Roza Cəlilova Mahnı və Rəqs Ansamblına qarşı… - MÜSAHİBƏ

Roza Cəlilova Mahnı və Rəqs Ansamblına qarşı… - MÜSAHİBƏ

“Lalədə böyük istedad var və o, milli rəqslər üçün yaranıb, çox istəyirəm ki, Mahnı və Rəqs Ansamblında mənim rəqslərim bərpa edilsin”

Bəzən deyirlər ki, səhnənin yaddaşı olmur, vaxt gəlir ki, səhnə onu fəth edənləri belə unudur, yaddan çıxarır. Amma bu fikirlə razılaşmaq olmaz, çünki səhnə fatehlərini tamaşaçılar unutmur. 90 yaşlı Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan milli rəqsinin əfsanələrindən biri Roza Cəlilovanı nə tamaşaçılar, nə də səhnə unudub. Təəssüf ki, bəzi kiçik məmurlar belə böyük sənətkarlara qarşı laqeyd münasibət göstərməklə onları incitməyə cəhd edirlər.

Roza xanımla görüşüb onunla həm müasir milli rəqs sənətinin vəziyyəti, həm Mahnı və Rəqs Ansamblının hazırkı səviyyəsi, yeni kadrların hazırlanması işi və sairlə bağlı söhbət etdik.

- Roza xanım, 90 yaşınızda da belə gümrahsınız. Yaddaşınıza da söz ola bilməz. Bunun sirri nədir?

- Həyatım boyu heç kəsin paxıllığını çəkməmişəm, imkanım çatan qədər bütün sənət dostlarıma dayaq durmuşam, onları müdafiə etmişəm. Şükür Allaha ki, bu yaşa gəlib çatmışam. Əlbəttə, ömrü verən Allahdır. Sevinirəm ki, məni tamaşaçılar unutmur, harada görsələr mütləq mənə yaxınlaşırlar, xoş sözlər deyirlər, şəkillər çəkdirirlər. Hətta gənc analar öz körpələri ilə də şəklimi çəkdirirlər ki, sizdən yadigar qalsın.

- Roza xanım, davamçılarınız var, nəvələriniz milli rəqslə məşğuldur. Oğul nəvəniz Lalə də gözəl milli rəqs ifaçısıdır. Səhv etmirəmsə, Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. Lalə hazırda işləyirmi? Bir vaxtlar solisti olduğunuz, sonra isə dəfələrlə baletmeyster kimi rəqslər qurduğunuz Mahnı və Rəqs Ansamblında nəvənizi işlə təmin etdilərmi?

- Ən böyük arzum idi ki, Mahnı və Rəqs Ansamblında iz qoyub gedim. Çünki ömrə, günə etibar yoxdur. Həmişə arzu edirdim ki, ilahi, bir nəvəm olaydı və o mənim səhnədə davamçım olaydı. O biri nəvələrim də istedadlıdırlar, gözəl oynayırlar, amma mənə daha çox Lalə bənzəyir. Lalə Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. O, II Qəmər Almaszadə müsabiqəsində TÜRKSOY tərəfindən xüsusi diplomla təltif edilib. Mən çox istəyirəm ki, Lalə Mahnı və Rəqs Ansamblında işləsin, burada yolumu davam etdirsin. Bilirsiniz, vaxtilə mənim bu səhnədə saysız rəqsim olub, çoxu da mahnı ilə müşayiət edilib. Mahnı və Rəqs Ansamblı batır. Nə qədər ki, sağam, istəyirəm mənim rəqslərim itib batmasın. Lalədə böyük istedad var və o, milli rəqslər üçün yaranıb, çox istəyirəm ki, Mahnı və Rəqs Ansamblında rəqslərim bərpa edilsin və məndən bu kollektivə, xalqa yadigar qalsın.

- Yenidən rəqslərə quruluş vermək istəyirsiniz?

- Çox istəyirəm, şükür Allaha, işləməyə imkanım var. Mənə tez-tez deyirlər ki, Roza xanım, Lalə necə də sizə oxşayır. Dedim bəli, çox bənzəyir. Həm də Lalə ki, bu yaşda belə oynayır, mən heç onun yaşında bu cür oynamırdım. Bu çox gözəl oynayır, Lalə getdikcə daha da püxtələşəcək. Çox istəyirəm ki, o, Mahnı və Rəqs Ansamblında işə götürülsün, çünki bu ansamblda onun kimi gözəl ifaçılara ehtiyac var. Mən həmişə hər yerdə hörmət görmüşəm, hara müraciət etmişəmsə, işimi həll ediblər. Amma Mahnı və Rəqs Ansamblının bədii rəhbəri Ağaverdi Paşayevə müraciət etməyimə baxmayaraq, o hələ də nəvəmi işə götürmür. Yalandan onu get-gələ salır, “həftəsonu” deyə-deyə nəvəm süründürməçiliyə məruz qoyulub, halbuki, onunla eyni vaxtda işə düzəlmək istəyən qızı işə götürüblər. Lalə 1 aydan çoxdur ora gedib-gəlməyinə baxmayaraq, onun iş problemi həll edilmir. Ağaverdi Paşayev mənə deyir ki, Roza xanım, yer yoxdur, olanda xəbər edəcəyəm. Amma o tərəfdən də başqasını işə götürüb. Həmin qızı da Belarusa göndərdilər. Sənətdə bişməyən, səhnə təcrübəsi olmayan gənc bir qızı necə Azərbaycanı təmsil etmək üçün Belarusa göndərirsiniz?

- Belə demək mükündürmü, Mahnı və Rəqs Ansamblının vəziyyəti Sizi qane etmir?

- Bəli, Mahnı və Rəqs Ansamblının səviyyəsi qətiyyən qənaətbəxş deyil. Bunun da səbəbləri çoxdur. Onlardan birini deyim. May ayının 17-də dövlət səviyyəsində Filarmoniyada 90 illik yubileyim qeyd edildi. Mənə göstərdiyi yüksək qayğıya, diqqətə görə Prezident İlham Əliyevə, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya xüsusi təşəkkürümü bildirirəm. Mədəniyyət naziri Əbülfəs Qarayev də mənim sənətimə, şəxsiyyətimə hər zaman yüksək dəyər verir, sağ olsun.

90 illik yubileyimdə mənim rəqslərim təqdim edilməli idi. “Ağ çiçəyim” rəqsini Xoreoqrafiya məktəbinin kollektivi oynadı. Mənim ”Muleyli” rəqsim də ifa olunmalı idi. Xormeyster gəldi ki, Roza xanım, bədii rəhbər deyir ki, rəqs mahnısız getsin. Dedim elə şey ola bilməz. Niyazinin vaxtında necə gedibsə, indi də elə getməlidir, rəqsi təhrif etmək olmaz. Elə “Muleyli”nin gözəlliyi onun sözləridir, mətnidir. Üzeyir bəyə Allah qəni-qəni rəhmət eləsin. Üzeyir bəy bilsə ki, onun yaratdığı Mahnı və Rəqs Ansamblında xor fonoqramla oxuyur, bilmirəm nə baş verərdi. Xor fonoqramla oxuyur, ifaçılar yalandan ağızlarını açıb yumurlar. Bu yaxınlarda Pirallahı qəsəbəsində Vaqif Mustafazadə adına Mədəniyyət Evində Əminə Dilbazinin 100 illik yubileyi keçirilirdi. Məni də dəvət etmişdilər. Ə.Dilbazidən danışdım. Dedim ki, mən Əminəni görüb səhnəyə gəlmişəm, sənəti sevmişəm. Məni səhnədə görüb səhnəyə gələnlər çox olub, amma bir dəfə etiraf etməyiblər, mən isə həmişə deyirəm ki, Əminəni görüb milli rəqsə gəlmişəm.

- Əminə xanımı da zamanında çox müdafiə etmisiniz... Eşitdiyimə görə, hətta ona görə Mərkəzi Komitəyə də getmisiniz. Bu hadisə necə baş verib?

- Əminə xanımı Mahnı və Rəqs Ansamblından işdən çıxarmışdılar, kollektiv xaricə qastrol səfərinə gedirdi, onun adı siyahıda yox idi. Həmim ərəfədə Ə.Dilbazinin aramızda olmaması məni çox narahat etdi və birbaşa Mərkəzi Komitəyə, Cəfər Cəfərovun qəbuluna getdim. Dedim ki, bu nədir, Əminə xanımın adını siyahıdan çıxarıblar. Dedi ki, Roza, sənin ona ehtiyacın var? Dedim ki, siz nə danışırsınız, mən səhnədə onu görüb milli rəqsə gəlmişəm. Sakitcə üzümə baxdı və heç nə demədi.

- Onda Mahnı və Rəqs Ansamblının bədii rəhbəri kim idi?

- Böyük bəstəkarımız Cahangir Cahangirov idi. Mərkəzi Komitəyə getməyimdən narazı qalmışdı. Mən Mahnı və Rəqs Ansamblında 20 ildən çox işləmişəm.

- Neçə bədii rəhbərlə işləmisiniz?

- Mən 1949-cu ildə ansambla gələndə Qılman Salahovu gördüm. O Q.Salahovu ki, Mahnı və Rəqs Ansamblını Üzeyir bəy ona əmanət etmişdi. Ondan sonra Səid Rüstəmov, Süleyman Ələsgərov, Cahangir Cahangirov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Ramiz Mirişli Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olublar. Hamısı da gözəl musiqiçi, bəstəkar, mahnı yaradıcısı. Amma bugünkü Mahnı və Rəqs Ansamblının fəaliyyəti məni qane etmir. Neçə dəfə getmişəm, ansamblın “razminka”sını görməmişəm. Məni ən çox incidən o oldu ki, 90 illik yubileyimdə xor fonoqramla oxudu. Pirallahıda da az qala eyni vəziyyət olmuşdu. Əminə xanımın yubileyində onlardan soruşdum ki, hanı mənim rəqsim, dedilər ki, xora icazə vermədilər. Deyirlər ki, guya xora icazə vermirlər. Yalan söhbətdir.

Çox təəssüf edirəm ki, Mahnı və Rəqs Ansamblının ənənəsi qorunmadı. Bu ansamblın çox böyük ənənəsi vardı. Hər rəqs ustadının özü bir məktəb idi. Əminə xanım özü böyük bir məktəb idi. Gündə 8 saat məşq edirdi. Bu yaxınlarda Ramiz Məmmədov rəhmətə getdi. Mənimlə 1957-ci ildə birgə qızıl medal almışıq onunla. R.Məmmədov çox ağır vəziyyətdə yaşayırdı, ağır xəstə idi. O çox ağır şəraitdə yaşadı, qayğı-diqqət göstərilmədi. Çox təəssüf. Əslində, belə sənətkarlar qorunmalıdır.

Mahnı və Rəqs Ansamblının ən böyük problemlərindən biri də ansamblın üzvlərinin qruplara bölünməsidir. Üç-dörd qızı bölüb qrup halında tədbirlərə göndərirlər, əslində, bölünməməlidir. Konsert Mahnı və Rəqs Ansamblının ifasında təqdim edilməlidir. Üç nəfər belə, beş nəfər başqa yerə aparırlar. O ansambl xorla bir yerdə konsert verməlidir. Bu, Üzeyir bəyin yadigarıdır. Mən Niyazinin tapşırığı ilə “Muleyli” rəqsini 16 nəfərin iştirakilə qoydum. Niyazi bu rəqsi qoymağımı çox istəyirdi. Dedi ki, Roza, mən Fransaya gedirəm, sən “Muleyli”də 16-nı 13 elə, “Muleyli”ni Fransaya aparmaq istəyirəm, amma qismət olmadı. Az bir vaxt sonra o, dünyasını dəyişdi. Maestro aşıq musiqisini, muğamı çox sevirdi. Niyazi böyük sənətkar idi. Bu gün elə adamları bu sahəyə rəhbər təyin edirlər ki, heç birini tanımıram. Gör kimlərin yerini kimlər tutub? O cür gözəl rəqslərmiz səhnədən uzaq düşüb. Bütün rəqslər standart qoyulur, hamısı bir-birinə bənzəyir, hissiz-duyğusuz oynayırlar. Halbuki, rəqsdə cürbəcür hərəkətlər var, süzmələr, üz mimikaları var. Bütün bunlar Lalədə var, çox canlı oynayır. Lalə nəvəm olduğu üçün tərifləmirəm, mən onun istedadını görürəm. Lalə peşəkar səhnədə öz yerini tutmalıdır, çünki buna onun kifayət qədər istedadı var. Ümid edirəm ki, Lalənin səhnədə layiqli yer tutması, Mahnı və Rəqs Ansamblında işlə təmin edilməsi üçün addımlar atılacaq.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com