“İnsanlar elə bilirdi məni kimsə saxlayır... ” - Nigar Köçərli

“İnsanlar elə bilirdi məni kimsə saxlayır... ” - Nigar Köçərli

"Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərlinin Kult.az-a müsahibəsi:

- Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmisiniz. Dəqiq elmdən kitaba keçid necə baş verdi?

- Uşaqlıqdan kitaboxuyan olmuşam, "kitab qurdu" idim. 4 yaşımda artıq sərbəst oxumağa başlamışdım. 6 yaşımda isə evə yaxın olan iki kitabxananın üzvü idim. Çünki o vaxt bir kitabxana ikidən artıq kitab vermirdi. Bir sözlə, kitabın arasında böyümüşəm, gözümü açıb valideynlərimi də oxuyan görmüşəm. Həyat elə gətirdi ki, ixtisasım başqa olsa da, bu sahəyə yönəldim. Çünki bu işi daha çox sevirdim.

- Nigar xanım, konkret danışaq, kitabda pul varmı?

- Yaxşı sualdır. Ümumiyyətlə, bizim biznes sahəmiz elədir ki, bu, həm maarifçilikdir, həm də gəlirin olur. Mümkün deyil ki, bu işi sevmədən pul qazana biləsən. Olub ki, pullu adamlar kitab sektoruna girmək istəyib, amma hamısı batırıb. Mən bu işə 600 dollarla başlamışam. Düşünürəm ki, sevdiyin işin elə biznesini də qurmalısan. Burada ayıb heç nə yoxdur. Məni də bəzən tənqid edirlər ki, bu, maarifçi deyil, alverçidir. Mən isə gülürəm. Doğrusu, burada böyük pullar yoxdur. Bu işlə məşğul olub milyonçu olmaq olmaz. Amma digər mənada öz adıma deyim ki, normal qazanıram. Məsələn, səyahət edə bilirəm, övladlarım özəl məktəbdə oxuyur. Amma tutaq ki, hazırda maşınım yoxdur.

- Maşın almaq üçün pulunuz çatmır?

- Yox, elə deməzdim, istəsəm, alaram, amma onun yerinə səyahət etməyi, sağlam həyatı seçirəm və pafoslu həyat istəmirəm. Xarakterimdə sahib olduqlarımı göstərmək yoxdur, bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm. Qazandığımı daha səmərəli bölərək xərcləyirəm.

- Adətən qadın biznes-ledilər özünü göstərməyə meyilli olur...

- Bir tərəfdən demək olar ki, pulu var, alır da. Amma təəssüflər olsun ki, bizdə bu, gözdən pərdə asmaqdır. Əgər xanım hər şeyi özü qazanır, əldə edirsə, olar. Yox, onun "saxlayanı" varsa, bu pullar ona müftə gəlirsə, mənasızdır. 20 ildir bu sahədəyəm, hələ təzə-təzə insanların rəğbətini qazanıram. Əvvəl insanlar elə düşünürdü ki, bunun da saxlayanı var, ya da varlı arxa-dayağı. Amma zaman göstərdi ki, hər şey öz əziyyətimlə olur. Hər səhər hamıdan tez işdəyəm və ən sonuncu da mən gedirəm. Səyahət dediyim məsələlər də elə öz işimlə bağlıdır.

- "Azərbaycan kitab satmaq üçün unikal ölkədir" deyirsiniz. Amma bir tərəfdən də deyirlər, kitab oxuyan azdır...

- Unikallıq o barədə deyirəm ki, bizdə 4 dildə kitab oxuyurlar - türk, rus, ingilis, Azərbaycan. Dünyanın heç yerində belə şey yoxdur. Baxmayaraq ki, bizdə kitab oxuyan azdır. Müqayisə üçün deyim ki, Azərbaycanda 50 kitab mağazası var, onun 11-i bizə məxsusdur. Məsələn, Gürcüstanda isə 250 kitab mağazası var.

- Yaxşı, bəs səbəbi nədə görürsünüz oxumamaqda?

- Sizə bir söz deyim, bizdə əvvəl "Kitab oxuma, dəli olarsan", "Çox bilmək adamın ağlını alır" düşüncəsi var idi. Adamlar var, xaricdə təhsil alır, gəlir burada iş tapa bilmir. Tapanda da 300-400 manata. Onu görən adam heç oxuyar? Düşünəcək ki, elə oxuyan da belədirsə, daha nə oldu? Səbəblər isə ümumilikdə çoxdur.

- Bəs siz özünüz işçilərinizə işlərinə uyğun maaş verirsiniz?

- Xeyr. Əlimizdən gələn qədər hər ay müəyyən işçilərin maaşını qaldırmağa çalışırıq, həvəsləndiririk. Yüksək maaşı isə təbii olaraq verə bilmirik. Amma aşağı da vermirik. Əgər hazırki imkanlarla onlara layiq olduqları maaşı verə bilsək, qısa müddətdə müflis olarıq.

- Sosial şəbəkələrdə kitablara etdiyiniz reklamlar narazılığa da səbəb olur. Məqsədli edirsiniz?

- Bəli, bəzən məqsədli edirik. Düzdür, bir dəfə səhvən bir şey olmuşdu, dizayner qrupa atılan bir şəkli paylaşmışdı, ona görə də dəfələrlə üzr istədim. Amma digərləri normaldır. Nə olsun ki, kitab sahəsidir? Bu o deməkdir ki, əyləncəli nəsə etməyək? Tiktok kanalı açanda da dedilər, bunlar necə səviyyəsizdir. Amma indi hamı oradadır, reklam edir. Hər şeyə səviyyəsiz deməklə olmur, maraqlı olmaq lazımdır.

- Ən çox satılanların detektiv, sevgi kitabları olduğu deyilir. Düzdür?

- Belədir. Amma mən buna çox normal baxıram. Dünyada da bu proses belədir. İstəyərəm ki, bizdə hamı kitab satsın, onlar da qazansın, mən də. Mənə görə bütün ədəbiyyat gözəldir.

- Sizə görə, məsələn, detektiv bir kitabla elmi kitab arasında fərq yoxdur?

- Əlbəttə var. O, başqa məsələdir. Umberto Ekonun "Qızılgülün adı" əsəri postmodernistdir deyirlər. Amma məsələn, mən düşünürəm, o, detektivdir. Özümsə detektivi çox sevirəm. Üstəlik, bu, kitab oxumaq üçün əla janrdır. Təzə-təzə kitab oxuyanlar da məhz detektiv oxusalar, yaxşı olar.

- Bizim müəlliflər həmişə şikayət edir ki, kitablarının az satılmasının bir səbəbi də mağazalardır.

- Tamamilə haqlıdırlar. Bilirsiniz, bütün yerlərimiz icarədədir. Balaca mağazalardır, orada da rəqabət gedir. Hər kitabı önə qoymaq olmur, vallah, satılmır. Məsələn, baxıram ki, şeir kitabıdır. Bilirəm ki, az satılacaq. Mən belə olanda onlayn satmağı təklif edirəm. Amma bütün yazıçılarımız bunu istəyir ki, məni önə qoy. Bir dəfə xaricdə sual verdim ki, görüm onlarda necədir? Məlum oldu ki, kitabı necə yerləşdirməyə mağaza özü qərar verir. Yeri gəlmişkən, elə müsahibə vasitəsi ilə şad xəbər verim. Bu yaxınlarda "Port Baku" tərəfdə "Crescent Mall" adlı böyük mağazamız açılacaq, orada hamıya yer olacaq. 700 kv metrlik yerdir. Söz verirəm, orada hamının kitabını məhz qabağa qoyacam.

- Azərbaycanda bir problem də rusdillilər məsələsidir. Siz necə müşahidə edirsiniz, doğrudanmı onlar digərlərinə nisbətdə daha çox oxuyur, intellektualdırlar?

- Əslində, bu sualın özü ayrı-seçkilik yaradır: "onlar və biz". Mən buna qarşıyam. Onsuz da xeyli ayrı-seçkiliyimiz var, heç olmasa, bu olmasın. 44 günlük müharibədə gördük ki, hamımız birik. Mən özüm rus bölməsini bitirmişəm. Təəssüflər olsun ki, öz üzərimdə işləsəm belə, Azərbaycan dilində mükəmməl danışa bilmirəm. Qızım, atam, yoldaşım Azərbaycan bölməsini bitirib, onlar dili yaxşı bilir. Qaldı sualın konkret cavabına, bəli, tənqid etsələr də, deyəcəm. Bu, faktdır. Rusdillilər daha çox kitab oxuyur. Oxucuların 60 faizini onlar təşkil edir. Bu da məncə, məktəbdən başlayır. Təhsil məsələsidir. Onu da deyim ki, hazırda ingilisdillilər yetişir. Onların oxumaq səviyyəsi də çox mükəmməldir.

- Qızınızla evdə hansı dildə danışırsınız?

- Hər iki dildə. O, azərbaycanca danışır və oxuyur, amma rus dilini də bilir. 6 yaşına kimi azərbaycanca danışa bilməsə də, mən onu məhz Azərbaycan bölməsinə qoydum və bacardı.

- Kitabların qiymətində də son illər artım müşahidə olunur. Onsuz da az kitab oxunan cəmiyyətdə qiymətin baha olması düzgündürmü?

- Doğrudur, artım var. İnsanların maaşı ilə götürsək, uyğun deyil. Amma səbəblər var. Tirajlar aşağıdır. Nəşriyyat bir kitabı 5 min tirajla buraxsa, qiyməti az olur, 500 buraxsa, baha.

- Yerli müəlliflərin kitabı niyə satılmır, yaxşı yaza bilmirlər?

- Səbəb çoxdur. Azərbaycanda heç kitab almaq mədəniyyəti də formalaşmayıb. Yazıçı-şairlər də günahkardır. Əvvəllər onlar lap çox belə edirdi ki, kitabı hədiyyə verirdilər. Bu isə zərərlidir. Kitabı hədiyyə verdiyin adam onu oxumayacaq heç, hörmət də etməyəcək. Bizdə oxunan müəlliflər də var. Məsələn, son dövrlərdə İlkin Rüstəmzadənin kitabları bestseller oldu. Müəllif özü də gərək bu prosesdə iştirak etsin, sosial olaraq aktiv olsun.

- Siz özünüz hansı tərz kitabları oxuyursunuz? Stolüstü kitabınız varmı?

- Daha çox tarixi, dedektiv deyərdim. Seçiciyəm bu məsələdə. Əgər bir kitabı oxuya bilmirsəmsə, saxlayıram, oxumuram. Hazırda "Essensializm" adlı kitabı oxuyuram. Kitabın qayəsi budur ki, az iş görməklə çox qazanmaq necə olur. Hər gün ən azı yarım saat kitab oxuyuram.

- Sizi bu sahədə uğurlu hesab etmək olar. Belə bir fikir də var ki, hər uğurlu qadının arxasında güclü bir kişi dayanır...

- Doğrusu, mən özüm özümü çox da uğurlu hesab etmirəm. Amma razıyam, belə fikirlər çoxdur, sadəcə, yanlışdır. Şəxsən məni heç kəs qabağa verməyib, arxamda dayanmayıb, nə etmişəmsə, öz gücümə eləmişəm. Bir söz deyim, mən çox yerdə işləmişəm. 4 aya ingilis dili öyrənmişəm. Bu işlərə gəlməzdən əvvəl bir şirkətdə katibə də işləmişəm, çay aparıb-gətirirdim. Amma katibə işləyəndə mənə gülürdülər. Deyirdilər, niyə bu işdə işləyirsən? Elə olub ki, ayaqyolu belə yumuşam. Karantin vaxtı idi, xadimə olmayıb, işçilərə demişəm, kitabı məndən yaxşı reklam edirsiniz, bu işi də mən görəcəm. Bir sözlə, əziyyət varsa, bəhrəsi də olur.

- Nigar xanım, bölgələrdə vəziyyət, kitab oxuyanlar varmı?

- Bölgələr, demək olar ki, kitab oxumur. O qədər azdır ki, o oxucuları tək-tək tanıyıram. Baxmayın belə gedirik, şəkil çəkdiririk, amma səmimi olsaq, o deyil. Oxumurlar. Bölgələrdə ilk növbədə kitab mağazaları olmalıdır. Şəhərdə belə oxucu azdır. Sadəcə, çalışırıq ki, bu vəziyyəti düzəldək, oxucu sayını çoxaldaq.

Mənbə: yenisabah.az