Odessada “Nəsimi” filminə baxıblar

Odessada “Nəsimi” filminə baxıblar

Odessa şəhərində görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib.

Ukrayna Azərbaycanlıları Gənclər Məclisinin (UAGM) təşkilatçılığı ilə baş tutan tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, Azərbaycanın Ukraynadakı səfirliyinin, müxtəlif icmaların təmsilçiləri, Azərbaycan diaspor təşkilatlarının yerli rəhbərləri və fəalları iştirak ediblər. Diasporla İş üzrə Dövlət Komitəsindən Cebhe.info-ya verilən məlumata görə, tədbirdə UAGM sədri, "Ukraynanın səsi" müsabiqəsinin laureatı Vaqif Nağıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev və başqaları çıxış ediblər. Natiqlər bildiriblər ki, Azərbaycan klassik ədəbiyyatının dahi şəxsiyyətlərinə həsr olunan tədbirlərin keçirilməsi həm gənclərin bir araya gəlməsi, təşkilatlanması, mütəşəkkil fəaliyyət göstərməsi baxımından böyük əhəmiyyət daşıyır, həm də onların mədəniyyətimizə daha yaxından bələd olmasına imkan yaradır. Çıxış edənlər İmadəddin Nəsiminin həyat və yaradıcılığından bəhs edərək, dahi şairin Azərbaycan poeziyasındakı rolundan, ədəbiyyatımıza bəxş etdiyi zəngin irsindən danışıblar.

Sonda milli musiqimizin sədaları altında "Nəsimi" bədii filmindən fraqmentlər təqdim olunub.

Cebhe.info

 

 

Mənbə: cebhe.info