Pərviz Bülbülə: "Sırqa taxmıram, qaş aldırmıram, saçım tökülmüşdü, saç əkdirmişəm"

Pərviz Bülbülə: "Sırqa taxmıram, qaş aldırmıram, saçım tökülmüşdü, saç əkdirmişəm"

"Əvvəllər kişilər müəyyən yaşdan sonra saqqallarına həna qoyurdular. Onda onları da qınamalıydılar"

"İstəyirlər ki, duet oxusunlar, ancaq duet oxumaq da bir bacarıq tələb edir. Quyuya su tökməklə quyu dolmur ki"

Son illər maraqlı duetlər dəbdədir. Xüsusilə də meyxanalı duetlərə tələbat çoxalıb. Elə bu tələbatı nəzərə alıb bu gün duetləri ilə gündəmdə olan meyxanaçı Pərviz Bülbülə ilə həmsöhbət olduq. «Şərq»in qonağı olan Pərviz Bülbülə maraqlı açıqlamaları ilə diqqət çəkdi.

- Yeni mövsümə Pərviz əməlli hazırlaşıb deyəsən...

- Sənətdə olan hər bir insan mövsümdən-mövsümə deyil, ümumiyyətlə, axtarışda olmağa çalışmalıdır. Yenilik vacibdir. Bu gün elə bir zamana gəlib çıxmışıq ki, dinləyici zövqünü tutmaq çətindir. Sosial mediadan hər gün bir ifaçı, bir mahnı dəbə düşür. Sən də çalışmalısan ki, gündəmdə olasan.

- Yəni gündəmdə olmaq üçün çalışırsan?

- Bilirsiz, deyim ki, gündəm mənim üçün maraqlı deyil, yalan olar. Çünki gündəmdə olmasan, sənə maraq olmayacaq. Maraq yoxdusa toy da olmur, qazanc da. Ancaq sənət adı ilə nə isə etmək istəyirsənsə, bu, başqa bir söhbət. Bir də ki, mən təkcə gündəm üçün də çalışmıram. Mənim yaradıcılığımı izləyənlər bilir ki, qəzəllərin müəllifiyəm. Amma toyda qəzəllə pul qazanmaq da olmur. Yalandan deyim ki, məni pul maraqlandırmır. Yalan deyə bilmərəm. Çalışıram ki, həm bu gün tələbat nədirsə, o üslubda meyxanalı musiqilər ifa edim, eyni zamanda yeri gələndə qəzəllər də təqdim edirəm.

- Yeri gəlmişkən, tələbat demişkən, sənətdə olanlar zahiri görünüşə də önəm verirlər. Sən də yenidən saç əkdirmə əməliyyatı keçirmisən. Yeni imicin də mübarək!

- (Gülür) Hə, çox sağ olun. Subaylarınızın toyunda inşallah. Hə, saçımın ön hissəsində seyrəlmə var idi. Mən də qərara gəldim ki, saç əkdirim. Belə də ki, pis görünmür axı. Səhnədə olan insan görünüşünə də diqqət etməyə məcburdu. Sənət dostlarımın bəzilərində gördüm bəyəndim, mən də etdim. Pisdir ki?

- Yox, əksinə, yaxşı görünür. Sadəcə meyxana aləmində olanlar plastik əməliyyatlara, nə bilim, saç əkdirməyə, filan pis baxırdılar axı.

- Yox. Niyə elə düşünürsüz. Saç əkdirməkdə pis nə var ki?

- Nə bilim, meyxanaçılardan bunu soruşun.

- Mənə elə gəlir ki, saç əkdirmək pis bir şey deyil. Heç buna pis də baxmırlar daha. Əvvəllər kişilər müəyyən yaşdan sonra saqqallarına həna qoyurdular. Onda onları da qınamalıydılar. Hər dövrün öz tələbləri olur. Mən sırqa taxmıram, qaş aldırmıram. Saçım tökülmüşdü, efirdə xoş görünmürdü, saç əkdirmişəm. Kim də necə istəyir elə qəbul etsin.

- Yəni müasir düşüncəli insansan?

- Bilirsiz, müasir düşüncə ilə çılpaqlıq arasında incə bir xətt qədər fərq var. Bəli, müasir düşüncəli insanam. Amma müasirlik o demək deyil ki, sən istədiyini edə, deyə bilərsən. Düşüncə müasirliyi ilə əxlaq çılpaqlığı arasında fərq var. Sadəcə bizdə bunu səhv salırlar. Biri səhnəyə çıxır, hər tərəfini açıb qoyur ortalıqda, adını qoyur müasir. Müasirlik bu deyil axı. Hərənin müasirliyə yanaşması fərqlidir.

- Öz dəst-xəttin var. Meyxanaçılar arasında da bu gün ən çox duet oxuyan sənsən.

- İnsanlar duet ifaları, musiqiləri sevirlər. Hərə öz həyat hekayəsini ifa etdiyimiz duetlərdə tapmağa çalışır. Yəni bu gün bu musiqilərə tələbat varsa, niyə oxumayaq ki? Mənə elə gəlir ki, pis də alınmır.

- Bir çox xanım ifaçılarla duetləriniz olub. Sonra da ayrılmısız. Niyə? Duet ortaqlarınız vəfasız çıxıb?

- Bir neçə xanım ifaçı ilə duetlər olub. Bəli, maraqla da qarşılanıb. Qaldı ayrılıq səbəblərinə, duet oxumaq o demək deyil ki, sən səhnədə ancaq o xanımla oxumağa məcbursan. Mahnıdı, layihədi hazırlayırsan, oxuyursan. Səhnəyə yeniləri də gəlir, başqa təkliflər də olur.

- Damla ilə də, Türkan Vəlizadə ilə də ayrılıqlarınızda onları suçlamısız. Yəni ayrılığınıza səbəb olaraq onların səhv hərəktlərini eyham vurmusuz.

- Hər iki xanımla münasibətlərim bu gün çox normaldı. Sadəcə bir müddət çalışmışıq. İnsanlar da bizi səhnədə görmək istəyiblər. Qaldı ayrılıqlara, bir ömür biri ilə oxumaq kimi bir məcburiyyətimiz də olmayıb. Damla ilə bu gün normal münasibətimiz var. Türkanı da görürəm, toylara da gedirik. Türkandan ayrılmağıma səbəb yaxın dostlarımdan birinin toyuna gəlməli idi. Söz verdi, gəlmədi. Mən də incidim. İnciməyə də haqlıydım. Bunu özləri də bilirlər. Çünki duet ortağımdan ummağa haqqım var idi. Məni dostumun yanında pərt vəziyyətdə qoydu. Hamı gözləyirdi ki, gəlsin, duet oxuyaq. Gəlmədi. Canı sağ olsun.

- Yeni duetlər necə, olacaqmı?

- İnşallah olacaq. Yəni təkliflər də olur. Sadəcə hər təklifə də razılaşmaq olmur.

- Duetlərdən yaxşı pul qazanmısız, ya meyxanalardan?

- Baxır harda necə olub. Elə məclis olub ki, orda meyxana demişəm, 3 toyun pulunu bir gecədə qazanmışam. Desəm ki, duetlərdən gəlir gəlmir, doğru olmaz. İnsanlar bizi toylarına duetlərə görə dəvət edirlərsə, demək ki, ordan da gəlirimiz olur.

- Yəni toylar da kateqoriyalara bölünür. Elit toylara dəvətlər alırsız, ya belə toylara düşmək çətindi?

- Mən bilmirəm elit toy deyəndə nəyi nəzərdə tuturlar. Toy olur, gedirik oxuyuruq. Ən bahalı restoranların da toyuna dəvət alırıq, yeri gəlir palatka toyunda da oxuyuruq. Restoranda olanda elit toy sayılır, palatkada yox. Həqiqətən səhv yanaşmadır. Vallah, mən elə oğulların palatka toyunda iştirak etmişəm ki, restoran istəsə də elə toy təqdim edə bilməz. Qaldı toy sahibləri olub ki savadlı, nə bilim vəzifəli insanlardı, toylarında məni görmək istəyiblər. Gedib canla-başla da iştirak etmişəm. Heç kimə də sirr deyil ki, Rusiyadan başqa ölkələrdən də dəvətlər olur. Rusiyada yaşayan azərbaycanlıların toylarında oluruq, vallah, elə dəbdəbəli, elə kübar toylardı ki, bizdə elə toylar olmur çox zaman. Mən bu kübardı, ya da kasıbdı deyə kimsəyə yanaşmıram. İnsan toyuna dəvət edirsə, mənim də qonorarımı ödəyirsə, iştirak edirəm. Bu günümə min şükür.

- Sizin də aləmdə, yəni meyxana deyənlər arasında da paxıllar var. Pərvizi gözü götürməyənlər az deyil.

- Hər sahədə belə insanlara rast gələ bilərsiz. Jurnalistlər arasında paxıllıq yoxdur ki? Var. Səhnədə olan, populyar olan insanları həmişə qısqananlar olacaq. Təbii ki, Pərvizə də paxıllıq edənlər az deyil. Mənim üçün onlar maraqlı deyil. Çünki kimsədə gözüm yoxdu. Allah mənə bir qapı açıb, istedad verib, şükür ki, dolanıram.

- Yəni bəzi həmkarların sənin duetlərini, səhnədə performansını tənqid edirlər.

- Normaldı. Pişiyin əli ətə çatmayanda deyir iy verir. Mən bu gün səhnədəyəmsə, tamaşaçı məni sevirsə, mənə paxıllıq edənləri başa düşə bilirəm. İnanın səmimiyyətimə, əgər o meyxanaçıların imkanları olsa onlar da mənim kimi ifa edərlər, o duetləri onlar da oxuyarlar. Sadəcə onlarda o alınmır. İstəyirlər ki, duet oxusunlar, ancaq duet oxumaq da bir bacarıq tələb edir. Quyuya su tökməklə quyu dolmur ki. Onlarda quru alındığı üçün tutmur. Çalışıblar, ancaq üzə çıxara bilmirlər. Çünki qəbul olunmaz. Bunu onlar da bildikləri üçün məni tənqid edirlər. İnanın, qətiyyən bu məni məyus etmir. Allah hər kəsin ruzisini versin.

Mənbə: sherg.az