30 martda dünyada nələr olub?

30 martda dünyada nələr olub?

XX əsrin əvvəllərində ermənipərəst bolşeviklərə arxalanan daşnak dəstələri Azərbaycanın paytaxtı Bakıda növbəti qırğına başlayıblar. 1918-ci il martın 30-da erməni quldurları Bakının azərbaycanlılar yaşayan məhəllələrinə basqın edərək silahsız əhaliyə divan tutublar.

“Mart hadisələri” adı verilən o günlərdə minlərlə azərbaycanlı, o cümlədən xeyli qadın və uşaq şəhid edilib. Qətliamın qurbanları Dağüstü parkda-Çəmbərəkənd qəbirstanlığında, indiki Şəhidlər Xiyabanında dəfn olunub.

Bəs, martın 30-da dünyada daha hansı hadisələr baş verib?

1. 30 mart 1863-cü ildə ana-atası olmayan uşaqlara pulsuz internat məktəbi üçün Türkiyə təhsil sistemində ilk qeyri-hökumət təşkilatı olan Darüşşafaka yaradıldı.

2. 30 mart 1840-cı ildə Antarktida qitəsi kəşf edilib.

3. 30 mart 1842-ci il tarixində həkim Kroyford Lonq bir tələbənin boynundakı şişi götürmək üçün apardığı əməliyyatda xəstəsini efir yağı ilə yatırdaraq tibb tarixində ilk dəfə olaraq narkoz (anesteziya) tətbiq edib.

4. 1856-cı ilin 30 martında Romanovlar imperiyası, Osmanlı imperiyası, Birləşmiş Krallıq və Fransa arasında Paris Müqaviləsi imzalanıb. Bu anlaşma ilə Krım müharibəsi sona çatıb.

5. 1867-ci ilin 30 martında Rusiya İmperiyası Alyaskanı 7,2 milyon dollara ABŞ hökumətinə satıb. Satılan ərazinin bir kvadratkilometrlik hissəsi 4,19 dollar məbləğində qiymətləndirilib. Alyaskanın alınmasından qısa müddət sonra – 1870-ci illərdə burada qızıl ehtiyatları aşkarlanıb. 1959-cu il yanvarın 3-də Alyaska ABŞ-ın 49-cu ştatı olub.

6. 1992-ci ilin bu günündə Azərbaycan İraq ilə diplomatik əlaqələr qurub. İraq 1992-ci il yanvarın 2-də Azərbaycanın müstəqilliyini tanıyıb.

30 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Тürk dünyasının məşhur sərkərdələrindən biri Fateh Sultan Mehmet 1432-ci ilin bu günü dünyaya gəlib. İlk dəfə 13 yaşında hakimiyyətə gələn, bir müddət sonra devrilən və ikinci dəfə taxta çıxan Mehmet dövləti öz ağlı və iradsəilə idarə etməyə başlayıb. Hakimiyyətdə olduğu illərdə 2 imperatorluq, 4 krallıq, 6 prinslik, 4 əyalət, o cümlədən bütün Balkan yarımadasını tutaraq Osmanlı imperatorluğuna daxil edib. O, Qara dənizi türk dənizinə çevirib. “Fateh” ləqəbi olan Konstantinopolu - indiki İstanbulu ala bildiyinə görə verilib. Sultan Mehmet Fateh 49 yaşında (1481) dünyasını dəyişib.

2. Böyük ispan rəssamı Fransisko Xose de Qoyya 1746-cı ilin bu günü dünyaya gəlib.

3. 1956-cı ilin bu günü Türkiyənin şair, yazıçı və hüquqşünası Mithat Camal Kuntay dünyasını dəyişib.

4. 30 mart 1946-cı ildə görkəmli alim-onkoloq, Milli Onkologiya Mərkəzinin baş direktoru, Azərbaycanın və Rusiyanın Dağıstan Respublikasının Əməkdar Elm Xadimi, Azərbaycan, Rusiya və Gürcüstan Elmlər akademiyalarının akademiki, Avropa Təbiət Elmləri Akademiyasının akademiki Cəmil Əliyev anadan olub.

5. 1945-ci ilin bu günündə Azərbaycanın Xalq artisti Şəfiqə Məmmədovanın doğulub. O, "Dədə Qorqud" (Burla xatun), "İstintaq" (Gülya), "Bizim Cəbiş müəllim" (Cəbişin arvadı), "Ad günü" (Fəridə), "Çarvadarların izi ilə" (Səriyyə) bədii filmlərinə çəkilib. Yaratdığı obrazlara görə Azərbaycan və SSRİ Dövlət mükafatlarına layiq görülüb.

Surxay Atakişiyev, Bizim.Media

Mənbə: bizim.media