Bakıdakı yeganə dülgər qadın: “10 yaşımdan dəzgah arxasında işləməyə başladım” VİDEO

Bakıdakı yeganə dülgər qadın: “10 yaşımdan dəzgah arxasında işləməyə başladım” VİDEO

Şəhla İmanzadə 15 ildən artıqdır dülgərliklə məşğuldur. Deyir ki, bəlkə də Bakıda yeganə dülgər qadındir. Şəhla Biləsuvarda doğulub, böyüyüb. Hələ uşaqlıqdan atasının əlinə baxa-baxa bu çətin sənətin sirlərinə yiyələnib.

“Atam ədəbiyyat müəllimi idi, amma həm də gözəl əl qabiliyyəti var idi. Həmişə maraqla onun əlinə, dəzgahda işləməsinə baxardım. Təxminən 10 yaşımdan atamdan xəlvət dəzgahda işləməyə başladım. O, dəzgahı söndürüb getmişdi, yerinə keçdim və məşq etməyə başladım”,- Ş.İmanzadə “Azadlıq” radiosuna danışıb.

Şəhla istənilən modeldə qapı-pəncərəni, mebeli yığır, cilalayır, rəngləyir, yeniləyir. Onun belə çətin sənət seçməsi çoxlarını təəccübləndirir. Şəhla onu da deyir ki, saçını taxta yonarkən çıxan tozdan qorumaq üçün başına örtdüyü papaq və əynindəki geyim çox vaxt gələnləri çaşdırır, çox vaxt ona “qardaş” deyə müraciət edirlər: “Bəzən də hansısa işlə bağlı zəng edirlər. Ölçmə üçün evə getməli oluruq. Məni görəndə inana bilmirlər ki, mən pilləkən və ya mebel düzəldə bilərəm. Amma düzəldəndən sonra da çox razı qalırlar”. Ş.İmanzadə bildirib ki, ailə qurub Bakıya köçəndən dülgərliklə məşğuldur. Sənətdə qadın, kişi olmaz, dülgərliyi heç nəyə dəyişməz.

Mənbə: virtualaz.org