“Zamanında sənət adamlarını küsdürdülər və onlar gənclərə örnək olub nəsə öyrədə bilmədi”

“Zamanında sənət adamlarını küsdürdülər və onlar gənclərə örnək olub nəsə öyrədə bilmədi”

"Bizim cəmiyyətdə belə fikir formalaşıb ki, sən əlli yaşdan sonra ancaq başına yaylıq bağlayıb oturub nəvənə baxmalısan"

“Ümumiyyətlə, həyatda başına gələcək hadisələrdən insan hardasa nəticə çıxarmalıdır ki, dəyişsin. Bizdə belə bir tendensiya var ki, bütün sahələrdə müəyyən yaşdan sonra sanki heç kimə lazım deyilsən”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva deyib. Aktrisa cəmiyyətin yaşlı insanlara olan mənfi münasibətini bəyənmədiyini bildirib:

“Mənə elə gəlir ki, nə müharibələr, nə də viruslar dünyada heç nəyi dəyişməyib. Həmin o nadürüst insanlar da dünyadan təmizlənə bilməyib. İnsanın təməli təmiz olmalıdır ki, daxilən dəyişsin. Ümumiyyətlə, həyatda başına gələcək hadisələrdən insan hardasa nəticə çıxarmalıdır ki, dəyişsin. Bizdə belə bir tendensiya var ki, bütün sahələrdə müəyyən yaşdan sonra sanki heç kimə lazım deyilsən. Burda söhbət təkcə məndən getmir, ümumi deyirəm. Biz əgər hardasa avropalaşırıqsa, elə yaxşı şeyləri götürək də, pis şeyləri niyə götürürük? Mən xaricdə olanda görürəm ki, müəyyən yaşdan sonra insanlara münasibət dəyişmir, amma bizdə bunun əksidir. Sanki əlli yaşını keçdinsə, hər şeydən təcrid olunmalısan. Hətta sənət aləminin özündə də bu var. Məsələn, gənc yaşda rollar oynayırsan, amma müəyyən vaxtdan sonra hiss edirsən ki, səni kənarlaşdırmağa başlayırlar, özünü lazımsız hiss edirsən. Bizim cəmiyyətdə belə fikir formalaşıb ki, sən əlli yaşdan sonra ancaq başına yaylıq bağlayıb oturub nəvənə baxmalısan. Bir söz demirəm, nəvəyə də baxmaq, kömək də etmək olar. Amma bu insan ömrü boyu işləyib, uşağını böyüdüb və bunun haqqı yoxdurmu cəmiyyətdə insan kimi fəaliyyətini davam etsin?

Xaricdə insanlar müəyyən yaş keçəndən sonra xarici dil öyrənirlər, iş qururlar. Bizdə bir şəkil paylaşanda deyirlər ki, əlli yaşını keçib, bu nə haydadı. Ay balam, əlli yaşını keçəndən sonra insan ölməlidir? Əksinə, insan yaşa dolduqca təcrübə toplayır. Bu gün bizim sahədə niyə peşəkar rejissorlarımız yetişmir, çünki zamanında bizim o sənət adamlarını kənarlaşdırdılar, küsdürdülər və onlar gənclərə örnək olub nəsə öyrədə bilmədilər. Mənim dediklərim bir daha təkrar edirəm cəmiyyətdəki vəziyyətlə bağlıdır, təkcə özümə aid deyil. Lazım gələndə mənim elə tərifləyirlər ki, güzgüdə özümə baxanda deyirəm ki, bu mənəm?”.

Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az