“7 qardaş”ın 70 ildən çoxdur açılmayan SİRRİ – REPORTAJ/FOTO

“7 qardaş”ın 70 ildən çoxdur açılmayan SİRRİ –

Kurqanlar Azərbaycan ərazisində geniş yayılmış qəbir abidələridir. Azərbaycan ərazisində kurqanların daha geniş yayıldığı dövr son tunc-erkən dəmir dövrüdür.

Salyan rayonun Yeni Uluxanlı kəndində “7 qardaş" adlanan 7 kurqandan isə zaman-zaman qədim əşyalar və insan sümüklərinin qalıqları təbii surətdə üzə çıxır.

Qeyd edək ki, kurqanlardan üçü kəndin mərkəzində, dördü isə onlardan aralı, əkin sahələrində yerləşir. Maraqlıdır ki, kurqanlar demək olar, hər hansı arxeoloji tədqiqata cəlb edilməyib. Kənd sakinlərinin sözlərinə görə, bu kurqanlarda qədim məişət alətlərinin tapılması adi haldır. Onları daha çox maraqlandıran isə budur ki, kurqan ərazilərindən həmçinin çoxlu insan sümükləri aşkarlanıb.

Yeri gəlmişkən Yeni Uluxanlı kəndinin əhalisinin əsas hissəsini 1948-ci ildə Qərbi Ermənistandan deportasiya olunmuş soydaşlarımızdan ibarətdir.

1948-ci illərdə bura gələn soydaşlarımız deyirlər ki, elə o vaxtdan kurqanların qədimliyi yaşayış yerini bura dəyişmiş valideyinlərinin də diqqətini cəlb edib və hər kəs bu kurqanları bir növ müqəddəs sayaraq onları qorumağa çalışıb. Onların sözlərinə görə məhz dəfələrlə bu ərazidə təpələrin məhv edilməsinin, zibillik ərazisinə çevrilməsinin qarşısını alıblar.

Ənənəvi olaraq sözügedən kurqanların üst hissəsi tökmə torpaqdır.

Tarixçi Sahib Həsənov hesab edir ki, tədqiq olunarsa, kurqanlarla bağlı daha dəqiq məlumatlar və sirlər üzə çıxacaq.

Kurqanlarla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni-irsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin münasibətini öyrəndik.
Xidmətin mətbuat katibi Fariz Hüseyinlinin sözlərinə görə, bu kurqanlar barədə artıq məlumatları var. Hələlik dövlət qeydiyyatında olmayan kurqanların tədqiq olunmasına ehtiyac var. Yaxın zamanlarda müvafiq qrum və inistutlar bu tədqiqatlara cəlb ediləcək.














Sabutay Nağı, Bizim.Media, Cənub bürosu

Mənbə: bizim.media