Gəncədə “Nəsimi ili”nə həsr edilən konfrans keçirilib

Azərbaycan Texnologiya Universitetində (UTECA) “Nəsimi ili”nə həsr edilən “Elmi nailiyyətlərin texnoloji inkişafda rolu” adlı elmi-praktik konfrans keçirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, respublika konfransının plenar iclasında Gəncə şəhər İcra Hakimiyyətinin və respublikanın bir sıra universitetlərinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov konfransı açıq elan edərək, elm və urfan şairi İmadəddin Nəsiminin elmə verdiyi töhfələrdən danışıb. Şairə vaxtilə Ulu Öndər tərəfindən dəyər verildiyini, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illiyinin YUNESKO səviyyəsində qeyd edildiyini vurğulayıb. Hazırda isə ölkə prezidentinin sərəncamı ilə Nəsimi yaradıcılığının 650 illiyi respublika səviyyəsində qeyd edilir.

Sonra iştirakçılar Nəsimi ideyalarının müasirliyini, elmdə rolunu ifadə edən videoçarxı izləyiblər.

Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Vəfa Abbasova və Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Anar Hətəmov çıxışlarında dahi mütəfəkkirdən söz açıb, bu gün keçirilən konfransın məhsuldar olacağını vurğulayıblar.

Tədbirdə GDU-nun dosenti Sevda Əliyeva, UTECA nümayəndələri - professorlar Əhəd Nəbiyev, Bayram Bağırov, Magistratura və doktorantura şöbəsinin müdiri Sadiq Əfəndiyev, baş müəllim Zəminə Novruzova müxtəlif, magistrlar Hüseyn Mərdanov, Arzu Məmmədova isə “Texnoloji inkişafda rəqəmsal marketinq”, “Süni intelektin şəbəkə trafiki sistemlərində tətbiqi” kimi mövzularla çıxış ediblər.

Sonda Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetin, Azərbaycan Texnologiya Universitetinin, Gəncə Dövlət Universitetinin, Mingəçüvir Dövlət Universitetinin tədqiqatçılarının məruzələri dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb, təkliflərin dinlənilib.

Qeyd edək ki, konfransın məcmuələr toplusuna 100-ə yaxın tezis daxil edilib

Report.az

ƏVVƏLKİ XƏBƏR

"Barselona" super transferlərə hazırlaşır

SONRAKI XƏBƏR

"Qarabağ"a məğlubiyyət gətirən qol - VİDEO