İran Azərbaycanında türkdilli "Kömür" filmi böyük ekranlara çıxıb

İran Azərbaycanında türkdilli "Kömür" filmi böyük ekranlara çıxıb

İran Azərbaycanı və Fransanın ortaq məhsulu olan "Kömür" filmi müxtəlif şəhərlərdə ekranlara çıxıb.

Azərbaycan türkcəsində çəkilmiş filmin premyerası oktyabrın 9-da Təbrizin Setare-Baran kinoteatrında baş tutub.

Ərdəbilin İnqilab kinoteatrında isə filmin təqdimatı oktyabrın 12-də keçiriləcək.

İran Azərbaycanının Astara şəhərində çəkilmiş “Kömür” filminin ssenari müəllifi və rejissoru İsmayıl Münsif və prodüseri fransalı Etienne de Ricaudur.

"Qeyrət adlı xarakter Azərbaycanın sərhəd kəndlərindən birində kömür istehsalı işin ilə məşğuldur. Qızıl oğurladığına görə həbsxanada olan oğlu Yaşar bacısının toyu üçün məzuniyyətə çıxır. Ancaq Yaşarın qəfil yoxa çıxması ilə Qeyrət yeni bir problemlə üzləşir ..." - deyə filmin təqdimatında (tanıtım) yazılıb.

Film İranın önəmli "Fəcr" adlı kino festivalında diqqətləri cəlb etsə də, heç bir mükafat qazanmağa müvəffəq olmayıb.

Filmin rejissoru Münsif öz İnstagram səhifəsində filmin heç bir mükafata layiq görülməməsinin səbəbini türk dilində çəkilmiş olması ilə izah edib. O, həmçinin bildirib ki film fars dilində çəkilsə idi, yəqin ki, taleyi başqa olardı.

"Ancaq hər zaman türk dilində filmlər çəkəcəyimi söyləməliyəm. İran kinosunda türklərin payı sadəcə tamaşaçıların onlara güldüyü gülünc və sadəlövh personajlardan ibarətdir və senzuraçılar isə senzura etmədikləri təkcə şey müxtəlif etniklərə olan təhqirlərdir" - deyə, güneyli rejissor bildirib.

Mənbə: www.amerikaninsesi.org