“Deyir ki, yaxşı edirəm, bacarırsan, sən də et” - Əməkdar artist əsəbiləşdi

“Deyir ki, yaxşı edirəm, bacarırsan, sən də et” - Əməkdar artist əsəbiləşdi

Azərbaycanda ata 1 yaşlı övladına Tiktokda canlı yayım zamanı siqaret çəkdirib. Bu olay polislər tərəfindən araşdırılıb. Ata bu əməlinin səbəbini izah edərkən bildirib ki, məqsədi daha çox auditoriya yığmaq olub.

Sözügedən hadisə cəmiyyətdə səs-küylə qarşılanıb. İnsanlar həmin şəxsi qınaq atəşinə tutublar. O isə yenidən video çəkərək qeyd edib ki, mən əlimin qabarı ilə uşaq saxlayıram. Əlavə edib ki, uşaq mənə aiddir, özüm bilərəm nə edirəm.

Əməkdar artist Mehriban Xanlarova hadisəni “Yeni Sabah”a şərh edib:

“Bir müddət əvvəl də belə bir hadisə yaşanmışdı. O zaman da reaksiya vermişdim. Çox təəssüf ki, həmin hal yenə də təkrarlanır. Əgər bir ata Tiktok xatirinə, canlı yayıma insanlar daha çox yığılsın deyə bunu edirsə, buna nə ad vermək olar? Özü də deyir siqareti ağzına yox, dodağının kənarına tutmuşam. Bunun nə fərqi var? İstər-istəməz bu həmin uşağa təsir edir. Bunu edən ata özü üçün, öz xeyri üçün edib və övladını düşünməyib. Uşağını düşünən ata bunu etməz”.

Əməkdar artist bu cür davranan insanlardan gileylənib:

“İnsanlar hər yola əl atırlar. Söz deyəndə cavab qaytarırlar ki, yaxşı edirəm, bacarırsan sən də et. Bu sözün qarşısında nə demək olar? Mən heç vaxt onların etdiklərini təkrarlamaram. Heç vaxt o deyilənləri bacarmaram. Mənim xarakterim buna imkan verməz. Onlar da bu və bunun kimi hərəkətlər etməklə öz xarakterlərini sərgiləyirlər”.

Aytac Şahin

Mənbə: yenisabah.az