Çingiz Fərzəliyevə Fransanın İncəsənət və Filologiya Kavaleri ordeni təqdim edilib

Çingiz Fərzəliyevə Fransanın İncəsənət və Filologiya Kavaleri ordeni təqdim edilib

Bu gün Fransa səfirliyində Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevə Fransanın İncəsənət və Filologiya Kavaleri ordeninin təqdim edilməsi mərasimi keçirilib.

APA-nın verdiyi xəbərə görə, tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Zakari Qros qeyd edib ki, 2012-ci ildə Bakıda təşkil olunmuş Fransa inciləri sərgisinin keçirilməsi, 2017-ci ildə İncəsənət Muzeyində Fransa mədəniyyətinin incilərinin nümayiş olunması, bu yay isə Fransa-Azərbaycan birgə arxeoloji qazıntılarının 10 illiyinə həsr olunmuş sərginin keçirilməsi Çingiz Fərzəliyevin Fransa-Azərbaycan mədəni əlaqələrinə verdiyi töhfələrdir.

"İncəsənət və Filologiya Kavaleri ordeni bədii, ədəbi sahədə incəsənətə və ədəbiyyata töhfələr verən şəxslərə verilir. Bu ordenin verilməsi sizə göstərdiyimiz hörmətin göstəricisidir", - deyə səfir bildirib.

Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev hər bir ölkənin ümumbəşəri sivilizasiyaya töhfəsi olduğunu vurğulayaraq, Fransanın dünya mədəniyyətinə verdiyi töhfələri xüsusi qeyd edib: "Fransa kimi ölkənin milli ordenini almaq böyük şərəfdir. Fransa və Azərbaycan arasında mədəni əlaqələri yaratmaq və inkişaf etdirməkdən məmnunam".

Mənbə: apa.az