“Tank 533 Albert Aqarunov” filmi təqdim olundu

“Tank 533 Albert Aqarunov” filmi təqdim olundu

Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycanın Milli Qəhrəmanı, əfsanəvi tankçı Albert Aqarunova həsr olunmuş “Tank 533 Albert Aqarunov” adlı qısametrajlı filmin təqdimat mərasimi keçirilib. Filmdə Albert Aqarunovun həyat hekayəsindən, qəhrəmancasına şəhidlik zirvəsinə ucalmasından bəhs edilir.

“Qafqazinfo” xəbər verir ki, DİDK-nın dəstəyi, Kanadada fəaliyyət göstərən “ELTV” Media Qrupu və “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn filmin təqdimat mərasimində Milli Qəhrəmanın ailə üzvləri, ictimai-siyasi xadimlər, diaspor fəalları, yerli media nümayəndələri iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, Şuşa uğrunda gedən döyüşlərdə canından keçərək şəhidlik zirvəsinə ucalan Albert Aqarunovun xatirəsini Azərbaycan xalqı hər zaman əziz tutur, onun adını əbədiləşdirir, Albert Aqarunovun şərəfli ömür yolu hər bir gəncimiz üçün örnəkdir. Biz dünyanın müxtəlif yerlərində yaşayan gənclərimizə məsləhət görürük ki, Albert Aqarunovu və onun kimi qəhrəmanlarımızı unutmasınlar.

Albert Aqarunovun qardaşı Rant Aqarunov Albertin keçdiyi şərəfli döyüş yolundan, Şuşanın uğrunda göstərdiyi qəhrəmanlıqlardan danışıb, “Tank 533 Albert Aqarunov” qısametrajlı filmində Milli Qəhrəmanın həyat yolunun dərindən işıqlandırıldığını qeyd edib.

“Azərbaycan Dağ Yəhudiləri” Dini İcmasının sədri Milix Yevdayev Albert Aqarunov kimi vətənpərvər oğullarımızla qürur duyduğunu söyləyib.

Tədbir Milli Qəhrəmana həsr olunan “Vətən övladı Albert” musiqili videoçarxın nümayişi ilə başa çatıb.




Mənbə: qafqazinfo.az