Məhərrəm Hüseynov: "Mahirə Nağıqızının bayatılarından dünyaya baxış"

Məhərrəm Hüseynov: "Mahirə Nağıqızının bayatılarından dünyaya baxış"

Elmi-pedaqoji fəaliyyəti ilə bədii yaradıcılığı arasında konkret bir həddin qoyulması mümkün olmayan şəxsiyyətlərdən biri də nüfuzlu elm adamı, müdrik bədii söz ustadı filolofiya üzrə elmlər doktoru, professor Mahirə Nağıqızıdır ki, onun fəaliyyət sahələrinin hər biri ayrıca söhbətin, müstəqil tədqiqat və mühakimələrin predimetidir. Bir-birini tamamlayan, bir-birinə təkan verən, biri o birinə stimul olan məqsədlər Mahirə Nağıqızının həyatı amalına, fəaliyyət kredosuna çevrilmişdir: Xalq və Vətən üçün alışıb-yanan ürəyinin nurundan gənc nəslin,çox saylı oxucularının mənəvi təmizliyinə, idrakı qabiliyyətinə işıq saçmaq, təhsil və təfəkkür işiğının əhatəsini genişləndirmək.Bu məziyyət, poetik ləyaqət özünü müəllifin bayatı yaradıcılığında bütün parametrləri ilə nümayiş etdirir.

Bədii yaradıcılığın qızıl qanunlarından biri də belədir: “ Uzun yazmaq üçün yazmağa çox vaxt sərf edilir, qısa yazmaq üçün düşüncəyə “ Mahirə Nağıqızının bayatıları universal zəkanın yığcam, lakonik məhsuldarıdır, dərin düşüncələrin aforistik yekunu olmaqla bərabər, özünütəsdiq amili kimi ilə dəyərləndirilməyə layiqdir.

 

Tikanı qalındı, neynim,

Ayağım yalındı, neynim.

İstədim, gələ bilmədim,

Fələyim zalımdı, neynim.

****

Arıyam pətəyində,

Dağının ətəyində.

Cəlladım sən olaydın,

Boğazım kötüyündə.

***

Dərdli üzdən yeriyər,

Bircə sözdən yeriyər.

Dərmanın tapmaq üçün,

Durar, təzdən yeriyər.

***

Qadanı alım,üşüdüm,

Əynimdi yalın,üşüdüm.

Səsin yox,səmirin yox,

Olma zalım,üşüdüm

 

Mahirə Nağıqızı bayatılarının hər bir poetik sətri müəllifinin mənəvi - əxlaqi duyğularının idrak məqammında açılışıdır. Bayatılarda əks-səda tapan duyğuların həqiqi siması, onun fəlsəfi istiqaməti, mənəvi yönü dərin bədii mündəricə sayəsində özünü parlaq formalarda biruzə verir. Ədəbi şəxsiyyətin məzmunu bayatı hikmətində təcəssüm edən müdrik düşüncələrin poetik fəlsəfi şərhində tapır. Misraların bədii-estetik, hikmətamiz qayəsi belə bir fikri dönə-dönə təlqin edir ki, ürfan əhli olmadan heyranedici mükəməlliyə nail olmaq qeyri-mümkündür.

Milli köklər, zəngin və qədim ənənələr üzərində dayanmadan bayatıda coşan böyük ideallar axınına yol tapmaq olduqca müşküldür.

Mahirə Nağıqızı bayatılarında dədii obrazlarla açılan həyat həqiqətləri məntiqi təfəkkürlə mənəvi işıqlanmanın birliyindən ,poetik idrak qabiliyyəti ilə şair qəlbinin lirik nurunun vəhdətindən güc-qüvvət almışdır. Müəllifin qəlbi ülvi,müqəddəs duyğularla zəngin olduğu üçün öz bənzərsiz bayatı yaradıcılığında,bədii hikmət aləmində mənəvi dünyasının sirli-soraqlı əngin qatlarını ehtiva edə bilmişdir. Bu mənəvi aləm misradan misraya sirayət etdikcə fərdi əhatədən milli və ümumbəşəri sferaya yüksəlir.

 

Dünya quyu – dərin dibi,

Qurbanın gozləyər divi.

Qüsulsuz gəlməyim gunah,

Sənin qəlbin Allah evi!

 

Dağın dalında kənd var,

Cayının ustə bənd var.

Aşıb gələ bilmirəm,

Boğazımda kəmənd var.

 

Həm elmi, həm də bədii söz sahəsində peşəkar olan Mahirə Nağıqızı fikrin ifadə formalarına, sərrast deyim tərzinə zərgər dəqiqliyi ilə yanaşır.Ona görə də Özünü ifadə formalarından biri kimi onun bayatları gerçəkliyin, bəşəri duyğu və düşüncələrin estetik dəyərləndirməsi prosesinin nəticəsi olaraq meydana çıxır. Müəllifin mənəvi-emosional vəziyyəti və estetik təəssüratlarının ifadəsində bayatılar ən optimal ədəbi janr kimi fəallaşır.Ən adi duyğu və düşüncələr sadə danışıq dilində əks-səda doğurur. Bayatıların hissi və əqli təsir imkanları sintezləşib bədii-estetik zövq formalaşdıran, mənəvi-poetik mühit yaradan universal vasitəyə çevrilir.

Elədim hana dərdimi,

Gətirdim cana dərdimi.

Sən verəndi, verərəmmi,

Sultana, xana dərdimi...

***

Ay, salam, yar, salam, yar!

Qadan – balan alam, yar.

Varım yox, dövlətim yox,

Ruhuma daldalan, yar.

 

Mahirə Nağıqızının ruhunda sanki anadangəlmə poeziya atəşi vardır. Onun mənəvi aləmindən, psixoloji dünyasından xəbər tutmadan belə bayatılarındakı emosiyalardan, fəlsəfi dərinliklərdən bu poeziya atəşinin hiss etməmək mümkün deyil. Onun bayatılarındakı təravət qəlbindəki sədaqətdən,duyğulardakı hərarətdən, hiss və həyacanlarındakı, şeiriyyətdən qaynaqlanır.

Hər bir bayatı onun könül xəzinəsindən ,ilhamlı sinəsindən qopub gələn can yanğısıdır, zəngin duyğu qəlpəsidir. Mahirə Nağıqızının elə bir bayatısı yoxdur ki, o, oxucunun könül qapısını aça bilməsin. Bütün misalları oxucunun könül tellərinə bədii emosiya, poetik sözün atəşini köçürür, onun estetik zövqünü təmin edir. Bayatıların hər kəlməsində M. Nağıqızının öz poetik nəfəsi duyulur. Məhz buna görə də müəllifin ürəyinin odunda közərmiş sözlər orijinallığı, ifadə formasının sadəliyi ilə gözəldir. Bayatıların həyatiliyi misraları daha da şirinləşdirən, bu misilsiz poeziyanı ürəyə daha da yaxınlaşdıran faktora çevrilir.

Divarnın daşına dönüm,

Gözünün yaşına dönüm.

Yar, əlinnən tutammadım,

Dolanım,başına dönüm.

***

Peydər-peydər dillənər,

Dərdim neydə dillənər.

Ruhum çıxar canımdan,

Uçub göydə dillənər.

***

Göründüyü kimi, bayatılardakı hər ritm, vurğu, intonasiya çalarları xalqmızın misilsiz söz xəzinəsindən gələn poetik nidaların yeni nəfəslə təravətli təkrarıdır. Göstərilən fraqmentlətdən canlı həyat parçalarının şirinliyini dadmamaq mümkün deyil, çünki bayatıda hər bir dil işarəsinin öz estetik çəkisi vardır. Misraların mənbəyi potensial həyat sevgisi və könül məhəbbətidir. Odur ki, qəlbimin dərinliklərinə enib öz daxili dünyasını təcəssüm edən, dəruni hisələrini, poetik qənaətlərini ifadə edən yetkin və orijinal bayatıların hər biri müəllif ruhunun heykəlləşmiş surəti kimi möhtəşəm poetik görkəmlə təqdim olunur. Hər bir poetik təqdimat fəlsəfi mənada həyatın, sosial-siyasi hadisələrin paradoksları bizə dünyanın qaranlıq suallarına cavab vermək üçün güclü idrak sferası yaradır:

Dərdimi kərəmi göndərim,

Eliyim kürəmi göndərim?

Dərdindən ölən canımı,

Dediyin yerəmi göndərim?

Bədii yaradıcılığın bu incə və zərif növündə Mahirə Nağıqızı insan ruhunun məchul səsini poetik düşüncələrin fəlsəfi-psixoloji məğzini yüksək sənətkarlıqla ifadə edir. Sosial varlığa şairanə münasibət və təbiəti hisslərlə qavramaq ruhu onun qələmində olduqca güclü ovqat yarada bilir.Vətəndaşlıq qayəsinə, ictimai pafosunun geniş diapozonuna görə fərqlənən bayatılarında cılız niyyət, xırda hiss və dayaz düşüncə, demək olar ki,yox dərəcəsindədir. Onun sosial həyacanlarını, fəal həyat mövqeyini əks etdirən bayatılar lirik qəhrəmanın fərdi emosional aləmini, düşüncələr dünyasını xalqımızın çoxəsrlik yaddaşı ilə mənəvi təmasda canlandırmağa daha meyillidir. Bayatı qəlbində hər bir bədii nitq fraqmentinin arxasında dərin həyati müşahidələr, nəcib arzular,Vətən-xalq mənafeyi, mənəvi-əxlaqi dəyərlər, narahat və düşündürücü həyacan dalğaları dayanır. Lirik emosional kontekstdə müəllifin qəlbən bağlı olduğu torpağa, elə-obaya sonsuz sevgi canlandırılır, doğma yurdu təmsil edib rəmzləşdirən anlayışların poetik şərhi verilir. Mahirə Nağıqızı bayatılarının səmimiliyi, fikir və duyğularının sirayətedici məziyyətləri xüsusi zövq, poetik ovqat doğurur.

O dağın yalı görünür,

Dünyadan halı görünür.

Ömür, gəlib də keçməyin,

Dünən misalı görünür.

 

Dərmandı qarı dağların,

Tərlandı yarı dağların.

Duman gedə, halın görəm

Bir dəfə,barı,dağların.

 

Mahirə Nağıqızının hansı mövzuya üz tutmasından, kimə müraciət olunmasından asılı olmayaraq, həmişə lirik intonasiyası heyrətlə qarşılanır. Potensial həyat təəssüratlarını, subyektiv dünyasını ifadə edəndə bayatılar olduqca təbii səslənir. Poetik fikrin predmeti və əhatə dairəsi zənginliyi ilə seçilir. Onun ifadə üsulları da, metaforik düşüncələri də koloritli formalara düşür, poetik mənalandırmanın zərifliyi daha da artır. Bu, özünü ithaf bayatılarında açıq-aşkar biruzə verir. Onun ithaf bayatılarında poetik təfəkkürünün öz ifadə potensialı, cazibə qüvvəsi özünü xüsusi vüsətlə biruzə verir. Diqqət çəkən odur ki, müəllif şablon deyimlərə uymur, trafaret ifadələrdən qaçır. Orijinal deyim üsulları ilə qəlbindəki arzu və ideallardan işıq alan səmimiyyət oxucunun da ürəyinə atəş saça bilir.

Ayrı-ayrı şəxsiyyətlərə, yaxınlara, qohum-qardaşa həsr olunmuş bayatılarında şirin məhəbbət və ehtiram hissi qələmə alınmışdır. Ehtiram və hörmətin bütün şiddətini öz ürəyində yaşadan müəllif öz səmimi duyğularını ümumbəşəri səviyyəyə qaldıra bilir. Çünki ithaf bayatıları boğazdan yuxarı patetikadan, yalançı pafos və ritorikadan uzaqdır. Söz uyarlığı, deyim aydınlığı və forma oynaqlığı yaradılan insan obrazlarnı yüksək bədii mündəricə ilə təravətləndirir.Buradakı lirizm insan qəlbinə sirayət edici məzmunla yoğrulmuşdur. Ona görə də ithaf bayatılarında canlandırılan yüksək pafosla, dəqiq bədii ştrixlərlə rəsm edilən şəxsiyyətlərini nüfuz dairəsi və qüdrəti romantik incəliklərlə oxucuya çatdırılır. Aşağıdakı bayatılar dediklərmizin təsdiq möhürü ola bilər:

 

Bir parça daş Vətəndir,

Hər şeydən baş Vətəndir.

Nənəm, ay Nazlı anam,

Bacıya qardaş Vətəndir.

***

Dərdim, birin görünür,

Baxdım, dərin görünür.

Həsən Mirzə, haray ver,

Sənin yerin görünür.

***

Əlinin canı,gəlmişəm,

Vəlinin canı,gəlmişəm.

Ay ana,laylan dərmanım,

Ver dərmanı,gəlmişəm.

***

Ay hacı bacı, hardasan,

Ay dili acı, hardasan,

Deyən, ulduza dönübsən,

Məclisin tacı, hardasan?

 

Diqqət çəkən uğurlu məziyyət kimi xüsusi vurğulamaq yerinə düşər ki, Mahirə Nağıqızının təəssüratlarının əksəriyyəti şəxsi müşahidə və xatirələr mühitindən törəmişdir. Zəngin müşahidələrdən nəşət edən hiss və fikir axarı bayatıların iç dünyasına güzgü tutur. Misraların ritm-intonasiya çalarlarında, lirik-psixoloji ovqatında müəllifin qənaətlərinin zənginlikləri açılılır, bunun bilavasitə səmərəli nəticəsi olaraq Mahirə Nağıqızına məxsus fərdi yazı tərzinin özünəxas cəhətləri, üslubunun təkrar olunmaz gözəllikləri aşkarlanır.

Konkret bir şəxsə həsr olunmuş bayatıda təsvir predmeti həyatın canlı bir faktına çevrilir. Hərarətli təəssürat ürəklərə işıqlı duyğu gətirir və bütün hallarda estetik zövqü cilalayır. Mahirə Nağıqızının ithaf bayatıları boş tərifnamələr deyil. Burada lirik qəhrəmanın səciyyəsi müəllifin təsvir obyektinə müraciəti vasitəsilə açılır. Belə müraciətin, poetik ünsiyyətin özü lirik özünüifadənin müəyyən dərəcədə sınaqdan çıxmış formasıdır. Şeirdə əks olunan şəxs ona daha yaxın, daha münisdir və onunla ən səmimi hissələrini, düşüncələrni bölüşdürür. Deməli, ithaf bayatıları yalnız müəllifdə sıcaq duyğular, mənalı mühakimələr doğuran kimsəyə ehtiram və məhəbbətin ifadəsi olmaqla məhdudlaşmır, onun ən gözəl xüsusiyyətlərini təsvir-tərənnüm edəndə belə poetik ümumiləşdirmə aparır. Poetik fikir bir adamın tərif və təsvirindən kənarə çıxır. Məlum poetik obyekt-insan müəllifə həyat və dünya haqqında əlavə təəssürat və assosiasiya verir. Hiss olunur ki, müəllif ilhamına təzyiq etməyib, burada ilham sərbəst şəkildə müəllifə munis insanların poetik obrazını yaratmağa həvəsləndirib, onu obrazın şəxsi şərəfinə üz tutmağa məcbur edib. O da xüsusi vurğulanmağa layiqdir ki, bu mövzu ilə bağlı bayatılarında fikirdən, emosiyadan məhrum bir sözü də mətnə daxil etməmiş, poeziya ilə dolu olan adi sözləri böyük və müdrik həqiqətlərin sadə təqdimat formasına salmışdır. Hərarətli təəssürat ürəklərə işıqlı duyğu gətirir və bütün hallarda estetik zövqü zənginləşdirir. Fikrimiz predmetsiz olmasın deyə aşağıdakı bayatılara diqqət yetirək:

M.Nağıqızının lirik mənində onun ictimai amalları olduqca qabarıq bədii formalarda duyulur. Lirik qəhrəman də öz həssaslığı ilə seçilir, onun gerçəkliyi geniş miqyasda mənalandıra bilmə qabiliyyəti meydana çıxır. Təsvir-tərənnüm obyektin verilən poetik qiymət, aşılanan ruh və məna dərinləşdikcə bayatılar yaradıcılıq kəşfi səviyyəsi kəsb edir. Müəllif lirik təhkiyəni öz mənəvi dünyasından qəlbindən və tərcümeyi halından keçirərək bayatıları bədii keyfiyyət meyarlarına çevirir. Onun hər biri misraya sənətkarlıq ölçüləri ilə yanaşmasının nəticəsidir ki, bayatılar gözəl yaradıcılıq nümunəsi təsiri bağışlayır, müəllifin bənzərsiz söz dünyasının parlaq və orijinal səhifəsini təşkil edir. Geniş və əhatəli bədii-idraki təsir qüvvəsinə malik olan bayatı misralarında insan və onun mənəvi dünyası ilə bağlı konsepsiyası yeni estetik istiqamətinə yönəldilir.

Dərin poetik idrak və coşqun ilhama malik olan M. Nağıqızının bayatılarının estetik mənası olan sentimental məzmunundan dərhal sezirsən ki, o anamız təbiətin, keşməkeşli həyatın insan qəlbində yaratdığı ən səmimi təəssüratları öz varlığına, mənəvi aləminə iç dünyasına hopdurmuşdur. Zəngin həyat duyğuları, məhrəmlik, narahat ürək pıçıltıları, vətən – xalq taleyi ilə bağlı olan hərarətli qəlb çırpıntıları, iddiasız giley-güzar, can yanğısı – bütün bunlar Mahirə Nağıqızının qələmində həzin bir musiqinin akkordları kimi səslənir. Poetik səslənmə sayəsində həyati təəssüratlar şair qəlbinin odu ilə qarışır, hissiyyatı, estetik duyğusu, ruhun müşahidə zənginliyi bir-birinə çalğalaşıb. Möhtəşəm poetik mündəricə şəbəkəsi formalaşdırır. Bu şəbəkənin hər bir ünsüründə şair qəlbinin möhürü, kövrək bir qəlbin mehri, narahat ürək duyğularının sehri estetik təfərrüatları ilə canlanır. Hər bir dil işarəsi gah mahir rəssam palitrasından gələn rəng çalarları, gah da kövrək bir musiqi qammasının titrək notlarını xatırladır. Bayatılar bir tərəfdən bizi həyatdakı gözəlliklərə, insan xəyalında sayrışan təmiz arzulara doğru qanadlandırırsa digər tərəfdən gözəl idealları məhz ona sarı zəhərli ilan kimi sürünən alçaq, çirkin niyyətlərə qarşı, ruhsuz, duyğusuz və idealsızlara qarşı nifrət hissi ilə yükləyir.

M. Nağıqızının bayatılarının məzmunu, təsvir maneraları, deyim tərzi xalis milli təfəkkür təzahürləridir. Ən adi həyat və məişət hadisələri içərisindən elə ibrətli detallar seçir ki, onları bədii sənət faktına, zaman və cəmiyyət üçün səciyyəvi obrazlı düşüncə amilinə çevirsin. Buna görədə müəllif heç vaxt milli mənəviyyatından uzaq olan cazibə orbitinə düşməmiş, doğma ənənələr üzərində dayanaraq bizi əhatə edən gerçəkliyə öz milli təfəkkürü prizmasından baxıb yaradıcılıq laboratoriyasında təhlildən keçirir. M. Nağıqızının bayatılarında müasir düşüncələrini tarixi reminisiyalarla qovuşdurmaqla fenomenal təfəkkürünü xalq üçün etalonlaşmış ifadə tərzi ilə canlandırır. Onun hər bir əsəri millətin tarixi sifətinə milli psixologiyasına, dünyabaxışına estetik münasibətini bildirir. Özünüifadə onda özünütəsdiq kimi təzahür edir, öz üslubuna sadiqlik kimidərk olunur. Bu ondan irəli gəlir ki, analitik təfəkkür M. Nağıqızı yaradıcılığının stimulverici qüvvəsidir. Faktları sənət materiallarına çevirmək qabiliyyəti, oxucu ilə səmimi həmsöhbət olmaq bacarığı onun istedadının aparıcı əlamətlərindəndir. Həyati müşahidələrinə istinad,canlı və təbii deyim tərzi, özünəməxsus cazibəli üslub, özünün sənətkar yaşantı və duyğularını başqalarının düşüncə və emosiyaları ilə əlaqələndirib bədii ümumiləşdirmə səviyyəsində təqdim etmək ən yadda qalan və səciyyəvi yaradıcılıq cəhətidir.

Təbiətə, ana yurda tükənməz sevgi Mahirə Nağıqızının bayatı yaradıcılığının əsas leytmotivlərindən biridir.

Bu Sevgi fonunda xalqın tarixi taleyi, bugünkü qayğıları, itirilmiş ocaqlara bağlı kövrək nidallar, həyacanlı çağırışlar xüsusilə fərqlənir. Rəngarəng emosional vasitələrlə təcəssüm etdirdiyi hikmətlər, saf duyğular oxucunun zehninə və könül aləmin güclü əks-səda doğurur. Təsvir və tərənümün təbiiliyi qüvvətli assosiyasiyalarla şurumuzu, hisslərimizi hörmətə gətirir. Tariximiz, gündəlik həyatımız və məişətimizlə əlaqəli problemləri lirik düşüncəmizin predmetinə çevirir. Sözün dərin məzmun ifadə etmə ləyaqəti M. Nağıqızının öz yaradıcılığına yüksək sənət və sənətkarlıq prizmasından yanaşma məsuliyyətindən irəli gəlir. Onun qələm məhsullarındakı ənənəvi üslubi fiqurlar da, şeirdən-şeirə, müəllifdən müəlliflərə keçərək təkrarlanan obrazlar da təravətli görünür, koloritli dili, bəyənimli üslubu orijinal poetik ovqatı üzərində köklənir. Ənənəvi forma və üslub çərçivəsində o, öz poetik qənaətlərini, sosial reallığa müdrik baxışlarını, ibrətamiz fikir və mülahizələrini cazibəli poetik qiyafələrdə təqdim edə bilir. Təbiidir ki, biz də onun vətandaşlıq düşüncələrindən mütəəssir oluruq. Bu kövrəklik, təlatümlü poetik əhvali- ruhiyyə, onların doğurduğu bədii təəssürat canlı və sirayətedicidir ki, müəllif nə yazırsa, nədən söhbət açırsa, səmimi yazır, poetik söhbətində öz qələminin, fərdi həyatının, sosial varlığın ən səciyyəvi çizgilərinin əks-sədasını oxucusuna xüsusi sənatkarlıqla çatdırır:

 

Bir sənə qalıb güman,

Ay bəzirgan, bəzirgan!

Xatasız qul olurmu,

Ətasız da hökümran!

Bayatılarında gerçəkliyin lirik təsvirinə ciddi ehtiyac duyan M. Nağıqızının lakonik misralarında fikir təzəliyi, hisslərin təravəti diqqətçəkən məziyyətlərdəndir.

Hər bir bayatı sətrindən hiss olunur ki, müəllif ənənəvi forma və deyim tərzindən faydalanmaqla öz üslubuna müvafiq formalarda ifadə orijinallığına ciddi ehtiyac duyulur. Qədim ədəbi janrı misilsiz bəşəri sərvət səviyyəsində dərki və ona müasir baxış M. Nağıqızının lirik düşüncəsinin poetik ləyaqətini təşkil edir. İntensiv bədii axtarışlar mərhələsində dayanan müəllifin ideya istiqamətlərinin yeniliyi və estetik mövqeyinin orjinallığı özünü bütün parametrləri ilə təsdiq edir. O da nəzərdən yayınmır ki, öz poetik əhval - ruhiyyəsini həm emosional, həm də fəlsəfi planda təcəssüm etdirməyə nail olan müəllifin lirikasında onun şəxsiyyətinin məziyyətlərindən doğan ştrixlər zəngindir, daxili emosional mənbə olduqca fəaldır. Ədəbi mövzularda yeni hüdud, məxsusi çalarlar axtaran müəllifin lirik etiraflarında klassik ənənələrə söykənən poetik kateqoriyalar dinamik vəziyyətdədir.

Zamanla, reallıqlarla fəal təmas onun bayatılarının əsas xüsusiyyəti,yüksək ideallara sədaqət başlıca yaradıcılıq devizidir. Həssas şair qəlbi ilə duyulmuş zamanın, dövrün real çizgilərini lirik nəfəsini əks etdirir. Bayatılar öz təravəti, üslubi zənginliyi, mənalılığı ilə bilavasitə müəllifin poetik etiraflarıdır, lirik özünü ifadə formasıdır.

Qismətim ilmədi, dağlar,

Qəm yazdı, silmədi, dağlar.

Dərdim anamdan savay,

Kimsənə bilmədi, dağlar.

Bayatının hər biri müfəssəl bir monoloqu xatırladır. Onun poetikasını, lirik fərdiyyətini təmin edən əsas amil mənəvi sərvətləri dünyamızın mühüm problemləri, həyacan və təzadları işığında mənalandırmaqdan, obrazlı şəkildə ümumiləşdirməkdən ibarətdir. Yığcam və obrazlı düşüncələr bayatının lakonik sətirlərində real həyati cizgilərlə zənginləşir, onun poetik qayğı və mühakimələrinin məğzini, həyacanlarını lirik əhatəsini, müraciət intonasiyasını yüksək bəşəri amallar təşkil edir. Üslubi təmayül etibarilə bayatılar həyəcanlı müraciətlə zənginləşmiş poetik forma ünsürləridir, şairin emosiyalarının poetik predmetidir. Əlvan ifadə vasitələri, forma və obraz çalarları bu bayatıların bədii ləyaqətini təmin edən sənətkarlıq uğuru yaradıcılıq amilidir. Həyat hadisələrinə fəal münasibətləri şairin bədii sözündə maksimum poetik təsir qüvvəsi ilə özünü büruzə verir. Bu səbəbdən də bayatılarda zamanın ab-havası, gerçəkliyin mündəricəsi olduqca əhatəli və orjinal deyim tərzi ilə əks-səda tapır. Dörd qısa sətirdə formalaşan bu lirik janr öz başlıca meyarını bütün dolğunluqlarıilə oxucuya təqdim edir. Yığcam lirik forma gerçəkliyi dərin məzmun və əhatəli düşüncə sferasında əks etdirir. Oxucuya təmkinli və düşüncəli müraciət üsulu M. Nağıqızının dərin mündəricəli bayatısına xas olan məziyyətdir. Emosional təhlilin güclü olduğu poetik misralar rəngarəng həyəcanların geniş spektrlərini əhatə edir Folklor və zəngin klassik şeir mədəniyyəti ilə qırılmaz mənəvi təmasların nəticəsidir ki, oxucu ilə poetik ünsiyyətin təbiiliyi estetik qavrama tezliyini təmin edir, bədii təlqini intensivləşdirir, dərin emosiya aşılayır.

M. Nağıqızının bayatılarında insan və onun mənsub olduğu xalqın mənəvi dəyərlərə bağlılığı aparıcı motivdir və bu motiv qüdrətli qələm sahibinin fəlsəfi-potik konsepsiyasının mərkəzində dayanır. Həyat və zaman hadisələrinə, sosial gerçəkliklərə fəlsəfi yanaşma və mənalandırma səyləri isə ayrıca qeyd olunmağa layiqdir. Onun poeziyasının güc mənbələrindən biri də ondan ibarərdir ki, müəllifin şəxsiyyəti bütün hallarda ön planda təcəssüm olunur, şair şəxsiyyəti misralarda təcəllə tapır, onun təkrarolunmaz mənliyi duyğu və düşüncələrə hakim kəsilir. Lirik qəhrəmanın poetik qayğıları geniş vüsət alır, bədii düşüncə miqyasının genişliyində müəllifin məfkurə kamilliyi, intellektual yetkinliyi özünü qabarıq formalarda təzahür etdirir.

Qapının taxtası varmı,

Üstündə cəftəsi varmı?

Ağrını alım, desinnər

Bunnan da xəstəsi varmı?

Zəngin ədəbi təcrübəsi, incə estetik zövqü, həssas müşahidə və ifadə qabiliyyəti M. Nağıqızına həyatın fəlsəfi mənasına dərindən nüfuzunu stimullaşdırır. Dərin məna yükü, poetik ifadə özünəməxsusluğunda, dəsti-xəttin fərdiliyində, hər bir misranın ahəngində, mətnin estetik cazibəsində meydana çıxır.

Müəllifin lirik özünü ifadəsində başlıca olaraq vətəndaşlıq cəsarəti ilə Vətən yanğısı təcəssüm etdirilir. Lirik qəhrəmanın təbiət və cəmiyyət hadisələrinə, xalqın tale yüklü problemlərinə son dərəcə səmimi və möhkəm tellərlə bağlanması ilə bilavasitə əlaqəli olaraq bayatılarda sənətkarlıq meyarları daha geniş vüsət alır. Belə bir fikir qətiləşir ki, bu bayatıların hər birində müasirlərmizin, çağdaş sosial düşüncəmizin, zəmanəmizin, müasir tarixi şəraitin olduqca mühüm cizgiləri əks olunmuşdr.

Susdum dilim lalıymış,

Kəndim, havam balıymış.

Gəzdim, hər yanı gördüm,

Cənnətim Xalxalıymış.

***

Görmədim qar, amandı,

Həsrətim qaramandı.

İstanbul yolum üstü,

Gözləyən Qaramandı.

 

M. Nağıqızı təsvir obyektinin tipik tərəflərini, ictimai cəhətdən əhəmiyyətli cizgilərini dərindən mənimsəyərək onu poetik qavrayışa yönəldir. Onun bədii təfəkküründəki koloritli keyfiyyətlər olduqca canlı və qabarıq poetik formalarda meydana çıxır. Ən əsası da ondan ibarətdir ki, belə siqlətli məziyyət müəyyən həddə qapanıb qalmır, mövzunun motivləşməsində məhdudluq hiss olunmur. Lirik düşüncə vüsətli və tutumlu olduğu üçün estetik dəyərləri, idraki əhəmiyyəti ilə diqqətdən yayınmır. Şairin qüdrətli qələmi müəyyən həyati detalları, predmet və hadisələri dövr, zaman və ictimai mühitlə bağlı potik mənzərələri konkret bədii ştrixlərlə, səciyyəvi cizgilərlə gözlərmiz önündə canlandıra bilir.

Onun qələmində bədii detalların emosional obrazlı şərhi zəngin olduğu kimi, tərənnüm predmetinin obrazlı təsəvvürü də təbii və təravətlidir. Oxucuya təlqin olunan fikirlər, hiss- həyəcanlar aləmi, ritm və intonasiya tərzi, obrazlılıq cizgiləri olduqca orijinaldır. Məhz buna görə də onun sözlərindəki təravət qəlbindəki sədaqətdən, duyğularındakı hərarətdən, hiss və həyəcanlarındakı şeiriyyətdən qaynaqlanır.

M. Nağıqızının bütün qələm məhsullarının, o cümlədən bayatılarının estetik ləyaqəti müəllifin fəal həyat mövqeyinin təcəssümü olub insan həyatının bütün mənəvi güşələrinə nüfuz etsə də, bədii - emosional zənginlikdən təcriddə deyil. Bayatıların əsas estetik qayəsi dərin obrazlılıq, varlığı bədii şüurla, obrazlar vasitəsilə mənimsəməkdən, onun ən münasib estetik formalarını, poetik modellərini yaratmaqdır. O da var ki, M. Nağıqızının intonasiya, bədii əhvali-ruhiyyə etibarilə çoxcəhətli olan bayatıları heç vaxt mədud hisslər əsarətində qalmır, çünki müəllif gercəkliyi hisslərinin dramatizimdən keçirərək varlığın əks-sədası olan sözlərə ciddi estetik meyarlarla yanaşır. Sənətkarlıq səviyyəsində ifadə olunan zənginləşmə prosesi müəllifin sənət mövqeyindədir, zamanın və poeziyanın ideya – fəlsəfi tələblərinə cavab vermə əzmindədir. M. Nağıqızının üslubunda deyim zənginliyi yaşatmaq meyli çox güclüdür. O, heç vaxt gəliz, mücərrəd və bayağı söz və ifadə işlətmir. Doğma dilimizin bütün poetik – üslubi imkanları onun qələmində incəlikliyinə qədər nümayiş etdirilir. Xalq dilinə, folklor üslubuna yaxınlıq fikrin maksimum aydınlığında müstəsna rol oynayır. Poetik leksika bütünlükdə xalqın canlı, koloritli, təbii və dərhal ürəklərə hakim olan danışıq tərzidən doğur. Ona görə də M. Nağıqızının misraları ana laylası kimi halal və təmizdir, aydın xalq müdrikliyinin, natural həyat fəlsəfəsinin coşqun ifadəsidir:

Hər yanın çeşmədi, dağlar,

Suları seşmədi, dağlar.

Dünyada çox şeydən keçdim,

Bir səndən keşmədi, dağlar.

 

M. Nağıqızının dil lakonikliyi sintaktik qəlblərin obrazlaşdırma üsullarından biridir. Bu usul daxilində mükəmməl leksik boylar poetik təfəkkürün gücü ilə şairin daxili məzmununa, simmetriya və ümumiyyətlə bədii mükəmməliyinə çökür. Ona diqqət yetirmək lazım gəlir ki, bayatıların poetik dil potensialı bütövlükdə haqqında bəhs etdiyimiz linqvistik mənzərənin kamilliyindən irəli gəlir.

M. Nağıqızı bayatılarında yaradıcılıq uğuruna süni, çılpaq deklarativ yolla deyil, oxucunun qəlbinə nüfuz etmək, idrakına təsir etmək yolu ilə nail olur. Misralarda səslənənlər poetik fikirin ümumi ruhuna doğma olduğu üçün heç bir bədii detal obrazlılıq sferasından kənarda qalmır. Müəllifin poetik düşüncə tərzi təsvir-tərənnüm predmentinin daxili qatlarına, əngin guşələrinə dərindən nüfuz edir. Ən əsası odur ki, düşüncə tərzinin müasirliyi və bədii ümumiləşdirmələrin dərinliyi bayatı müəllifinin yaradıcılıq siması haqqında sonsuz mühakimələr doğurur. Göstərilən məziyyətlə M. Nağıqızını öz üslubu, poetik diapozonu, zəngin dünyagörüşü olan bir yaradıcı qələm sahibi kimi təqdim edir. Peşəkarlığın, şeir texnikasının, söz duyğusunun və sözlə rəftar səriştəsinin səviyyəsi göstərir ki, M. Nağıqızının bayatılarında fikrin ahəngi, poetik ovqatın güclü olması mündəricənin emosional, elastik və anlaşıqlı ifadəsindən irəli gəlir, dil səlisliyi, poetik söz oyunu təsirləndirmək, sirayət etmək keyfiyyətlərinə malikdir və bütünlükdə şairin üslub orijinallığında sənətkarla axtarışlarının əks-sədasını görürük.

O gələn qardı, yağmadı,

Qəlbimdə vardı, yağmadı.

Saçıma düşmək istədi,

Gördü ki, ağdı, yağmadı.

***

Qəlbimi orman edimmi,

Adına qurban edimmi?

Göz yaşım bitirən gülü,

Dərdinə dərman edimmi?

***

Bilmədi, naşıdı, qaldı,

Dərdimi daşıdı qaldı.

Bu dərdə kimsə qalmazdı,

Gözümün yaşıdı, qaldı.

 

Bayatıları bütövlükdə xarakterizə edən başlıca xüsusiyyətlərdən biri də cəmiyyətdəki neqativ hallara sərt mühakimənin mərkəzi yer tutması, doğma ocağa, isti yurda bağlılıq və lirik məzmunun polifonikliyinə xüsusi həssaslıq göstərilməsidir. Söz ustadının müraciət etdiyi lirik forma xəlqi janr növü kimi gerçəkliyin məğzini aşkarlanmaqla bütün potensialını nümayiş etdirir. Onun üslubu zahiri vəsfdən, çılpaq təsvirdən uzaqdır. Həyati təcrübədən, dərin düşüncə və emosiiyadan süzülüb gələn təəssüratlar ənənəvi janr poetikasının imkanlarından məharətlə yararlanır. Bayatılar obrazlı ümumiləşdirmə keyfiyyətləri ilə dolğunlaşırlar. Bu məziyyətlər bir daha təsdiqləşir ki, müəllifin qəlbi poziya ilə doludur.

M. Nağıqızının yaradıcılğında poetik düşüncə orijinallığı daha aparıcı və düşündürücü cəhət kimi qabarıq görünür. Onun bayatılarına marağın kökündə şəxsi başlanğıcın, varlığa fərdi baxımın vərdiş olunmuş səviyyədən artıqlığı, yaxşı mənada sərbəstliyi dayanır. Bayatılarda obrazlı təfəkkür konkret və təravətlidir.

Müəllif bayatılardakı təfəkkür təravətinin özünəməxsus üstünlüyünü, bədii konkretliyi də məzmun səviyyəsində mükəmməl məcazi sözlərlə, zəngin və orijinal obrazlarla şəffaflaşaraq xüsusi üslubi silqətlə yüklənir. İlk oxunuşda onun misraları arxasında poetik məna, dərin məzmun, təsirli ekspressivlik tapırsan. Mövzu və məktəb, bədii fikir və intonasiyaları milli poetik ənənələrin yeni üfüqlərini açır. Onun hər bir bayatısı insan və həyat, dünya və cəmiyyət haqqında dərin düşüncələrin, bədii qənaətlərin ümumiləşdirilmiş, yığcam poetik fraqmetlərdir. Bu poetik fraqmentlər müdriklərin danışıq və söhbəti qədər təbiidir. Burada sakit və dərin düşüncə ilə fəal intuisiya təsirli ritm məcrasına düşüb, bir - birinə qovuşur.

 

Orda Qaxın yolları,

Olmur yaxın yolları.

Qəlb çəkib aparmasa,

Dinc buraxın yolları

***

Ürəyimdə sınıq var.

Talleyimdə qırıqlar,

Nə məhəbbət olaydı,

Nə də ki, ayrılıqlar.

Sənətkarlıq mədəniyyətini yüksəltmək tələbini rəhbər tutan M. Nağıqızı müəyyən misra və beytləri zərbi-məsəl, hikmətamiz kəlam şəklində oxucuya təqdim etməyə, onun qəlbimi riqqətə gətirməyə çox meyillidir. Söz sənətkarı tərəfindən bədii mətləb elə poetik ifadə qəlblərinə salınirki, burada sözün estetik gözəlliyi, dərin ibrətamiz məzmun oxucunun diqqətini, duyğularını və təfəkkürünü həssaslığa təhrik edərək güclü rezonans doğurur. Məzmun mükəmməl məcazi sözlərlə, zəngin və orijinal obrazlarla şəffaflaşaraq xüsusi üslubi siqlətlə yüklənir.

Xar basıb yalçın yolumu,

Qalmışam, açın yolumu.

Yağı düşmən nə vaxtdandı

Bağlayıb Laçın yolum.

***

Çəkələr şişə qəlbimi,

Sındırıb şüşə qəlbimi.

Düşmənim əzazildi,

Dağladı Şuşa qəlbimi.

***

Demə ki, bekarı yanar,

Dünyanın təkəri yanar,

Qubaddı, sən əsir qalsan.

Od tutar Həkəri yanar.

Yuxarıda qeyd etdiyimiz kimi, Mahirə Nağıqızının bayatılarında romantik xəyalların qanadları doğulduğu müqəddəs məkanın mənzərələri üzərində heç vaxt yorulmur. Sənətkar təxəyyülünün açılış nöqtəsi ana torpaqdır, bütöv Azərbaycandır. Doğma yurdun indi yetim qalan füsunkar mənzərələrini xatırladıqca şairin ürəyi bahar buludları kimi dolur, sözləri leysan yağışları kimi misralara səpələnir.Vətən qayğılarından danışan bayatılarda fikirsiz, odsuz - ocaqsız bir söz belə bədii mətnə yol tapa bilmir. Burada şairin özünün də obrazı gözlərimiz önündə canlanır. Bu da poetk obrazın canlı atributu, qələm əhli üçün xöşbəxtlik sayılan meyardır. Poetik xatirələrin həzinliyi ilhamla yazılmış, Vətən mövzulu bayatıların ruhundan nəşət edir, hər kəlmə xəyali bir lövhə yaradır, yurd itkisi ilə bağlı psixoloji aləmin dərinliklərinə, onun gözə - görünməz guşələrinə nüfuz edir.

Vətən sevgisi, təbiətə vurğunluq duyğuları, böyüyüb boya-başa çatdığın torpağa mənəvi bağlılıq, insanlığa məhəbbət, ictimai-siyasi motivlərin doğurduğu təəssüratlar dəyərli bədii sözün yaratdığı ali hissələrdir. Onun hər bir bayatısı yaddaşımızda güclü bir intibah yaradır. Xatirələrin cığırı ilə axan həzin düşüncələr seli varlığımıza hakim kəsilib bizi kövrəldir. Sözlərdə, misralarda elin, obanın taleyinə həssas şair ürəyi vətən qayğıları ilə döyünən ürəyə çevrilir, oxucularının qəlbinidə ovsunlayır. Deməli, M. Nağıqızının bayatılarında ən dərin fikrin, ən romantik xəyalın yuvası doğulduğu müqəddəs məkandır. Onun doğma torpaqla bağlı obrazlarının hamısı canlı həyatın, xatirələrin, ümidlərin komponentləridir. Gözlərdən uzaq, könüllərə yaxın torpaqlarımızın obrazı M. Nağıqızının sehrli sözü ilə xəyal güzgüsündə canlanan vətənimizin əksidir. Şairin Vətənə olan məhəbbətinin ifadəsi lirik ovqatın, lirik təfəkkürün özünəməxsusluğudur. Əlamətdardır ki, M. Nağıqızı öz həyacanlarını ümumxalq probleminin bir hissəsi kimi qələmə alır.

Mahirə Nağıqızının poetik deyim tərzində folklor sadəliyi ilə müdrikliyi mükəmməl şəkildə qovuşur, təsvir-tərənnümün predmeti predmeti mənalı bədii şərhini tapır ki, bu da lirik bayatı mətninə estetik sambal və əzəmət gətirir. Canlı həyat materiallarının şairin bədii düşüncələrində cilalanması, füsünkar obrazların zəngin görünüm alması təsvirin ümumi ruhunda üslubi meyarları qabaqrıqlaşdırır. Bəzi hallarda mövzu təkrarı, sözçülük və ritorika analitik poetik düşüncəni gölgədə qoysa da, müəllif mühüm sosial - psixoloji məsələlərin bədii açıqlamasında fəal sənət və sənətkarlıq mövqeyində dayanır. Folklor poetikasının üstünlüyü ilə seçilən bayatı nümünələrində qarşısında siqlətli bədii mətləb qoyub onu bənzərsiz ifadə tərzi ilə oxucularına çatdırmaq niyyəti, bu yoldakı axtarış və tapıtıların razılıq hissi doğurur.

Məhərrəm Hüseynov,

filologiya üzrə elmlər doktoru, professor.

Mənbə: polemik.az