TÜRKSOY ölkələrinin dəstəyi ilə Molla Nəsrəddin haqda film çəkiləcək

TÜRKSOY ölkələrinin dəstəyi ilə Molla Nəsrəddin haqda film çəkiləcək

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2023-cü il oktyabrın 14-də Şuşa şəhərində keçirilmiş I Türk Dünyası Mədəniyyət Forumunda TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclasında TÜRKSOY ölkələrinin dəstəyi ilə "Molla Nəsrəddin. Çətin günlərimin dostu" adlı tammetrajlı bədii filmin (quruluşçu rejissor Xalq artisti Vaqif Mustafayev) birgə istehsalı qərara alınıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, filmin çəkilişlərinin Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstan ərazisində aparılması və hər bir ölkədə həyata keçiriləcək çəkilişləri həmin ölkənin maliyyələşdirməsi ilə bağlı razılığa gəlinib.

Eyni zamanda, 2024-cü ilin yanvar ayında "Molla Nəsrəddin. Çətin günlərimin dostu" filminin istehsalına hazırlıqla bağlı Bakıda TÜRKSOY ölkələrinin əlaqədar qurumlarının nümayəndələrinin koordinasiya toplantısı keçirilib və filmin istehsalı ilə bağlı müzakirələr aparılaraq razılaşmalar əldə edilib.

Filmin türk dövlətləri kinematoqrafçılarının iştirakı ilə həyata keçiriləcək istehsalına Azərbaycan tərəfdən məsul qurum olan "Nasreddin Production" şirkəti tərəfindən istehsalın ilkin hazırlıq işləri görülmüş, çəkilişlər aparılacaq türk dövlətlərində məkanların seçilməsi, yaradıcı heyət üzvlərinin müəyyən olunması, geyim və rekvizitlərin hazırlanması və s. istiqamətlərdə bir çox işlər həyata keçirilib.

Türk dövlətləri arasında ortaq mədəni dəyərlərə söykənən “Molla Nəsrəddin. Çətin günlərimin dostu” bədii filminin istehsalı ilə əlaqədar hazırda layihədə iştirak edən ölkələrlə əlaqələndirilmiş şəkildə işlər davam etdirilir.

Mənbə: apa.az