Azərbaycanın ilk poliqrafçı alimi, ustad naşir, yazıçı Şəddat Cəfərovun 80 illyinə həsr olunmuş kitab çapdan çıxıb. Yazıçı publisist Fatma Həsənqızının müəllifi oluğu kitabda tanınmış ziyalının zəngin və mənalı ömür yolu haqqında söhbət açılır.
“Acılı-şirinli” günlər kitabının birinci və ikinci cildləri 1994-cü ildə kiril əlifbası ilə çap olunub, daha sonra isə 2-ci cildi çap edilib. Rəğbətlə qarşılanan kitaba tələbat artdığı üçün hər iki cild cəmləşdirilərək naşirin 80 illik yubileyi ərəfəsində yenidən çap edilib.
Milli poliqrafiyamızın inkişafında böyük xidmətləri olan Şəddat Cəfərov 1940-cı ildə Lənkəran rayonunda anadan olub. Gənc yaşlarından 26 Bakı Komissarı adına indiki 1 saylı mətbəədə sinkoqrafiya sexində şagird kimi işə başlayan naşirin bu il əmək fəaliyyətinin 65-ci ilidir. O daim öz işində yeniliklər axtarmış, daha səmərəli üsullar taparaq, avtomatlaşdırılmış axın xəttini tətbiq etməklə mətbəədə böyük iqtisadi səmərə əldə edilməsinə nail olub.
İstehsalatla bərabər elmi işlə də məşğul olan Şəddad müəllim namizədlik dissertasiyası müdafiə edib, iqtisad elmləri namizədi adını alıb. O "Yeni kitab" mətbəəsində direktor, sonra isə "Kommunist" nəşriyyatında təsərrüfat işləri üzrə baş direktor müavini vəzifəsində işləyib. 1985-ci ildə Şəddat Cəfərov "Ulyanovskaya Pravda" nəşriyyatına baş direktor vəzifəsinə təyin olunduqdan sonra bu müəssisəni ən qabaqcıl bir mətbəəyə çevirib. Azərbaycanın ilk poliqrafçı alimi Şəddat Cəfərov "Vətən" nəşriyyatının direktoru, "Əkinçi" mətbuat cəmiyyətinin vitse-prezidenti, "Qızıl qələm" mükafatı laureatıdır.
Onun haqqında dərc edilən əsər və publisist yazılarda şəxsi, insani, humanist, siyasi vətənpərvərlik və s. keyfiyyətləri göstərilib. Həm də bədii yaradıcılıqla məşğul olan Ş.Cəfərovun "Mədəni adam", "Qovaq ağacı", "Yaxşısı budur dözək", "Həbib dayı və müdir bəy", "Arayış", "İmtahan", "Vəd" kimi hekayələri cəmiyyətdə baş verən reallıqları əks etdirir.
Şəddat Cəfərovu tanınmış ziyalılar "Poliqrafiya elminin ilk qaranquşu", "Peşəsinin akademiki" də adladırıblar.
Öz bilik, bacarıq və təcrübəsini gənclərə həvəslə öyrətməklə yeni nəsil poliqrafçılar yetişdirən Şəddat müəllim hazırda 3 saylı Bakı Mətbəəsində fəaliyyət göstərir.
Mənbə: www.realtv.az