Səadət Şıxıyevadan Nəsimi ilinə böyük tövhə - “Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər”

Səadət Şıxıyevadan Nəsimi ilinə böyük tövhə - “Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər”

Dekabrın 9-da Azərbaycan- Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzində AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent, Nəsimişünas alim Səadət Şıxıyevanın "Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər" kitabının təqdimatı keçirildi.

Olaylar.az bildirir ki, kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və "Mirzə İbrahimov adına Kitab Fondu" İctimai Birliyinin "Nəsimi yaradıcılığının elmi -nəzəri tətqiqi" layihəsi əsasında çap olunub.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri və kitabın elmi redaktoru Esmira Fuad bildirdi ki, Azərbaycan və Türk dünyasında Nəsimişünas elminə öz tövhəsini vermiş Şəadət Şıxıyevanın bu kitabı uzun illər zəhmətinin məhsuludur: "Səadət xanım ömrünü Nəsimiyə həsr edən, hər sözün üstündə əsən dəyərli araşdırmaçıdır. Nəsimi ilində görülən ən böyük işlərdən biri dünya şöhrətli ifaçı Sami Yusifin Nəsiminin qəzəllərindən ibarət ifa etdiyi kompozisiyası və bir də Səadət xanımın bu kitabıdır. Fikrimcə, Səadət xanım Nəsiminin mənəvi varlığıdır.

Səadət xanımın sözə, Nəsimi irsinə olan böyük dəyərinin sayəsində biz bu kitabı 4 ildir ki, gözləyirdik. Səadət xanım hər bir məqaləsində, araşdırmasında sözə çox böyük həssaslıqla yanaşır. Dünya standartlarına cavab verən bu cür kitabın ərsəyə gəlməsinə görə gözəl naşir, alimlərin sədaqətli dostu, professor Nadir Məmmədliyə təşəkkürümü bildirirəm."

Esmira Fuad qeyd etdi ki, Nəsimini ilk olaraq məhz "Nəsimi" filmi ilə sevmişdiksə, bu gün Nəsimini məhz Səadət xanımın apardığı araşdırmaları sayəsində yenidən sevdik.

Azərbaycan-Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin rəhbəri Toğrul Allahverdiyev yeni yaradılan mədəniyyət mərkəzi haqqında məlumat verərək bildirdi ki, Nəsimi ili ilə bağlı qürbətdə mərkəz yaxın günlərdə "Nəsimi-650" adlı yeni kitab dərc edib.

Orta əsrlər ədəbiyyatının bilicisi Nəzakət Məmmədli bildirdi ki, bu gün Nəsimi sevərlərin bayramıdır: "Səadət Şıxıyevanın Nəsimi irsi ilə bağlı araşdırmaları, əziyyətləri əvəzsizdir. Bu kitabda zəhmətdən əlavə sevgi və sistemli araşdırmalar yer alıb. Bu il Nəsimi haqqında çox kitab dərc olunsa da, bu kitabda Nəsimi hərtərəfli verilib."

Nəzakət xanım daha sonra əlavə etdi ki, Səadət xanım Nəsiminin fars və türk dillərində yazılan əsərlərini də araşdırıb: "Nəsimi illərlə ateist kimi təbliğ olunsa da, bu kitab son illər Nəsimi haqqında yazılan yanlış məlumatlara bir daha aydınlıq gətirəcək. Kitab Nəsimi irsindən bəhs edən azsaylı dəyərli kitablardan biridir. Səadət xanım hər araşdırmasında ilkin mənbələri axtarıb tapıb, onlar üzərində çalışıb".

Təqdimatda iştirak edən filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayeva qeyd etdi ki, bizim qısqanclıqla dolu ədəbi mühitimizdə bu kitabın dərc olunması böyük uğurdur:

 

"Nəsimi ilə bağlı iki böyük məqaləmdə Nəsiminin orta məktəblərdə yanlış təbliğindən yazmışdım. Təsadüfən Səadət xanımın Nəsimi haqqında məqalələrini oxudum və öz yazımda Sədaət xanımın yazısını qabartmaqda yanılmadığımı gördüm. Səadət xanım elmi araşdırmalarda öz sağlamlığını qurban verən dəyərli ziyalımızdır. Nəsimi ilində Səadət xanım böyük sarsıntı keçirdi. Bayağı musiqidən tutmuş, Nəsimi ilə heç bir əlaqəsi olmayanların kitablarının dərc olunması çox ağrılı bir durumdur. Bu il Nəsimi ili ilə əlaqədar keçirilən kitab yarmarkasında Səadət xanımın adı çəkilmədi. Təəssüf ki, bu elmi mühitin qısqanclığının "məhsuludu". Səadət xanım kimi tətqiqatçıların köməyə ehtiyacı yoxdu, Səadət xanımın layiqli oxuculara ehtiyacı var. Səadət Şıxıyeva imzası mənim üçün çox dəyərli və güvənli imzadır."

Filologiya elmləri doktoru Ataəmi Mirzəyev qeyd etdi ki, Nəsimi ilində ən böyük təşəkkür Səadət xanıma düşür: "Səadət xanım özünəməxsus tətqiqatçıdır. O hər sözünün üstündə əsir. Nəsimi ilinin son günlərində bu cür dəyərli kitabla bitməsi gözəl təsadüfdür."

Yazıçı Kənan Hacı bildirdi ki, bu kitab uzun illərin tətqiqatının məhsuludur.

Sonda çıxış edən Səadət xanım Şıxıyeva bildirdi ki, təqdimatda iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi: "Kitab Nadir Məmmədli və Esmira Fuad sayəsində dərc olundu. Kitabın ilkin variantı mənim diplom işimdir. Bu kitabı böyük sevgi ilə yazdım. Kitab hazırlanan zaman böyük texniki problemlərlə üzləşməsinə baxmayaraq, sonda yayımlandı."

Qeyd edək ki, kitabda Nəsiminin poetik irsinin tətqiqi tarixinə nəzər salınır. Bu konteksdə nəsimişünaslıqda mövcud olan mübahisəli məsələlərə münasibət bildirilir, şairin irfani düşüncəsinin ifadəçiləri olan başlıca məcaz və motivlər araşdırılır. Onun söz sənətindəki yerini göstərən və bədii təxəyyülünün imkanlarını açıqlayan poetik fiqurlar ənənə və fərdiyyat konteksində dəyərləndirilib.

Kitab mütəxəssislər, ali məktəb müəllimləri və tələbələri və ümumiyyətlə, Nəsimi irsini sevənlər üçün nəzərdə tutulub.

Nigar Adil

Mənbə: olaylar.az