Azərbaycan xalq rəssamı və milli rəssamlıq sənətinin ən parlaq nümayəndələrindən biri GÜLLÜ MUSTAFAYEVAnın doğum günüdür.
Hörmətlə xatırlayaq.
Azərbaycanın ilk qadın rəssamlarından biri olan Güllü Mustafayevanın incəsənətimizdə böyük xidmətləri var.
Güllü Mustafayeva 29 noyabr 1919-cu ildə Türkmənistanın Çarcuy şəhərində anadan olmuşdur.
Güllü Mustafayeva əslən Şamaxıdandır. 1902-ci il Şamaxı zəlzələsindən sonra G.Mustafayevanın atası Hacı Naim Mustafa ailəsi ilə Türkmənistanın Çarcuy şəhərinə köçmüşdür. Güllü Mustafayeva da bəmin şəhərdə anadan olmuşdur. G.Mustafayevanın anası Nabat xanım S.Ə.Şirvaninin nəslindən olub. 1927-ci ildə Hacı Naim Mustafa ailəsi ilə Türkmənistandan Bakıya, İçərişəhərə köçmüşdür.
Ziyalı ailənin övladı olan Güllü xanım zaman yetişdikdə öz sənətini seçmiş və rəssamlığa meyl göstərmişdir. Belə ki, rəsm sənətini dərindən mənimsəyən rəssam qadın 1938-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirib. Xalq rəssamı yaradıcılığında təsviri sənətin müxtəlif janrlarına müraciət edib. Bir-birindən maraqlı epizodlara malik olan tabloları ilə yanaşı, portret, peyzaj, natürmort kimi digər janrlara da yaradıcılığında yer vermişdir.
Məşhur rəssam 1941-ci ildə “Leyli və Məcnun məktəbdə”, 1961-ci ildə isə “Paris. Rəssamlar meydanı” adlı əsərlərini yaratmışdır. Əsərlərində mövzu dərinliyinə xüsusən önəm verən rəssam obrazların daxili mənəvi dünyasını, obyektlərin düzgün quruluşunu və rənglərin ahəngdar koloritini dəqiqliklə işləmişdir. Bununla bərabər, rəssam portretlərində hər bir obrazın psixoloji xüsusiyyətləri yanaşı, dövrün həyat tərzinə uyğun olan geyim üslublarını və yaşayış mühitini də ustalıqla işləmişdir.
Bu cür yaradıcı əsərlər arasında rəssamın 1947-ci ildə ərsəyə gətirdiyi şairə Məhsəti Gəncəvinin portretini misal çəkmək olar. Təsvirdə şairənin üz cizgilərindəki sərt ifadə yaşadığı dövrün çətinliklərindən xəbər verir. Bununla belə, humanist baxışları onun şairanə ruhunu ön plana çıxarmışdır. Əsərin bu cür sintezli bir şəkildə hazırlanması, özündən çox-çox əsrlər əvvəl yaşayıb-yaratmış bir şairənin portretini yaratması Güllü Mustafayevanın fırça ustası olduğunu qətiyyətlə sübuta yetirir.
Güllü Mustafayeva əmək qəhrəmanlarının, elm və incəsənət xadimlərinin də portretini yaratmışdır. Nümunə olaraq, Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırova, xalq rəssamı Səttar Bəhlulzadə, oftalmoloq, tibb elmləri doktoru Umnisə Musabəyova, nevropatoloq, tibb elmləri doktoru Zəhra Salayeva kimi şəxsiyyətlərin portretlərini göstərmək olar. Güllü Mustafayeva yaradıcı fəaliyyətində uşaq mövzusuna da toxunmuşdur.
Tematik tablolar və portretlər yaratmışdır: “Leyli və Məcnun məktəbdə”, “Şairə Məhsətinin portreti”, “Professor Y. Musabəyovanın portreti”, “Paris. Rəssamlar meydanı”, "Mərziyyə Davudova”,” Bəsti Bağırova”, "Ümnisə Musabəyova”, "Ceyran Bayramova”, "Şəfiqə Axundova”, "Səttar Bəhlulzadə”, " Abdulla Şaiq”, "Süleyman Rəhimov” və digə əsərlıri bu gün də ən qiymətlu sənət nümunələri hesab olunur.
Güllü Mustafayevanın yaradıcılığında uşaq portretləri xüsusi silsilə – (məsələn, “Bizim uşaqlar” silsiləsi) təşkil edir. O, uşaq dünyasının paklığını, sevincini, səmimiliyini onlara həsr etdiyi əsərlərində elə təbii, dolğun və mükəmməl yaradıb ki, saatlarla nəzərlərini bu portretlərdən ayıra bilmirsən.
Portret janrının ustası uşaq portretlərini də eyni dəqiqliklə işləmiş və azyaşlıların üzlərindəki məsumluğu, gözlərindəki dərin xəyali düşüncələri tabloya həkk etməyi bacarmışdır.
Görkəmli rəssamın zəngin yaradıcılığı 1973-cü ildə Azərbaycan SSR Əməkdar Rəssamı adına layiq görülməsi ilə yüksək qiymətləndirilmişdir.
Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında saxlanılır.
Rəssam olmaqla yanaşı, cəfakar, zəhmətkeş ana olan Güllü Mustafayeva 1994-cü ildə Bakı şəhərində şəkər xəstəliyi səbəbindən vəfat etmişdir.
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü






Mənbə: buta.ws