Mehriban Xanlarova dəli olub!

Mehriban Xanlarova dəli olub!

“Paşaköçdü” havası üstə Səməd Vurğunun sözləri pıçıldanan mahnının sədaları altında qol qaldırıb barmağının ucunda oynamağını seyr edəndə hər şey adi görünürdü. Havaya oynaşan barmaqlarının mahnının ahəngi ilə titrədiyi hələ bu məşum xarakter barədə çox az şey deyirdi. Ta ki səhnədə rola girdiyi yox, özünü oynadığı başa düşülənə qədər...

Söhbət Mehriban Xanlarovadan gedir. Ya da elə səhnədəki Zöhrədən... Dəqiq bilmirəm, bu iki ismin arasındakı qırmızı xətt qəfil zərif tel kimi gözdən itməyə başladı. Mehriban xanım “Şükriyyə” tamaşasında səhnəyə özünü çıxarmışdı və canlandırdığı Zöhrə tamaşaçıların arasında əyləşib onu izləyirdi. Sanki o yaşadığı həyatdan güc alıb Zöhrənin üzərinə qışqırmışdı ki, “Bilirsən nə var? Dayan kənarda, bu dəfə səhnəyə mən çıxıram...”

Zöhrə amansızdı, qətidi, həqiqəti sonda yox, əvvəldə bağırandı. Şükriyyəyə hər şeyi əvvəlcədən deyir:

“Cavad gəlməyəcək!”. Cavad heç vaxt gəlmir... Bütün sonrakı hadisələrin hökmünü əvvəlcədən verir: “Hələ başımız çox müsibət çəkəcək!”. Ssenari boyu bir amansız həqiqət hökm sürür, onun adı isə Zöhrənin dediyi kimi, “müsibət” idi, özü də “çox müsibət...” Eynilə Mehriban Xanlarova kimi. O bəzən böyük müzakirələrin qənaəti ilə yox, həyatın verdiyi təcrübə, yaradıcı insana xas intiusiya ilə həqiqəti şillə kimi insanların üzünə vurmağı bacarır. Dili Zöhrənin dili kimi qılınctək kəskin, amansız, dürüst...

Zöhrənin döşləri ağrıyır, sinəsinin yanğısı təkcə övlad itkisi ilə bağlı deyil. Sözün əsl mənasında, əmizdirməyə uşağı olmadığından döşləri sinəsinə sığışmır, canını qurtarmaq üçün hədəqəsindən çıxır. Tamaşaçı bunu bütün çılpaqlığı ilə görə və hiss edə bilir, hətta bu hissin yad olduğu kişilər belə... O, ağrıdan xilas olmaq üçün pişikləri əmizdirir... Neçə vaxtdı küçüklərindən ötrü sübhə qədər nalə çəkib ulayan köpəyin balalarını əmizdirir. Zöhrə balasından başqa qarşısına çıxan bütün süddən yanıqların alovunu söndürür, təkcə öz balasına süd vermək qisməti olmur... Mehriban Xanlarova illərdir heç vaxt dünyaya gəlməyən uşağına verə biləcəyi südü son damcısına qədər sinəsinə yığıbmış. O bu tamaşada Zöhrənin timsalında köksündə partlayan ağrısını büruzə vermək şansı qazandı. Qaynayan sinəsinin ağrısını tamaşaçıya bu cür çatdıra bildi.

Mehriban Xanlarova ulduz olmaq üçün özünə yaraşmayan nələrsə edə bilərdi. Adı-sanı da indikindən çox olardı. Amma Zöhrə onu alətə çevirib istifadə etməyə çalışan Sovet hökumətinə xəyanət etdiyi kimi, Mehriban xanım da təmiz ada xatir layiq olduğu bərli-bəzəkli ömürə “xəyanət etdi”. Təmiz ad... Məsələn, Xalq artisti adı da təmiz ola bilir. Bu adı tər-təmiz daşıyan sənərkarlarımız çoxdur. Səhnəyə özünü çıxarda bilən aktrisaya təmiz Xalq artisti adını qıymaq dan ulduzunu bərq vurmağa təhrik etməkdən daha asandır. Zöhrə bərq vurmadı, Mehriban isə öz ömrü ilə yanaşı, hələ neçə insan ömrü yaşadı, yaşayacaq da...

Fyodor Alekseyeviç Şükriyyəyə xəbər verir ki, Zöhrə sağdı, amma bilmirəm nə vəziyyətdədi... Mehriban Xanlarova sağ-salamatdı. Teatra gəlir, qrim otağında səhnəyə hazırlaşır, tamaşalarını oynayır, sonda alqışlara bürünüb birotaqlı gecəqondusuna qayıdır. Mehriban Xanlarova var, amma bilmirik nə vəziyyətdədi. Öz evində rahatlığı, şəraiti olmayan aktrisa səhnədə hər şeydən qaçıb canını qurtara bilir... Bu dəfə səhnə də onu xilas edə bilmir. Axı Zöhrə onun özüdür, o, Zöhrədən hara qaça bilər?..

“Xumar oldum” xalq mahnısı balabandan süzülüb tamaşa zalını bürüyəndə, Zöhrə qol qaldırıb havada kəklik kimi qıyğacı çevriləndə, lal baxışlarını üfüqü bəlli olmayan sonsuzluğa zilləyəndə mən yəqin bildim ki, Mehriban Xanlarova dəli olub! O bu səhnədən necə enəcək?..

Füzulinin heykəlinin yanından ötüb yeraltı keçidə endim, yolun qarşı tərəfinə keçib bir taksiyə əyləşdim. Mehriban Xanlarovanın “Teatrda ilk dəfə “Sarıköynəklə Valehin nağılı” tamaşasını oynamışam” sözləri xatirimdən keçdi. Sürücü radionu yandırıb səsini azca yüksəltdi. Müğənni yanıqlı-yanıqlı nəğmə oxuyurdu:

“Anam sənə qurban, ay sarıköynək...”

Nadir YALÇIN

Mənbə: qafqazinfo.az