Uşaqlar üçün qiymətləri əlyandıran Yeni il şouları - ARAŞDIRMA

Uşaqlar üçün qiymətləri əlyandıran Yeni il şouları - ARAŞDIRMA

Hədiyyələr, şənliklər, məktəb tətilləri, Şaxta baba və Qar qız... Məhz bunlar bir zamanlar bizim, indi də azyaşlıların qış sevincinin əsas səbəbkarlarıdır.

Hər il olduğu kimi, bu il də paytaxt Bakıda uşaqlar üçün şənliklər keçiriləcək. Tədbirlər mədəniyyət ocaqları, konsert zalları ilə yanaşı özəl restoran və otellərdə də baş tutacaq.

Diqqətçəkən məqam isə qiymətlərin fərqli olmasındadır. Biletlərin qiymətinə nəzər saldıqda, şənliklərin istənilən təbəqə üçün əlçatan olduğunu görmək mümkündür.

News24.az dekabr və yanvar aylarında baş tutacaq Yeni il şənliklərinin qiymətlərini araşdırıb.
Nəticə belədir:

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçiriləcək şənlik 27 dekabr-6 yanvar tarixlərində hər gün olmaqla 4 seansla baş tutacaq. Qiymət 8 AZN-dir.

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı tədbirlərə 28 dekabrda başlayacaq. Hədiyyəli Yeni il şənliyinin qiyməti 7 AZN-dir.
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı qapılarını uşaqların üzünə 22 dekabr-5 yanvar tarixlərində açacaq. Mədəniyyət ocağında həmin tarixlərdə gündəlik 2 seans təşkil ediləcək. “Yeni İlin ulduz yağışı” adlı tədbirin qiyməti 5-39 AZN arasındadır.

“Qrinç 2020” Gənc Tamaşaçılar Teatrının uşaqlar üçün hazırladığı şənlikdir. 26 dekabr-5 yanvar tarixlərində keçiriləcək tədbirə giriş 8 AZN-dir.
Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzi də uşaqları sevindirməyə hazırlaşır. Övladlarını “Sehirbazlar məktəbi” adlı şənlikdə görmək istəyən valideynlər 5 AZN-dən 60 AZN-ə qədər xərcləməli olacaqlar. Yeni il tədbiri yalnız 1 gün 2 yanvar tarixində keçiriləcək.

Akademik Milli Dram Teatrı uşaqların çox sevdiyi “Fiksi şou” ilə onların görüşünə gələcək. “Yeni il əməliyyatı” adlı tədbirin giriş qiyməti bir uşaq üçün 5-60 AZN-dir.

“Azdrama”da həmçinin “Maşa və ayıdan Yeni İl ağacı” adlı şou keçiriləcək. 11 yanvar tarixinə planlaşdırılan şounun biletləri 5-60 AZN-ə satılır.
İlin ən çox gözləniləni isə “Cırtdan və sehirli xalat” ailəvi şousudur. İlk senası 21 dekabrda Bakı Konqres Mərkəzində baş tutacaq şou 5 yanvar tarixində sona yetəcək. 5 AZN-dən 30 AZN-ə qədər qiyməti olan biletlər demək olar ki, tükənib.

Heydər Əliyev Sarayı “Qar şəhzadə və 7 gözəl” adlı şənlik hazırlayıb. Qiymətləri 6-25 AZN arasında olan tədbir 4-5 yanvar tarixlərində keçiriləcək.
Son zamanlar qız uşaqlarının sevimlisi olan “LOL gəlincikləri”ni Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Bakıya gətirir. “Fashion LOL” şənliyi valideynləri 10-35 AZN xərcə salacaq.
Qeyd etdiyimiz kimi, dövlət səviyyəli məkanlarla birgə Bakıda otellər və bir çox məkanlarda da Yeni İl şənlikləri baş tutacaq. Bu məkanların da qiymətləri 35 AZN-dən 60 AZN-ə qədər artır.

Teymur Məmmədov

Mənbə: news24.az