib məni belə görsə pis olaram. Təkcə telefonla əlaqə saxlayırdıq. Razı olmayıb yanına getməyə. Xəstəxanada bacısıyla qardaşı yanında qalırdılar növbə ilə.

O vaxt övladımız yoxuydu. Sonra üç- iki qızımız, bir oğlumuz oldu. Düzü, yaralandığını bilməsəm də, heç nədən şübhələnməmişdim. Fikirləşirdim ki, döyüşdür, yəqin əlaqə saxlmağa macal tapa bilmir. Sən demə, qohumlar gedirmişlər yanına. Təzə-təzə heç Bəhruz özü də bilmirmiş ki, ayaqları yoxdur.

Xəstəxana dəlizlərində ötən daha bir il...

Hospitaldan bir il sonra çıxdı, oradan da indiki Protez-Ortopedik Bərpa Mərkəzinə köçürdülər. Bir il burada qalmalı oldu. Ancaq tez-tez evə gəlirdi.

Əlbəttə, üstündən illər keçib, belə danışmaq asandır. Amma o vaxtlar çox çətiniydi. Düzünə qalsa, elə indi də çətindir. Təsəvvür edin, iki protez və iki çəliklə hərəkət edir. Getdikcə də yaşı artır. Çox çətinlik çəkir.

Lənətə gəlmiş müharibənin bəxş etdiyi bu ağrı-acıların, bu dərd yükünün qarşısında tək qoymur doğmaları onu. Elə həyat yoldaşı da. Ailənin sabahı üçün bütün çətinliklərə sinə gərən xanımına dəstək olmağa çalışan Bahruz Camalov əziyyətlərə baxmayaraq çəliklərinə söykənib protez ayaqları üzərində dik dayanmağı bacarır.

Bir romanlıq iztirab...

Könül xanımın hansı əziyyətlərdən keçdiyini sadalasaq, böyük bir roman yazmaq olar. Deyir ki, ikimiz də baş-başa verib bütün problemlərin öhdəsindən gəldik: “Başqa bütöv ailələr kimi biz də birlikdə bacardıq hər çətinliyi aşmağı. Sağ olsun qohumlar, dəstək oldular. Ata da, bacı da, qardaş da yanımızdaydı gecə-gündüz. Amma ən əsas köməklik Bəhruzun özündən oldu. Ağrılarının, ayaqsızlığının, yaşadığı dəhşətlərin qarşısından bir addım da geri çəkilmədi... Üç övladı böyütmək asan deyil. Bəhruz İctimai Birliklərin birində sədr müavini işləyirdi. Elə indi də işləyir. Bəhruz “Çay evi”də açmışdı. Həm də gəlir gətirən başqa işlərin dalınca qaçırdı yorulmadan.

Hazırda Bəhruz pensiya və təqaüd alır. Bəzən maddi çətinliklərimiz olur... Kommunal xərclər, geyim, yemək, xeyir-şərə getmək... Hələ nəvələr də var” (gülür).

Taleyə qalib gələn xalaoğlu və xalaqızı...

Taleyin sınağından ikilikdə üzüağ çıxan xalaoğlu-xalaqızına Tanrı beş nəvə qismət edib. Qızların ikisi də ailə qurub. Deyir nəvələrin hər gəlişi, hər gülüşü yaşadığı bütün çətinlikləri unutdurur.

Hələ də müharibənin bitmədiyini xatırladırıq Könül xanıma. Onsuz da müharibənin ona etdiyi pisliyi heç vaxt unuda bilməyəcəyini deyir. Amma ərinin və oğlunun döyüşə getməsinə qarşı çıxmaq fikrində deyil.

“Yox, hara buraxıram onu. Güclə tapmışam”, - deyib gülür. Çöhrəsində yaşadığı bütün ağrıların cizgiləri canlanır: “Ancaq özü istəyər getsin. Bəhruz həmişə deyir ki, müharibə başlasa, birinci özüm gedərəm. Mən heç onu saxlaya da bilmərəm. Bəhruz elə əvvəldən mərd olub. Onun üçün Vətən anlamı çox müqəddəsdir. Evdə uşaqları da özü kimi tərbiyə elədi. Vətən hər kəsdən, hər şeydən ucadır Bəhruz üçün də, uşaqları üçün də...”

Ağrının nə demək olduğunu gözəl anlayanlar...
-Münaqişənin necə həll olunmasını istərdiniz; müharibə, yoxsa sülh?

Sualdan bir anlıq tutulur. Ani xəyala dalır. Tez də fikirlərini cəmləyir: “Yox, mən sülh istəyirəm. İstəmərəm müharibə olsun. Bir belə cavanlarımız can verib, nə qədər əlil uşaqlarımız var. Müharibəni, o dövrləri yaşamışıq. Allah heç bir anaya övlad dağı göstərməsin.”

Özü kimi, minlərlə qadının qazi ata, qardaş, ər, oğul iztirabı çəkdiyini misal gətirir. Deyir ki, bu ağrının nə demək olduğunu çox gözəl anlayır: “Qarabağ qazilərinin yoldaşına səbr arzulayıram. Ancaq sərbli olsunlar. Birdən çatışmayan nəsə olanda, özüm də səbirsizlik edirəm, ancaq səbirdən başqa əlimizdən nəsə gəlmir. Mən bu saat haradasa işləyə bilmirəm. Hərdən Bəhruza deyirəm, bəlkə işləyim? Deyir ki, bəs mən?! Birinci qrup əlillərin ailələri işləyə bilmirlər, çünki ərini qoyub ürəklə işləməyə gedə bilmir qazilərin xanımları. Allah hamımıza səbr, can sağlığı versin.

P.S əvəzi HAŞİYƏ: Camalov Bəhruz Saleh oğlu. 1962-ci ilin oktyabrında Ağdam rayonunun Seyidli kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra hərbi xidmətə yolanıb. Xidməti başa vurub bir müddət Qazaxıstanda yaşayıb. 1991-ci ilin sentyabrında isə Vətənə qayıdıb.

1993-cü il iyunun 13-də üçüncü dəfə minaya düşüb. Uzun müddət Bakıda hərbi hospitalda, daha sonra Protez-Ortopedik Bərpa Mərkəzində müalicə alıb.

Həyat yoldaşı ilə müsahibəni sonadək dinlədi. Sağollaşanda isə bircə kəlmə dedi ki, yaxşı ki, dövlətimiz var: “Müharibə başlayanda yenə döyüşə gedəcəm. Bizim bu xalqa, gələcəyimiz olan gənc nəsillərə qələbə ilə bütövləşən bir Vətən borcumuz var”.

Teymur Zahidoğlu, Azadə Bayramova

Xüsusi olaraq Ordu.az üçün

Mənbə: ordu.az