Əsasən, çay plantasiyaları, sitrus meyvə bağları, qırmızı kərpicli evləri ilə məşhur olan cənub mirvarisi - Lənkəran barədə bu dəfə fərqli məlumat təqdim edirik.
Belə ki, liman şəhərində mayakın cızdığı istiqamət Mir Əhməd xanın evinədir. Bura Lənkəran Tarix Diyarşünaslıq Muzeyi, yaxud Mir Əhməd xanın evi adlanır. Söhbət hakimiyyətdə olmasa da xan kimi fəaliyyət göstərən Mir Əhməd xan Talışinskidən gedir. O, bu titulu özünə xan nəslindən olduğu üçün götürüb.
Daha geniş məlumatı isə Lənkəran Tarix Diyarşünaslıq muzeyinin direktoru Leyla Məcidova “Qafqazinfo”ya verib.
O bildirib ki, bu bina 1913-cü ildə üç aya Tuğra adlı xanımın şərəfinə inşa edilib. Tuğra xanım Mir Əhməd xanın əmisi qızı olub. O, çox gözəl qadın olduğu üçün “Zaqafqaziya gözəllik müsabiqəsi”ndə birinci yerə çıxıb. Bu münasibətlə də Mir Əhməd xan xanımının xəbəri olmadan üç aya möhtəşəm bina inşa etdirib.
Xan evi Lənkəranda ilk hündürmərtəbəli binadır və ilk dəfə elektrik stansiyası bu binada qurulub.
Mir Əhməd xan binanı inşa etmək üçün Fransadan həm inşaat materiallarını, həm də fransız memarları Lənkərana gətizdirib. Deyilənə görə, bu binanın eynisi Fransada da var.
Lənkəranda yerləşən digər belə tarixi abidələrdən biri də Dairəvi qaladır. Bura Qalanın cənub qütbü də adlanır. Hündürlüyü 20 metrdir. Qala 300 il əvvəl müdafiə məqsədilə tikilsə də,1869-cu ildən 1970-ci ilədək zindan kimi istifadə olunub.
Məlumata görə, bir vaxtlar sözügedən qalada Sovet lideri İosif Stalin məhbus saxlanılıb. O, poçt qatarını qarət etdiyinə görə burada cəza çəkib. Gün işığı görməyən hücrədə saxlanılan Stalin oradan çətinliklə qaçırılıb. Belə ki, qaladan mayaka yeraltı tunel var. Stalin də qaladan mayaka, oradan da gəmi vasitəsilə Bakıya keçirilib.
Dairəvi qalada ümumilikdə üç minə yaxın məhbus saxlanılıb.
Dəqiq məlumat olmasa da, əksər mənbələrdə qalanın 1747-1768-cı illərdə Nadir şahın istəyi ilə tikildiyi bildirilir.
Azadə Yolçu
Mənbə: qafqazinfo.az