Ukraynada Müslüm Maqomayevin xatirəsinə həsr olunan II Beynəlxalq Vokalistlər Müsabiqəsi keçiriləcək

Ukraynada Müslüm Maqomayevin xatirəsinə həsr olunan II Beynəlxalq Vokalistlər Müsabiqəsi keçiriləcək

Ukraynanın Truskavets şəhərində dekabrın 5-8-də dünya şöhrətli müğənni və bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunan II Beynəlxalq Vokalistlər Müsabiqəsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bununla bağlı təşkil olunan mətbuat konfransında müsabiqədə 15 vokalistin iştirak edəcəyi açıqlanıb.

Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov bildirib ki, bu cür müsabiqələrin keçirilməsi yeni istedadların üzə çıxarılması üçün önəmlidir. Müslüm Maqomayevin sənəti, onun istedadı sərhəd tanımadığı üçün onun işığına yığışanlar qürur hissi ilə beynəlxalq tədbirlərdə iştirak edirlər. AZƏRTAC müsabiqənin media tərəfdaşı seçilib. Beynəlxalq müsabiqə Azərbaycanın, Bolqarıstanın və Macarıstanın Ukraynadakı səfirliklərinin dəstəyi ilə keçiriləcək.

Truskavets şəhərinin meri Andrey Kulçinski deyib ki, M.Maqomayev təkcə Azərbaycanın deyil, bütün dünyanın sevdiyi sənətkardır. Merin sözlərinə görə, Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də birgə uğurlu layihələr həyata keçirilir.

Azərbaycanın Ukraynadakı səfirliyinin üçüncü katibi Təbriz Qarayev bildirib ki, səfirlik hər zaman mədəni layihələrə dəstək göstərib. Bildiyiniz ki, səfirliyin təşkilatçılığı ilə Kiyevdə Müslüm Maqomayev adına park açılıb və orada möhtəşəm heykəli qoyulub. Bundan başqa Dneprin mərkəzi küçələrindən birinə M.Maqomayevin adı verilib.

Qeyd edək ki, beynəlxalq müsabiqənin keçirilməsinə Ukraynanın Mədəniyyət Nazirliyi, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, səfirliyimiz, Truskavets meriyası, Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzi və digər təşkilatlar da dəstək verirlər.

Atv.az

Mənbə: www.atv.az