“Yaxın dostumu, ən sevimli insanı itirmək mənim üçün çox çətin idi”

“Yaxın dostumu, ən sevimli insanı itirmək mənim üçün çox çətin idi”<span class="qirmizi"></span>

“Hər dəfə Polad Bülbüloğluna deyirdim ki, görəsən Şuşaya getmək bizə qismət olacaq?”

“Siz bilirsiniz ki, Xoreoqrafiya Akademiyası Qafqazda yeganə akademiyadır. Biz çox xoşbəxtik ki, bizim Xoreoqrafiya Akademiyası 91 il məktəb olub, artıq 8 ildir ki, akademiyadır. Bu akademiya yeni doğulmuş uşaq kimi yeni addımlar atır. Mən akademiyada xarici əlaqələr üzrə prorektoram. Çünki mən öz rəqslərimlə, sənətimlə bütün dünyanı gəzmişəm. Azərbaycan milli rəqslərimizi təmsil etmişəm. Hər ölkənin rəqsini, klassik və dünya rəqslərini gözəl bilirəm, amma ən gözəli, ən doğma milli rəqslərimizdir. Müəllimlərim Leyla Vəkilova, Xumar Zülfüqarova, Afaq Məlikova olub. Mən onların davamçısıyam, çalışıram ki, o məktəbi itirməyim”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Təranə Muradova deyib. O daha sonra əlavə edib.

“İnsanın həyatda başına hər şey gələ bilər. Amma səhnəyə çıxanda insan uçur, Allahla ünsiyyətdə olur. Elə vaxtlarım olub ki, səhnəyə çıxmışam, özümü yaxşı hiss etməmişəm, amma səhnə mənə kömək edib. Həmişə çalışırdım ki, öz dərdimi, sirrimi, söhbətimi səhnə ilə bölüşüm. Həyat yoldaşım və səhnə mənə ən yaxın, əziz dost idi. Təbii ki, səhnənin arxasında sənə bir həyəcan, qorxu gəlir. Səhnəyə çıxanda hər şey unudulur. Bəzən fikirdən, qorxudan sən rəqsi də unuda bilərsən, amma bədənin səni özü aparırdı, musiqi səni özü yaşatdırırdı. Səhnə xəstəliyi də məndən götürürdü, mən səhnə üçün çox darıxıram. İndi qarşıma iki seçim qoysalar, mən səhnəni seçərdim, səhnəyə qayıdardım. Səhnə oynayanda səninlə yaşayır, səni hiss edir. Hər şeyin öz vaxtı var. Mən ümid edirəm ki, bəlkə də 60 illik yubileyimdə bir çıxış edəcəyəm” deyə sənətkar bildirib.

Xalq artisti Şuşa səfərindən, orada ifa etdiyi “Sarı gəlin” rəqsindən də danışıb.

“30 il bundan əvvəl Şuşada, “Xarıbülbül” festivalında olmuşdum. Deyirdim ki, kaş mən o torpaqda yenə də oynayardım. Hər dəfə Polad Bülbüloğluna deyirdim ki, görəsən Şuşaya getmək bizə qismət olacaq?! Şükür Allaha qəhrəman əsgərlərimiz, müzəffər ordumuz torpaqlarımızı düşmən tapdağından azad etdi və mən də öz arzuma çatdım. 2 ay keçmədi ki, mən Şuşaya gedib, orada “Sarı gəlin” rəqsini oynayıb, lentə aldırdım. Mən “Sarı gəlin” i ritual rəqsi kimi ifa etdim. Allaha çox sağ ol dedim ki, torpaqlarımızı bizə qaytardın, rəhmətə gedən şəhidlərimizin ruhuna dualar oxudum. Rəqs edərkən yerə əyiləndə və Allaha yalvaranda elə bil ki, şəhidlərin ruhu, səsləri qulağımda idi. Mən hiss edirdim ki, o dağlarda mənə gözlər baxır, bu rəqsi mən onlara, canını torpaq uğrunda verənlərə bağışladım” deyə sənətkar bildirib.

Təranə Muradova ötən il itirdiyi həyat yoldaşından da danışıb.

“Bu insan mənim ən yaxın dostum idi. Biz 38 il bir yerdə yaşadıq. Yaxın dostumu, ən sevimli insanı itirmək mənim üçün çox çətin idi. O həmişə mənə dəstək olurdu, baxmayaraq ki, evlənəndə o mənim bu sənətdə olmağımı istəmirdi. Daha sonra mənə kitabımı yazmağa da kömək etdi. Anamı da 20 yaşında, öz toyumdan 3 gün sonra itirmişəm. Mən ümid edirəm ki, onların ruhları indi şaddır, onlar indi görürlər ki, nəyi istəyirəmsə ona layiq olmuşam. Ən böyük arzum budur ki, həyat yoldaşım yuxarıdan baxıb görsün ki, nəvəsi birinci sinfə gedir” deyə sənətkar bildirib.

Mənbə: moderator.az