“Yad gəlin”in aktyorları SİRLƏRİ AÇDI: “Toy günü bəy öldürülür, gəlini qardaşı ilə evləndirirlər" - VİDEOMÜSAHİBƏ

“Yad gəlin”in aktyorları SİRLƏRİ AÇDI: “Toy günü bəy öldürülür, gəlini qardaşı ilə evləndirirlər" - VİDEOMÜSAHİBƏ

“Mütləqdir ki, ssenaridə konflikt olsun. Hadisələr tez-tez dəyişsin və maraqlı cərəyan etsin. “Yad gəlin” ilk bölümdən böyük konfliktlə efirə daxil olduğu üçün tamaşaçıda maraq doğura bildi. Türk seriallarından fərqli olaraq biz çox az büdcə və məvaciblə çəkirik. Odur ki, tamaşaçıların onları bizimlə müqayisə etməsi ədalətli olmaz. Bəzən iradları çox kəskin şəkildə bildirirlər. Səhvlər ola bilər, amma səhərdən axşama qədər işləyən çəkiliş heyətinin əziyyətini də nəzərə almaq lazımdır. Hamı bu işə ürəyini qoyur. Tamaşaçıları gərginlikdə saxlaya biləcək hadisələr çoxdur. Serialı izləməyə davam edin, əsas hekayələr hələ qarşıdadır”.

Bu sözləri “Yad gəlin” serialında baş qəhrəmanı canlandıran aktrisa Günəş Mehdizadə Publika.az-a müsahibəsində deyib.

İlk bölümündən etibarən yüksək reytinq toplayan “Yad gəlin” serialının baş qəhrəmanları Günəş Mehdizadə və Həsən Ağa iki ailənin düşmənçiliyindən bəhs edən layihə ilə bağlı Publika.az-a danışıb. Aktyorlar eyni zamanda ailədaxili münaqişə mövzularına toxunub.

Serialda toy günü əri ölən qadının taleyini oynayan aktrisa bildirib ki, canlandırdığı obraz Azərbaycan reallığına yaxındır:

“Azərbaycan mentalitetində o var ki, qadın nələrəsə dözüb oturmalıdır. Bunlar olmamalıdır, ailə sevgi və qarşılıqlı anlayış üzərində qurulmalıdır”.

Adil obrazını oynayan aktyor Həsən Ağa isə bildirib ki, iki insan bir-birini sevib evlənməlidir, “Evlənək sonra bir-birimizi sevərik” məntiqi absurd düşüncədir:

“Adil də, Hicran da travmalıdır. Serialda bir çox obrazlar travma içindədir. Özümü Adilin yerinə qoymaq çox çətindir. Nə yazıq ki, belə, hətta bir-birinin üzünü ilk dəfə toy günü görən insanlar var. İndi onsuz da bazardı, pul yığıb ipotekaya ev almaq üçün evlənirlər. Əgər ərin evdə uşağın gözünün qarşısında səni döyürsə, dözmə. Bu halda günahkar axtarma, özünü də, uşağı da qurban edirsən, bu zaman sən evdə psix böyüdürsən. Boşanmaq evlənmək qədər normal haldır, əgər münasibətlər alınmırsa, ayrılmaq lazımdır, nələrəsə dözmək yox”.

Qeyd edək ki, toy günü faciə ilə üzləşən gəlinin həyatından bəhs edən “Yad gəlin” serialı iki ailə arasında illər öncə baş vermiş ədavətdən danışır. Bu ədavətə son qoymaq üçün ailələr qohum olsa da, toy günü bəy öldürülür. Ailələr arasındakı qan davası daha da gərginləşməsin deyə, bəyin atası gəlinini digər oğlu ilə evləndirməyə qərar verir. Əsas hadisələr də bundan sonra cərəyan edir. Gəlin getdiyi evdə daim kin, nifrət görən gənc xanım bütün olanlara ailəsinin xətrinə dözür və zamanla gənclər arasındakı bu nifrət böyük məhəbbətə çevrilir.

Mənbə: publika.az