Tərəf-müqabilləri tamaşaçıların sevimli "Məzi"si ilə olan xatirələrini bölüşdülər

Tərəf-müqabilləri tamaşaçıların sevimli "Məzi"si ilə olan xatirələrini bölüşdülər

29 iyun - Musiqili Komediya Teatrının aktyoru, Əməkdar artist, tamaşaçıların daha çox "Məzi" kimi tanıyıb sevdiyi Elçin Həmidovun doğum günüdür.

"Kaspi" qəzetinə onunla bir teatrda və tamaşalarda, film və layihələrdə tərəf-müqabil olan sənət yoldaşları mərhum aktyorla bağlı xoş xatirələrini bölüşüblər.

Onu heç kim əvəz edə bilməz

"Planet Parni iz Baku" KVN Teatrının bədii rəhbəri və rejissoru, Əməkdar artist Tahir İmanov "Elçinlə çox gec tanış olduq, amma buna baxmayaraq, qısa zamanda böyük layihələrə imza atdıq", - deyə xatırlayır: "Parni iz Baku" KVN Teatrını yaratdıq. Birgə Avropanın bir çox ölkələrini gəzdik, oralarda verilişlər çəkdik. Birgə ilk kommersiya filmlərinə imza atdıq. Söhbət "Məhəllə" film seriyasından, "Məşədi İbad 94" filmindən gedir. Onda ağlımıza gəlməzdi ki, bunlar indi dəbdə olan kommersiya filmləri olacaq. Biz bir çox ilklərə imza atdıq. İndiki dövrlə müqayisə etsək onda həm maddi, həm texnika baxımından imkan daha az idi. Buna baxmayaraq, biz çalışdıq. Sözün əsl mənasında gecə-gündüz işləyirdik. Hətta gecələr çəkilişlərdən gələndən sonra da zəngləşib fikirlərimizi bölüşərdik. Elçin özünə görə çox tələbkar idi. Ətrafındakılardan da tələb edirdi ki, peşəkar olsunlar: hər kiçik nüansa, davranışlarına, zarafatlarına, danışıqlarına fikir versinlər. Bu cür peşəkarların bu gün olmaması bizim üçün problem yaradır. Onun yeri həmişə boş olacaq. O yeri heç vaxt heç kim tuta bilməz. Elçin doğrudan da qeyri-adi bir insan və aktyor idi".

Onun sonuncu bileti...

"Bu şəhərdə"nin prodüseri Müşfiq Abbasov: "Elçin dünyasını dəyişəndə biz Heydər Əliyev Sarayında konsertdə idik. İki gündən sonrakı konsert üçün də onun tamaşaçı qismində bileti vardı. Hətta 15 il əvvəl bizim konsertlərin birində aparıcı olmuşdu. Ancaq həmin gün üçün onun zalda nəzərdə tutulan yeri boş qaldı. Teatr səhnəmizdə də onun yeri vardı, o da boş qaldı. Həmin gün konsert davam edirdi - Rafaellə Coşqun hələ səhnədə idi. Amma Elçinin ölüm xəbərini mənə dedilər. Səhnə arxasında olan əməkdaşların hamısına tapşırdım ki, xəbəri Rafaellə Coşquna deməsinlər, bu, istər-istəməz konsertə təsir edəcək. Çünki onlar yaxın dost idilər və hər ikisi Elçini çox istəyirdi. Konsertdən sonra qrim otağına qalxarkən "Elçin Həmidov dünyasını dəyişdi", - deyə onlara xəbər verdim. Hər ikisi başlarını tutub liftdə yerə oturdu... Elçin hələ sağlığında bizə söyləyirdi: "Deyirsiniz dostam, deyib-gülürük, amma mən öləndə iki gün meyitim bir küncdə qalacaq, sonra cəsədimi tapacaqlar..." Həqiqətən də belə oldu..." M.Abbasov deyir ki, Elçindən yalnız xoş xatirələr qalıb: "O, çox təmiz insan idi. Həyatı yetimçiliklə, kasıbçılıqla keçmişdi. Gənc yaşlarında valideynlərini, qardaş-bacısını itirmişdi. Öz istedadı və zəhməti sayəsində institutu qurtardı, çalışdı, ev aldı. Bahalı parfümləri və qızıl bər-bəzəkləri - saat, üzük, qolbaq və s. xoşlayırdı. Hər şeyin ən bahalısını və zövqlüsünü alırdı. Özü də "qızıl" kimi insan idi. Harasa səfərə gedərkən "sənin üçün nə gətirim?" deyə soruşanda "bilmirsən, nə gətirmək lazımdı?" deyirdi. Mən onun hər doğum və anım günündə, bayramlarda qəbri üstünə gedirəm..."

"Axır ki, rejissor məni gördü..."

"Xalq arasında belə bir söz var: tıxsız balıq. Elçin də belə insan idi...", - deyə Əməkdar artist Rafael İsgəndərov sənət dostunu yada salır: "Elçin teatrın pərdəarxası intriqalarına qarışmayan, bəxti-taleyi bir qədər gətirməyən insan idi. Özü həmişə bəxtindən şikayət edərdi, "qapılarda böyüdüm, ac qaldım, o qədər yemək yemirdim ki, vitaminsizlikdən kirpiyim, saçım tökülürdü" deyirdi. Dostları çox deyildi, amma dost məclislərində can-başla iştirak edərdi. Məclis insanı idi. Yaxınlarına can yandırardı. Ölümündən iki həftə qabaq oynadığı tamaşa səs-küy yaratmışdı. "Axır ki, rejissor məni başqa ampulada gördü", - deyə sevincini bölüşürdü. Bizi də tamaşaya dəvət etmişdi. Adətən, istəyərsən ki bir layihədə sevdiyin bir insanla tərəf-müqabil olasan. Bu da bizə nəsib olurdu - həm filmlərdə, həm tamaşalarda onunla görüşürdük. Onunla bir neçə tamaşada və filmdə əməkdaşlığımız oldu". R.İsgəndərov deyir ki, indi onu yad edəndə kədərlənmirlər: "Mən Elçinlə çox zarafat edirdim. Amma sağlığında bunun halallığını almışdım. Deyirdi ki, səni çox istədiyimə görə bağışlayıram. Qəribədir ki, biz dostlarla onu yad edəndə kədərlənmirik, əksinə, onun etdiyi zarafatları yada salıb gülürük".

Yoxluğu üçün darıxıram

Elçin Həmidovla Musiqili Komediya Teatrında çiyin-çiyinə çalışan Əməkdar artist Çingiz Əhmədov xatırlayır: "Biz yenə həmin teatrda çalışırıq, amma onun yoxluğu üçün darıxıram. Mən 1984-cü ildə teatra gələndə Elçin artıq işləyirdi. Sovet dövründən bir yerdə işləmişik, yol yoldaşı olmuşuq, dostluq etmişik. 2008-ci ildə Gürcüstana səfərə yollandıq. Biz bir kupedə getdik, hoteldə də bir otaqda qaldıq. Orada konsertlərdə iştirak etdik. Gürcüstanda yaşayan azərbaycanlılar onu da, məni də tanıyırdılar. Onun qan təzyiqi yüksək olurdu, bəzən burnundan qan açılırdı. Orada da xəstələndi". Ç.Əhmədov xatırlayır ki, mərhum aktyorla sonuncu işi Qoqolun "Evlənmə" komediyası əsasında hazırlanan tamaşada olub: "Bir premyeranı nazirlik üçün oynadıq. 2-ci premyerada məşqlərə gəlmirdi. Zəng edirdik, cavab vermirdi. Sonra aktrisa Kübra Əliyeva ilə Tahir və Cabir İmanov qardaşları gedib onu evdə keçinmiş vəziyyətdə tapdılar. Həmişə deyirdi ki, görəsən, mən 50 yaşı keçəcəyəm? Bizim nəsil bu yaşı keçmir, bacım da, qardaşım da keçməyib..." Elə bil ürəyinə dammışdı. Elçin hamımızın yaralı yeridir..."

Mənbə: oxu.az