"Coffeeshop Food & Drink" canlı musiqiyə görə müştərilərdən əlavə pul alır- Şikayət

"Coffeeshop Food & Drink" canlı musiqiyə görə müştərilərdən əlavə pul alır- Şikayət

Bir çox restoran və kafelər müştərilərin istirahətini təmin etmək üçün menyudan əlavə canlı musiqi də təşkil edirlər. Bu əksər müştərilər üçün xoş olsa da, bəziləri bundan imtina edir. Hələ canlı musiqi üçün əlavə hesab istənilərsə, bu bir qədər xoşagəlməz də olur.

Bununla bağlı Sonxeber.az-a şikayət daxil olub. Sabir Əhmədov adlı şəxs şikayət edərək bildirib ki, getdiyi məkanlarda canlı müsiqinin olması o qədər də önəmli deyil:

""Coffeeshop Food & Drink" adlı kafedə canlı musiqi olur. Lakin çöldə musiqi yoxdur. Sadəcə səsgücləndirici yerləşdiriblər. Zalda oturan müştəri ilə, çöldə əyləşənlər arasında fərq qoymurlar. Mən çöldə oturub qəhvəmi içirəm. Sonda hesab gələndə isə görürəm ki, canlı musiqi üçün də əlavə pul istəyirlər. Canlı musiqi önəmli olsaydı, içəridə oturardım".

Sözügedən şikayətlə bağlı "Coffeeshop Food & Drink" restoranı ilə əlaqə saxladıq. Restoranın administratoru Samir Baxşıyev bildirib ki, bu müdiriyyət tərəfindən qoyulan qaydadır:

"Canlı musiqiyə görə 2 azn əlavə hesab götürülür. Bu restoranımızın qaydasıdır. Axşam saat 7-dən sonra restoranın zalında ya da həyətində oturmasından asılı olmayaraq, hər bir müştəri bu hesabı ödəməlidir. Canlı musiqi içəridə olsa da, çöl hissəyə də səsgücləndiricilər yerləşdirmişik. Yəni musiqini hamı eşidir".

Lamiyə Məmmədova

 

 

Mənbə: sonxeber.az