Haluk Levent Bakıda xeyriyyə konsertinə hazırlaşır – eksklüziv müsahibə

Haluk Levent Bakıda xeyriyyə konsertinə hazırlaşır – eksklüziv müsahibə

Türkiyənin məşhur rok ifaçısı Haluk Levent bir Azərbaycan vətəndaşı ilə bağlı Bakıdakı xeyriyyə konserti ilə bağlı təşəbbüsünə Azərbaycan tərəfindən müsbət reaksiya verildiyini deyib.

"Biz iki ölkə xalqlarının ortaq məxrəcdə, gözəl birlik yaşamasnı istədik", o, BBC News Azərbaycancaya müsahibəsində bildirib.

Haluk Levent ötən həftə Twitter səhifəsindən bir Azərbaycan vətəndaşı ilə bağlı kampaniya başlatdığını açıqlayıb. Qısa zamanda bu tvit sosial mediada çoxsaylı istifadəçilər tərəfindən paylaşılıb.

Məşhur müğənni bu paylaşımla Azərbaycanın dövlət rəsmilərinə səslənərək "limfoma xərçəngi olan Surə Nadirovanın müalicəsinə gərəkli olan 400 min lirə (təxminən 117 min 500 manat) üçün Azərbaycanda konsertini təşkil etməyə" çağırış edib.

"Biletli konsert təşkil edin, toplanan vəsaiti Surə üçün xərcləyək" türk rok ifaçısı tvitində qeyd edib.

Ve Azerbaycan Sura’ya sessiz kalmadı. Onun iyileşmesi için her kapıyı açtı. Ekibimiz 2 gün önce Bakü’ye davet edildi. Nargis Fund (Nergiz Derneği) aracılığıyla 7 Aralık’ta Bakü’de “Elektra Events Hall” da konserim olacak.
Tüm Azerbaycan halkını bekliyoruz.
Sura kurtulacak! pic.twitter.com/NfBMcqNRML

— Haluk Levent (@haluklevent) 7 oktyabr 2019

@haluklevent tərəfindən edilən nömrəli Twitter paylaşımın sonu

Haluk Levent paylaşımının əvvəlində isə "Surə Nadirova Türkiyə vətəndaşı olmadığından qubernatorluq icazəsi yoxdur" deyə bəhs edib.

Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Haluk Levent sənətçi kimliyi ilə yanaşı, yardım ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur.

Məsələn, bir Twitter izləyicisinin xahişini yerə salmayıb və onun məzuniyyət mərasiminə sürpriz şəkildə qatılıb.

Və ya sosial media izləyicilərinə səsləndikdən sonra yanğın nəticəsində zərər görmüş Ayvalık meşəsində ağac əkmə kampaniyası keçirib.

"Biz pulla maraqlanmırıq. Pulu olan şəxslə ehtiyacı olan şəxsi yan-yana gətiririk", sənətçi müsahibələrindən birində yardım fəaliyyətindən bəhs edərkən deyib.

 

Fotonun müəllifi Ahbab platforması Image caption Surə Nadirova (soldan birinci) deyir ki, ötən il hamiləliyinin son aylarında ikən xəstəliyinin əlamətləri özünü göstərib. Surə Nadirova kimdir?

BBC News Azərbaycanca Türkiyənin məşhur sənətçisinin bir Azərbaycan vətəndaşı ilə bağlı çağırışının hekayəsini araşdırmağa çalışıb.

BBC News Azərbaycancaya danışan Surə Nadirova deyir ki, ötən il hamiləliyinin son aylarında ikən xəstəliyinin əlamətləri özünü göstərib.

"Boyun ətrafımda şiş əmələ gəldi. Hamilə olduğum üçün üstünə düşə bilmədim. Sanmadım ki, belə bir xəstəliyim ola bilər. Oğlum 7 aylığında ikən İstanbula anamgilin yanına gəlmişdim. O vaxt gələndə dedim bir müayinə olunum. Müayinədən sonra həkim belə bir xəstəliyimin olduğunu mənə dedi. Anamgili görməyə gəlmişdim, xəstəliyimlə üz-üzə qaldım. İki uşağım - 4 yaşında bir qızım, 11 aylıq oğlum var. Sağlığıma tez qovuşum ki, 2 uşağımın üstündə dura bilim", 22 yaşlı Surə deyir.

Surənin yaxın qohumu Kəmaləddin Tahirov deyir ki, hər şey onun xanımının İstanbulda getdiyi bir Quran kursundan başlayıb.

"Kursda yoldaşım demişdi ki, xalamqızı xəstədir, ona köməklik olunmasını istəyirik. Kursdakı qadınlardan biri bununla bağlı yardım dərnəklərinə deyəcəyinə söz verdi. Bundan sonra bir fondun rəhbəri olan Dəniz adlı bir nəfər mənə zəng edərək Surə və xəstəliyi ilə bağlı detallı məlumatları aldı və dedi ki, sizə köməklik olunacaq. Bundan sonra Suranın müalicəsi üçün Türkiyədən və Avropanın müxtəlif yerlərindən maddi yardım dəstəkləri edilməyə başladı. Köməklik etmək istəyən insanlar mənimlə əlaqə saxlayır, dəqiqlik üçün Suranın pasportunun surətini istəyib yardım göndərirdilər", Kəmaləddin Tahirov Haluk Leventin məlum tvitinə qədər yaşadıqlarını xatırlayır.

Surə müalicəsinin ilk mərhələsini İstanbuldakı özəl "Hisar" xəstəxanasında alıb. 45 min dollar tutan kimya terapiya xərclərini isə Türkiyə və Avropadan edilən maddi dəstəklərlə ödəyə bilib. Müalicənin ikinci mərhələsi isə başqa bir özəl xəstəxanada "ağıllı dərman" üsulu ilə aparılmağa başlayıb.

Gənclər Bakının musiqi səhnəsini necə dəyişir?Musiqi alətində ifa etməyi öyrənmək heç vaxt gec deyilŞən musiqi niyə bizi pis işlər görməyə vadar edir? Haluk Levent Surə Nadirova ilə necə tanış olub?

Haluk Leventin məlum tvitini paylaşmasının səbəbi isə bir izləyicisinin paylaşdığı tvit olub. Özgür Aykaç adlı bir şəxs sənətçinin "hodgkin limfoması ilə həyat mübarizəsi verən iki uşaq anası Surəyə diqqət yönəltməsini" istəyib.

Bundan sonra AHBAP təşkilatının təmsilçiləri ailə ilə əlaqə yaradaraq Haluk Leventin yardım təklifini çatdırıb və Surəni evində ziyarət ediblər.

Tuğba Serbest AHBAP platformasının təmsilçisi kimi ailəni ziyarət edib.

"Biz nə ehtiyacları varsa, öyrənmək üçün ailəni ziyarətə getdik. Sura xanımın bütün sənədlərini incələdik. (Türkiyənin) Səhiyyə Nazirliyi ilə də danışdıq. Xarici vətəndaş olduğu üçün Türkiyədə qubernatorluğun icazəsi lazım olan kampaniyanı başlada bilmirdik. Görüşdüyümüz bir xəstəxana bizə Surə xanımın müalicəsini apara biləcəklərini, bunun məbləğini və bir müddət sonra Surə xanıma ilik nəqli edilə biləcəyini söylədilər. Müalicə xərclərinin 400 min lirə tuta biləcəyini söylədilər. Biz də Haluk bəyə bilgi verdik" yardımlaşma platformasının təmsilçisi bildirib.

Konsertin baş tutmasına qədər olan müddətdə Surə Nadirovanın müalicəsinin davam etməsi üçün Haluk Levent ilə xəstəxana arasında razılaşma imzalanıb. Bu sənədlə Haluk Levent üzərinə belə bir öhdəlik götürüb ki, konsert reallaşana qədər xəstəxana Surənin müalicəsini axsatmadan davam etdirsin, o isə konsertdən toplanacaq vəsaitlə bütün xərcləri ödəyəcək.

BBC News Azərbaycancaya müsahibəsində Haluk Levent Bakıdakı xeyriyyə konserti ilə bağlı təşəbbüsünə Azərbaycan tərəfindən müsbət reaksiya verildiyini deyib.

Sənətçi deyir ki, kampaniyanı başlatdığı ilk andan etibarən ona "təşkilatçılar, menecerlər, studiyalar zəng ediblər":

"Amma ən önəmlisi isə dövlət rəsmiləri tərəfindən aranmaq qürurumuzu oxşadı", türk rok sənətçisi deyib.

Haluk Leventlə müsahibə:

-Haluk bəy Azərbaycan mövzusu repertuarınıza yad deyil. Bir neşə il öncə "Yandırdın qəlbimi" mahnısını fərqli şəkildə oxumuşdunuz...Yenidən Azərbaycanla fərqli bir bağlantınız olur...

-Mən konsertlərimdə sadəcə "Yandırdın qəlbimi" mahnısını oxumuram. Bir çox Azərbaycan mahnısını oxuyuram. Məsələn, albomlarımda "Bülbül" mahnısı var.

"Bülbülün geydiyi sarı,

Ağlıyaram zarı-zarı.

İtirmişəm Nazlı yarı,

Sən ağlama, mən ağlarım.

Çox gözəl bir parçadır bu. Konsertlərimdə tez-tez "Naaçaram mən, naçaram" mahnısını oxuyaram.

Qızıl üzük laxladı

Verdim anam saxladi" mahnısını da cox sevirəm. Çok gözəl bir parçadır bu.

Mən bir çox Azərbaycan mahnılarını ifa edirəm. Əvvala, mən Azərbaycan mədəniyyətini sevirəm. Yetişdirdiyi çox önəmli sənətçilər var, xüsusi ilə klassik musiqidə. Bu səbəblə mən Azərbaycana uzaq deyiləm.

-Surə Nadirova ilə bağlı başladığınız kampaniya çərçivəsində nələr edəcəksiniz?

-Surə ilə bağlı çağırışımdan sonra Türkiyədə "hesab nömrəsi verin, Azərbaycana gərək qalmadan biz bu pulu toplayaq" dedilər. Xeyr! Mən bunu istəmədim! Qardaşlıq - həmrəylikdir. Qardaşlıq belə günlərdə bəlli olur. Biz iki ölkə xalqlarının ortaq məxrəcdə, ortaq mənfəətlər üzərində gözəl birlik yaşamasını istədik.

Şübhəsiz ki, yaşayırıq!

Şübhəsiz, bir-birimizi çox sevirik.

Amma bir dəfə də xatırlatmaq istədim. Biz qardaşıq, biz canıq, biz biriz. Bizim bir yerimiz ağrıyırsa, Azərbaycandan duyurmalı, Azərbaycandakı bir uşaq narahatdırsa, bunu özümüzün narahatlığımız kimi qəbul etməliyik.

-Bu kampaniya ilə nə edəcəksiniz?

-Surə burda özəl bir bir xəstəxanada müalicə ediləcək. Müalicə xərcləri təxminən 400 min lirə tutur. Haluk Levent olaraq mən konsertdən qonarar almayacam. Orkestrimlə birlikdə Bakıya gedəcəyəm, onlar da qonorar almayacaq. Orda yığılan bütün pullar təşkilatçı tərəfindən Surənin hesabına yatırılacaq.

İnanıram ki, Azərbaycandakı bir çox şirkət və sponsorlar əllərindən gəldiyi qədər bu vəsaitin toplanmasına kömək edəcəklər.

Haluk Levent bildirib ki, Azərbaycanda fəaliyyət göstərən Nərgiz Fondu ilə dekabrın 7-də Elektra Events hall-da konsert verməyə razılaşıb.

Mənbə: www.bbc.com