"Tarixin daş yaddaşı: Göylər" təqdim olundu

"Tarixin daş yaddaşı: Göylər" təqdim olundu

Şamaxı rayonunun Göylər kəndində Cavid Əhmədovun "Tarixin daş yaddaşı: Göylər" adlı kitabının təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Göylər kənd T.Kərimov adına 2 saylı orta məktəbdə baş tutan tədbirdə kənd sakinləri, ziyalılar, sənət və qələm adamları iştirak ediblər.

Məktəbin direktoru Elmir Alməmmədov qonaqları salamlayaraq təhsil ocağında bu cür ədəbi-mədəni tədbirlərin artıq ənənə halı aldığını vurğulayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, folklorşünas alim Qüdrət Umudov kitab haqda geniş məruzə ilə çıxış edib. O, elmi-publisistik janrda yazılmış kitabın məziyyətlərini sadalayıb, bir kəndin tarixi, etnoqrafiyası, inanc qaynağı, toponimləri, dialekti, elm və sənət adamları, müharibə iştirakçıları, şəhidləri haqda hərtərəfli məlumatların əks olunduğunu bildirib: "Aparılmış araşdırma hesabına bir yaşayış məskəni və onun sakinləri barədə bütün mümkün məlumatların yer aldığı bu kitabı bir kəndin ensiklopediyası da adlandıra bilərik".

Bölgənin tanınmış ziyalılarından olan Aftandil Şikarov kitabın böyük sevgiylə ərsəyə gətilidiyini qeyd edib: "Yaxşı olardı ki, Azərbaycanın bütün kəndləri haqda belə kitablar yazılsın".

Tədbirdə kitabın məsləhətçisi Sarvan Kərimov, şairlər İbrahim İsrafil, Elsevər Qəni, idman sahəsində uğurlara imza atmış, əməkdar məşqçi Məhəmməd Şərifov, kəndin ilk ali təhsilli sakininin oğlu Məhəmməd Rəsulov çıxış ediblər.

Tədbirin aparıcısı yazıçı Qurban Yaquboğlu bu cür ədəbi-mədəni tədbirlərin ənənəyə çevrilməsini təqdir edib.

Sonda müəllif tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Qeyd edək ki, bu yaxınlarda "Elm və təhsil" nəşriyyatı Cavid Əhmədovun "Tarixin daş yaddaşı: Göylər" adlı publisistik-araşdırma kitabını çapdan buraxıb.

Kitabda Şamaxı rayonunun ən böyük kəndlərindən olan Göylər kəndinin tarixi keçmişi, bu günü, görkəmli insanlarının həyat və fəaliyyəti, qədim yaşayış məskəninin toponimikası, sakinlərinin etnoqrafiyası, dialekt və şivəsi araşdırılıb, eləcə də Birinci Dünya müharibəsində və Qarabağ savaşında kənd sakinlərinin keçdiyi döyüş və qəhrəmanlıq yoluna nəzər salınıb.

Mənbə: axar.az