“O olmasın, bu olsun” filmi Azərbaycanın ən gözəl filmlərindən biridir. Filmdə çəkilən bütün sənətkarlar tamaşaçılar tərəfindən sevilərək, böyük rəğbət qazanıb. Bu filmdəki hambal obrazı isə yəqin ki, hər birinizin yadındadır. Bu rolu aktyor, qəzəlxan Əhməd Əhmədov oynayıb. Əhməd Əhmədov 1902-ci ildə Bakıda doğulub. Çoxlarının bu obrazla tanıdığı aktyor Gənc Tamaşaçılar Teatrında çalışıb, xarakterik rollarla səhnəyə çıxıb.
Əhməd Əhmədovun nəvəsi, jurnalist Zərifə Əliyeva Moderator.az-a bildirib ki, babası uşaq yaşlarından meydan tamaşalarında, şəbihlərdə oynayıb.
“Əhməd Ruminski, ömrünün 40 ildən çoxunu Gənc Tamaşaçılar Teatrının səhnəsinə həsr etmiş bir aktyor idi. Müxtəlif obrazlar yaradan bir insan idi. Çox erkən yaşlarından ədəbi mühitə atılan, 5 mindən çox qəzəlin müəllifi, bir çox dram əsərlərini qələmə alan- bunların hər üçü Əhməd Rumlu eyni adam idi və mənim babam idi. Gənc Tamaşaçılar Teatrında mən deməzdim ki, babam böyük rollar ifa edib. Aktyorun məharəti onda görünür ki, o kiçik rolları da ifa etsin, yaddaşlarda qalsın” - deyə aktyorun nəvəsi bildirib.
Əhməd Əhmədovun nəvəsi deyir ki, babasının yazdığı dram əsərləri nəinki Azərbaycanda, digər ölkələrin teatrlarında da səhnəyə qoyulub. “O olmasın, bu olsun” filminə dəvətinin isə marağlı tarixçəsi var.
“Bütün obrazlar bölüşdürülmüşdü, təkcə hambal obrazı qalmışdı. Məşədi İbad “hambal” deyib çağıranda görürsüz nə qədər hambal gəlir, onların hamısı bu rol üçün gələn aktyorlar olub, amma sınaq çəkilişlərinə qəbul olunmamışdılar. Qərara gəliblər ki, Moskvadan aktyor dəvət etsinlər, Məşədi İbad rolunun ifaçısı Əliağa Ağayev deyib ki, mənim bir dostum var, teatrda çalışır. Onlar babama müraciət edir. Əvvəlcə babam onların təklifini qəbul etmir, çox təkid edirlər ki, səni bu rolda görürük. Onu tanıyanlar bilir ki, o hər zaman dəblə, səliqəli geyinirdi, başında şlyapa, əlində əsa. Sınaq çəkilişinə də elə bu görkəmdə gəlir. Rejissor onun bu cür görüb deyir ki, yox, olmaz. Babam qrim otağına keçir, libasını geyinir, qrimlənib, əlindəki əsa ilə qapını açıb, deyir ki, “A məşədi”.. Birdən hamı onu alqışlayır və rejissor onu hambal rolu üçün çəkilişə dəvət edir” - deyə Zərifə Əliyeva bildirib.
Əhməd Əhmədovun nəvəsi deyir ki, babası çox ciddi və xeyirxah insan olub. Kiçik obrazın, böyük aktyoru olan Əhməd Əhmədov “O olmasın, bu olsun” filmi yaşadıqca o da daim tamaşaçıların qəlbində yaşayacaq.
Mənbə: moderator.az