“Deyirlər millət vəkili ol, dərdimizi sənə deyək”

“Deyirlər millət vəkili ol, dərdimizi sənə deyək”

Səkinə xanımla hardasa 6-7 il əvvəl bir çəkiliş etmişdim. O zamandan bu dəyərli sənətkarımızla hər zaman həmsöhbət ola biləcəyimə qənaət gətirmişdim.Səkinə xanım İsmayılova muğamı qavalla ifa edən ilk qadın xanəndəmizdir. Xanımlar arasında muğam sənətində professor dərəcəsinə kimi yüksəlib. 90-cı illərdə musiqi tariximizdə ilk dəfə xanımlardan ibarət muğam üçlüyü yaradıb. Muğam operalarında aparıcı partiyalara imza atan, saysız-hesabsız yetirmələri olan, Prezident təqaüdçüsü, “Şöhrət”ordenli ustad sənətkarımızla söhbətimizitəqdim edirik. Xatırladım ki, bu təqdimat müsahibə deyil, söhbət xarakterlidir.

-Əvvəlcə əhvalınızı xəbər almaq istərdim. Necəsiniz? Ənənəvi sual.

-Vallah, şükür. Çox yaxşı. Sənət adamına lazım olan sevgi və diqqətdir, o da var. Xalqından, millətindən, üstəlik də, dövlətindən bu qayğını, diqqəti görəndən sonra bir sənətkar üçün daha nə lazımdır? Bu münasibət adamı eləruhlandırır ki, fikirləşirsən, bəli, bu qədər çəkdiyin zəhmət, keçirdiyin ömür, ötən illər heç də hədər yerə xərclənməyib.

-Sizin bəzi sənətkarlardan bir fərqiniz də odur ki, illərdir gənc nəslin arasındasınız. Gənc nəslin yetişməyində öz töhfənizi əsirgəmirsiniz.

-Həmişə, hər yerdə muğamın milli sərvətimiz olduğunu deyirik. Muğam sənəti bizə asanlıqla gəlib çatmayıb. Əsrlərdən əsrlərə muğamı gətirib bizlərə çatdıranlar olub. Bu milli-mənəvi sərvəti həm qorumaq, həm də zənginləşdirmək missiyasını boynuna götürmək heç kimə asan gəlməsin. Bu xəzinəmizi gələcək nəsillərə ötürmək isə mənəvi borcumuzdur.

- Elədir. Estafeti siz də sonrakı nəsillərə ötürürsünüz.

- Əsas məqsəd bundan ibarətdir ki, muğamı bizə necə gətirib çatdırıblarsa, biz də bu əmanəti o şəkildə gələcək nəsllərə ötürək. Necə deyərlər, ifa tərzinin klassik forması var. Bu işləri ənənəni qoruyaraq görmək lazımdır. Düzdür, ona bir az bəzək-düzək vurmaq olar. Ancaq burda, tədris ortamında müəyyən məsələləri tələbələrəgərək olduğu kimi çatdıraq. Düşünürəm ki, hər bir sənət adamı bu prinsiplə hərəkət etməlidir. Hər kəs öz sənətini, eləcə də bu yolda nə etmək lazım olduğunu gözəl bilməlidir.Tədris işi olduqca çətindir. Bizim elə böyük sənətkarlarımız olub ki, onlar belə tədris işləri ilə məşğul olmayıblar. Ustad sənətkarlardan dərs aldığım və bu musiqi janrı həyatımın mənasını təşkil etdiyi üçün, düşündüm ki, bu işləri mütləq görməliyəm.

- Ümumiyyətlə, istərdim, bu sənətdəki təhrif məsələsinə bir az toxunasınız. Məsələn, hər hansı bir mətndə bir yerin dəyişdirilməsi, elə Nəsiminin qəzəlində bir hərfin dəyişdirilməsi, hər şeyi başqa cürə ortaya çıxardır. Verilən mesaj olduğu kimi anlaşılmır. O da qala ki, bu olaylar uzun zaman içində baş verə. Bəs muğamda çəkdiyim misala uyğun vəziyyət nə şəkildə öz yerini tapır? Siz həm oxuyursunuz, həm də bu işin elmini bilirsiniz. Ona görə soruşdum.

- Hər sənətkarı sevdirən, qəbul etdirən, onun sənətə yaradıcı yanaşmasıdır. Məsələn, bir də gördün deyirlər ki, siz oxuyanda, biz muğamı çox sevirik. Başqa bir ifaçıya qulaq asanda, o muğam başqa cür təsir edir. Deməli, mənim muğama olan yanaşmam, həmin o dinləyicini sevindirir. Onun istədiklərini özündə formalaşdırmağaçalışmaq lazımdır. Biz, bunu tapmalıyıq. Muğamı, ancaq klassik yolu saxlamaqla, onu nəfəsinlə, boğazınla, xırdalıqlarınla yeniləməlisən. Bunu bacarmaq lazımdır. Biz özümüzdən yeni heç nə kəşf etməmişik. Yüz illərdir oxunanı oxuyuruq. Xalq mahnıları həmənki xalq mahnılarıdır. “Azərbaycan maralı” var,“ Şahnaz”, “Şur”, “Bayatı-Şiraz”, “Mahur” və s... Əlbəttə ki, bu mahnıları gözəlləşdirən, sevdirən fərqli üslublar və fərqli ifa tərzləridir.

-Mən sizi yaxşı başa düşürəm və dediklərinizi də qəbul edirəm. Sənətkarın hər hansı bir nümunəyə özündən əlavəsi, özünün yaradıcı qatqısı olmalıdır. Siz çağdaş dövrü nəzərə alaraq, muğamın mahiyyətində yeni nələrsə etməyə ehtiyac hiss edirsinizmi? Muğamı ənənəvi ampulasından çıxarıb yeniləmək olarmı, bu vacibdirmi?

- Muğamı olduğu kimi də oxumaq hər adamın işi deyil. Hər adam da onu bacarmır. Muğamı dəyişməyə ehtiyac yoxdur. Siz elə bilirsiniz, hər muğam oxuyan bu işin öhdəsindən gələ bilir? Qətiyyən! Muğamınkı odur ki, çıxıb açıq meydanda bacardığını ifa edəsən. Hər dəstgahın öz qapısı var.O qapıdan səsi olan çıxacaq, olmayan çıxa bilməz. Biz, səsi olanlardan, həqiqi sənətkarlardan söhbət edirik. Yoxsa, bu gün biri gedib nə isə oxudu, ifasına azca muğam qatdı, bunlardan söhbət getmir. Gözdən pərdə asmaq olmaz. Müasir imkanlarla birinin səsini təmizləməkdən, xırıltısını arıtlamaqdan bəhs etmirik. Onlar başqa şeylərdir. Bu gün muğam oxuyanın Allahdan verilən səsi olmalıdır. Qayda budur. Diapozonun, duyumun, ritmin, üslubun olmadan necə muğam ifası təqdim etmək olar? Bu gün məşhurlar, tanınmışlar çoxdur. Onların birinə muğamın bir şöbəsini ver, görüm oxuya bilərmi. İnanmıram.

- Qədimdə bir qızı bir oğlana vermək üçün qarşısına düyünlü kötük qoyurmuşlar. Bu kötüyü yara bilməsən, qız sənin deyil. İndi sonuncu fikriniz mənə nədənsə bu adəti xatırlatdı. Yəni bir adamın istedadlı olmasını həm də muğamla sınaqdan keçirmək olar, deyirsiniz.

- Bilirsiniz, mənim yaradıcılığım operada başlayıb, ordan keçib. Yüz on illik tarixi olan operanın 30 ili mənim yaradıcılığımla bağlıdır. O tələblərin öhdəsindən gələ bilənlər operaya gələ bilər. Opera bu qədər asan olsaydı, orda adam əlindən tərpənmək olmazdı. Hər kəs özünü bir dəfə sınaya bilir,yəni bir dəfə oxuya bilir. Sonra o çətinliyi görüb bir daha getmirlər. Niyə getmirlər? Getsinlər, oxusunlar görüm, necə oxuya bilirlər.Səhnədə qalmaq, obrazlar yaratmaq, Gülbahar, Şahsənəm, Leyli olmaq olduqca çətindir. Səs varsa, o, özünü mütləq göstərəcək. İllər keçir, baxırsan, qocaman sənətkardır, bir gəncin yanında elə oxuyur ki, gənc onun yanında kölgədə qalır. Mən sizə canlı oxumaqdan, səhnədən danışıram.

-Yeni dövrdə sizin tələbəniz olan gənclər də çıxdı ortaya. Onların ifasında sizi ən çox qane edən nədir, hansı məqamlardır? Nəfəsdirmi, üslubdurmu, səsdirmi, səsin tempidirmi, muğama yanaşma tərzidirmi, nədir?

- Hər kəsə məlumdur ki, 2005-ci ildən Azərbaycanın hüdudlarını aşan televiziya Muğam Müsabiqəsi başladıldı. Bu müsabiqə zamanı 300-400 gəncə qulaq asırıq. Hətta rayonlara, bölgələrə gedirik. Onların içindən 20-lik seçirik. Bu 20-lik 3 ay müddətində televiziya məkanında yarışmağa başlayır. Sonra onların içindən də 1,2,3-cü yerlər seçilir. Bizim muğamda qazandığımız nə olur? O 3-4 nəfər. Baxın, 300-400 nəfərin içindən neçə nəfər çəkib çıxara bilirik. Muğam üçün gündə ifaçı yetişmir, yetişə bilməz də. Seçdiyimiz o uşaqlarda fərqliliklər, özünəməxsusluqlar olduğu üçün, onlar seçilir. 2005-ci ildən Təyyardır, Babəkdir,İlkindir, Ehtiramdır...İndi onlar, maşallah, nə qədərdilər.

-Seçdiyiniz uşaqların sizin ifaçı nəsildən fərqi nədir? Onlar da sizlər kimi oxuyur, ya da oxumalıdırlar?

- Həm mən, həm də münsiflərdə əyləşən digər sənətkarlarımızo gənclərdə bizə qədər gələn yolu görür. Bunu gördüyümüz üçün onları seçirik.

-Sizcə, bu yaxşı bir şeydirmi sənətdə? Çərçivədən kənara çıxmamaq kimi qaydalar yaradıcı fərdin yaradıcılıq psixologiyasında qısıtlama yaratmazmı?

- Sizin dediklərinizin muğama aidiyyatı yoxdur. Muğamınkı meydandır, özünə güvənirsənsə, inamın varsa, o zaman buyur, oxu. Təsəvvür edin, biri operada Üzeyir bəyin Leylisini oxuyur.Sizin fikirlərinizlə yanaşsaq, biri qalxıb “bu partiyada indiyə kimi oxunanları oxuya bilmirəm, buranı dəyiş”, desə, onda hansı vəziyyətlə qarşılaşarıq? Üzeyir bəyə, onun əsərinə, operaya əl vurmaq olar? Elə şeylər var ki, o toxunulmazdır.Muğamın milli xəzinəmiz olduğunu dönə-dönə vurğulayırıq.Hər yetirən bir şey götürsə, o xəzinədən geriyə heç nə qalmaz.Başqa janrlarda oxusan, buyur, nə istəyirsən elə, ancaq muğamda olmaz.

- Muğam dünyaya son illərdə çıxa bildi. İctimai şüurda belə muğama qarşı təpgilər səngimədi. Muğamın fars musiqisi olduğunu, şüurları keyitdiyini də deyənlər tapıldı.

- Mən elə fikirləşmirəm. Muğamı başa düşməyənlərəvvəlcə mənəvi dünyasını zənginləşdirməlidir. Belə fikir kimin ağlına gəlirsə, gedib özünü yetişdirsin, daxili dünyasınıtərbiyələndirsin. Muğamı dərk edən adam, savadlı, intellektual, duyumlu olmalıdır. Ailələr var, həmişə operaya da, teatra da gedir. Ailələr var ki, teatrın harda yerləşdiyini heç bilmir. Burda kimin günahı var?

-Mən sizinlə sırf sənət məzmunlu söhbət edərdim.Ancaq ictimai prosesləri nəzərə alan, publikanı maraqlandıran suallar da verməliyəm. Bu baxımdan söhbətimizin istiqamətindən qətiyyən incimiyəcəyinizdən əminəm.

- Muğamı bu gün anlamaq ehtiyacını hiss edən adamöz savadını artırmalıdır. Bir kütlənin içində hər cür,müxtəlif düşüncəli fərdlər var. Kimisinin zövqü olar, kimisinin olmaz. Mən isə deyirəm, bu, bizim milli musiqimizdir. Sənin zövqünün inkişaf edib, etməməyindən asılı olmayaraq, bu musiqini sevməlisən. Bayrağı, gerbi, vətəni necə sevirsənsə, muğamı da elə sevməlisən. Mənə görə, muğam da milli atributlarımızdan biridir. Muğam bizim mənəvi gerbimizdir.Bu mənim fikrimdir.

-Siz yetəri qədər xaricdə olmuş sənətkarsınız. Heç bir əsəri xaricdə oxumaqla burda oxumaq arasında fərq hiss etdinizmi? Belə bir hissiyyat ola bilərmi?

-Orda həmvətənlərin varsa, onlar səni daha çox dinləmək istəyirlər. Bu təbiidir. Qaldı ki, getdiyimiz xarici ölkələrə...Muğamdan başqa heç bir musiqi janrı iləo tamaşaçılarıtəəccübləndirə bilməzsən. Mən, şəxsən bu gün də bunun şahidiyəm. Digər musiqilərin ən zirvə nöqtəsi xaricilərdə var. Onları musiqi ilə heyrətləndirmək olduqca çətindir.Hər janr var, ancaq muğam nə gəzir? Muğamı Allah bizim xalqa bəxş edib. Bu səs, bu boğaz, bu xırdalıq bizim sənətkarlara xas olan bir xüsusiyyətdir.Bu zənguləni harda, hansı xalqda tapa bilərsən? Düzdür,muğama oxşayan musiqilər bir neçə xalqda mövcuddur. Ərəblərdə, farslarda, hindlilərdə, türklərdə də var. Hər kəs bu janra ümumiləşmiş bir ad qoyub:- Muğam. Ancaq bizdəki təkmilləşmələr, fərqlər tamam başqadır. Bu qədər beynəlxalq müsabiqələrdə niyə bizim muğam birinci yeri tutur? Bu yerləri bizə onlar özləri verirlər. Niyə? Çünki bizim muğamda rəngarəngliklə yanaşı, həm də ifaçının səsi var, özünəxas səsi.

-Həm də istənilən köklü və ciddi sənətdəmillətin taleyi, keçdiyi həyat yolu özünü göstərə bilir.

- Musiqi ilə hər şeyi görmək olur. Allah rəhmət eləsin, Rəşid Behbudova. Onunla eyni səhnəni paylaşmışam.Deyirdi ki, biz çıxıb səhnədə bir musiqimizi göstərənə qədər, artıq vətənimiz, millətimiz, sənətkarlarımız haqqında görünüşümüz, baxışımız, mədəniyyətimiz çox şey deyir. Sonra isə musiqi başlayır. Ancaq bu musiqiyə qədər çox şeynümayiş olunur. Getdiyimiz yerlərdə xaricilərin musiqimizə olan münasibətini çox görmüşəm.Mən bir dəfə Fransada olanda, gəlib məndən müsahibə götürdülər ki, o zənguləni necə edirsiniz. O qədər maraqlanırdılar ki. Elə zallar olur, biz orda mikrofonsuz oxuyurduq. Onlar bizim ifamıza təəccüb edirdilər. Gəlib boğazımıza baxırdılar ki, bunlar bu musiqini necə səsləndirirlər.Bunları görmək lazımdır, inanın.

- Səkinə xanım, sizcə, dövrümüzdə toylar musiqini gözdən salırmı, məhv edirmi, yoxsa?..

- Fikir verin,musiqini öldürənlər sırasında olanlara üç-beş ildən sonra rast gələ bilərsinizmi? Yox. Hər şey ələkdən keçir, geriyə lazımlı, ciddi sənət nümunələri qalır.

- Amma adama elə gəlir ki, gizli bir əl bayağı musiqilərə, bayağı müğənnilərə geniş arealda yayılması üçün dəstək verir. Bunun qarşısını almaq olarmı, ya almaq lazımdırmı, almağa dəyərmi?

- Yox, bu işlərin qarşısını kim alacaq, necə alcaq ki? Sənin zövqün budur, bunu istəyirsən, onun zövqü başqa bir musiqi istəyir. Sənətdə xüsusi olaraq nəyinsə qarşısını almağın, sədd çəkməyin tərəfdarı deyiləm. Gec-tez zaman öz sözünü deyəcək.

- Yəni deyirsiniz, xalq kimi istəyir, necə istəyir, elə də edir.

- Xalqın nəsillərə ötürəcək muğam sənəti var. O kimin istəyib-istəməməsindən asılı olmayaraq yaşayıb, yaşayacaq. Yüzlərlə elə-belələri gəlib gedəcək. Necə ki, indiyə qədər də belə olub. Qısa zaman çərçivəsində kimlərsə nəsə edə bilərlər. Ancaq həqiqətöz kəsərlihökmünü verəcək.

-Cəmiyyətdə sayılıb-seçilən, uğurları bol olan insanlara qarşı qısqanclıqlar olur. Sanki bir az kin bəsləyirlər. Sizə qarşı necə, kin - küdurət olurmu, ya olubmu?

- Hər bir kəsin ətrafında hər cür təbiətə malik insan olur. Bu təbii bir şeydir. Mənə qarşı kimdəsə kin-küdurətin olub-olmadığını bilmirəm. Mən Allaha bağlı adamam. Uca Yaradan mənə hacc yolunu açdı, müqəddəs yerləri ziyarət etməyi qismət elədi. Mən orda insanlar arasında fərq görmədim. Vəzifəsindən, mövqeyindən, kimliyindən asılı olmayaraq, hər kəsin bərabər olduğunu gördüm. Hər kəs ağ bir parçaya-ehrama bürünüb Kəbənin ətrafında Allahın xatirinə dönürdü. Bu da Allahın öz bəndələrini bərabər görməsi və öz bəndələrinə lütfünü eyni şəkildə paylaması deməkdir. Kiminsə nəsə deməyi, nəsə düşünməyi məni o qədər də maraqlandırmır.

- Hansısa bir işinizdə, layihənizdə sizə qarşı gələnlər, əngəl törədənlər olurmu, əslində bunu nəzərdə tuturam.

- Allah hər yaratdığını öz istədiyi mərtəbədə görür. Yüz min bəndə gələ, Allahın səni qaldırdığı zirvədən heç cürə aşağı sala bilməz.

- Yəni bu qədər inanclısınız.

- Əlbəttə. Pislik edən adam, özü bir pisliyə düçar olmayınca, bu dünyadan köçə bilməz. Kim nə iş tutubsa, o işinin cəzasını aldıqdan sonra dünyadan ayrılmağı mütləqdir. Buna görə də, elə şeyləri mən ciddiyə almıram. İllərdir, özümə aid olan əxlaq normaları var ki, ona əməl edirəm. Böyüyün-kiçiyin yerini bilib, ona görə davranıram. Özümün olarlarım, olmazlarım var.

- Bir sözlə, sizin öz qaydalarınz var.

- Bəli. Öz qaydalarım var. Mənə görə, insan hər könlü istədiyini,qətiyyən, edə bilməz. Necə yəni, könlüm istədi, mən də bunu etdim, deyə bilərsən? Belə şey olarmı? Bəlkə sənin könlünün istədiyi bir şey, bir başqasının qəlbini qırır, ruhunu zədələyir. Könlün istəyəni elə etməlisən ki, digərlərininqəlbi qırılmasın, ruhu zədələnməsin, varlığı alt-üst olmasın. Bunlar həssas mövzulardır.

- Namaz qılırsınızmı?

- Əlbəttə ki.

- “Quran” oxumağı da bacararsınız yəqin.

- “Quran” oxumağı yalan deyərəm. Ancaq Haccdan gələn gündən namazımı qılıram. Hacca getdim, o yolda namazı öyrəndim. Bu günə kimi bir dəfə də olsun, namazdan uzaqlaşmamışam.

- Sizin namaz qılmamışdan öncəki həyatınızla namazdan sonrakı həyatınızın fərqi varmı? Bu fərqi hiss etdinizmi?

- Onda da, indi də yaşadığım həyat eynidir. Bəlkə dəona görə Allah insana çox şeylər nəsib edir. İnsanın tutduğu yola, şəxsiyyətinə görə ona kömək edir ki, sən o yolda özünü görə biləsən.Heç vaxtı haqq bildiyin yoldan dönməyəsən.

- Bəzən görürsən ki, birinin namaza başladığı vaxta qədərki həyatıyla namazdan sonrakı həyatı arasında xeyli fərq var.

- Ola bilər. Adamlar var, fanatikdır. Adam var, dədə-babadan gördüyümüz kimietiqadlı insandır. Mən isə bir müsəlman olaraq, Allahımı sevirəm. Allah rizası üçün bu həyatda gücüm nəyə çatırsa, onu da yerinə yetirməyə çalışıram.

- Heç ürəyinizdən keçibmi ki, “Quran”dan hansısa bir parçanı oxuyasınız? Bu sizin ixtiyarınızda olan bir şeydir. Heç belə bir istək olubmu?

- Elə insan var, bütün ömrünü dinə həsr edir. Allahım mənə bir səs bəxş elədiyi üçünmən də öz müqabilimdədini özümdə yaşatmağa, əməl etməyə çalışıram. Bu gün muğamı tam bilirəmsə, bu ayrı bir məsələdir. Axundlar, şeyxlər yanında mən də qalxıb desəm ki, dindən nəsə bilirəm, bu yalan olar. Ən azından bir insan kimi Allahı sevməyin nəyi pisdir ki? Bir dostunun, qonşunun, sənət yoldaşının uğuruna, sənətdəki irəliləyişinə sevinməyin nəyi pisdir? Dinimiz bunu deyir: - yaxşı nə varsa, ona sevin. Sevin ki, Allah da onun iki qatını sizə bəxş eləsin.

- Son zamanlar cəmiyyətdə, özəlliklə, kitab oxumuş, elm sahibi insanlarla söhbət əsnasında hiss edirəm ki, İslam dininə qarşı qəribə bir kin, əsəb, gərginlik var.

- Məncə, dinlə bağlı cəmiyyyətimizdə belə faktların olması olduqca üzücü haldır. Bizim dinimiz necə gözəldir ki, Allahımız, görün, nələri buyurur. Allahımız deyir, görmədiyini danışma. Sənə aydın olmayan, bilmədiyin şeylər haqqında məlumat vermə. Heç kimsə barəsində mənfi danışma. Heç kimin uğurunu pis görmə. Kimsənin haqqına girmə. Heç bir qulun əməyini əlindən alma. Bunların nəyi pisdir? Məncə, o şəxslər hələinsan kimi yetişməyib. Dinimiz bunu deyir. Din deyir, kin saxlama. Mehriban ol. İnsanları sev. Heç kimlə düşmənçilik yaratma. Peyğəmbərimiz deyir, ən böyük insan bağışlamağı bacaran insandır. Allah insanların günahlarını bağışlayırsa, niyə biz bir-birimizi bağışlamağı bacarmayaq. Mən dində bu gözəllik və saflığı götürürəm.

- Sizi həm də bu yanaşmalarınıza görə sevirlər.

- Kim məni sevirsə, Allah da onu sevsin.

- Məsələn, inanmaq olmaz ki, Səkinə xanım Azərbaycanın hansısa ucqar bir kəndinə gedə, kimsə ona qapısın açmaya, mehriban qarşılamaya, evinə dəvət etməyə.

- Bəli. O gün tələbələrlə söhbətim oldu. Onlara dedim, nə olsun bu gün mənim 3-4 yerdə imarətim, maşınlarım yoxdur. Bu gün gedib Fransada bir qapını açsam, mütləq bir dostum qarşılayacaq. Amerikada,Almaniyada... bütün dünya ölkələrində şəstlə qapısını aça biləcəym dostlarım var. Oralarda mənim sənətimi və şəxsiyyətimi sevən insanlar çoxdur. Daha bundan gözəl nə olmalıdır? Nəbi Xəzri deyirdi ki,

Nəbiyəm, zirvəyəm, uca bir dağam,

Demə zirvəndəki o duman nədir.

Bütün varlılardan daha varlıyam.

Dövlətim məhəbbət, varım sevgidir.

Bir insanın varı sevgi ola, ondan dövlətlisi ola bilərmi?

- Bilirsiniz ki, indi Milli Məclisə seçkilər ərəfəsidir.Heç millət vəkilliyinə namizədliyinizi vermək barədə düşünmüsünüzmü?

- Yox, yox.

- Heç bu barədə düşünməmisiniz ki?

- Yox. Heç vaxtı bu barədə düşünməmişəm.

- Bəs bu barədə kiminsə təklifi olubmu? Ərki çatan, yaxud hansısa bir qurumdan, partiya və təşkilatdan heç təklif edən olubmu ki, gəlin, namizədliyinizi irəli sürək. Siz də millət vəkili olun. Xalqı o uca tribunadan bir az da belə təmsil edin. Gəlin, səmimi danışaq, mümkünsə?

- Belə danışıqlar olub. Deyirlər, çox demirlər. Deyirlər, biz sizi çox istəyirik, gəlin, siz də, məsələn, bu işə qoşulun. Ürəyinizə bələdik. Şəxsiyyətinizə hörmət edirik.Millət vəkili olun, dərdimizi, arzu, istəklərimizi sizə bildirərik. Belə sözlərlə mənə müraciətlər çox olub.

- Siz də yaxşı bilirsiniz ki,cəmiyyətdə bəzi sevilən insanlar var. Günlərin bir günü o sevginin qarşılığı olaraq, sanki ictimai bir tələb gəlir. Bəzilərini zorla, bəzilərini saxta yollarla xalqın millət vəkili edirlər. Məncə, xalqın sevgisi, məhəbbəti olan insanlar xalqın o sevgisini, məhəbbətini də yandırmamalıdırlar. Elə biri də siz.

- Vallah,mən də istərdim ki, xalqın seçdiyi insan, onu təmsil eləsin.

- Deyək, insanların problemlərini siz dilə gətirirsiniz. Məncə, gözəl bir yaşamdır.

- Bəli, bəli.

- Sizi sevən insanların problemləri olmamış deyil. Azərbaycan insanının problemlərinin önündə özünüzü görə bilirsinizmi? Bunun kəndçisi,şəhərlisi var,çobanı, fəhləsi, idmançısı, alimi, tələbəsi, müəllimi,oğrusu... var.

- İnanın, heç vaxtı bu məsələ ağlımdan keçməyib, heç bu barədə də düşünməmişəm. Mənə görə, kiməsə kömək etmək, əl uzatmaq üçün mütləq millət vəkili olmaq lazım deyil. Bu o qədər vacib də deyil. Əsas odur ki, sən insanlara, insanlığa lazım olasan. Biri gəlib məndən nəyisə soruşur. Gücüm çatmayan bir işlə bağlı, ən azından məsləhət verirəm. Mənə o qədər müraciətlər olur ki... Bacardığım qədər nəsə etməyə çalışıram. Gücüm çatmasa, ən azından deyirəm ki, bu işin yolu budur. Bunun üçün millət vəkili olmağa ehtiyac görmürəm.

- Siz səsinizlə də milyonlara kömək eləmisiniz. Bunu yaxşı anlayıram. Bəs yüksək dairələrdən, lap hökumət tərəfindən belə bir təklif gəlsə, dəyərləndirə bilərsinizmi?

- Mən hər bir şeyi anında düşünən, dəyərləndirən adamam. Oturub belə xəyala dalam, bu, mənə xas olan xüsusiyyət deyil.

- Xəyal etmək pis bir şey deyil ki. Romantik də deyilsiniz?

- Məndə romantik hislər yarananda təbiətin qoynuna çıxaram, dənizi seyr edirəm. Baxaram, görərəm, duyğulanaram. Amma reallığı sevirəm. Real olmaq istəyirəm. O dediyiniz məsələyə yalnız həmən anda cavab verə bilərəm. Ancaq indi yox.

- Elə təklifə ailə fərdləri, yaxud həyat yoldaşınızın münasibəti necə olar?

- Həyat yoldaşım mane olmaz. Mane olmalı vaxtlarda mane olublar. İndi isə daha mənə qarşı gəlmirlər, ancaq işlərimdə hər cür dəstək olmağa çalışırlar.

- Yəni sizə də nə vaxtsa maneçiliklər olub deyirsiniz?

- Əlbəttə. Mən sənətə elə bir dövrdə gəlmişəm ki, o dövrdə heç kimin ürəyi xarab olmurdu:- nə atanın, nə ananın ki, mənim qızım getsin oxusun, oğlum səhnəyə çıxsın. İndi sənəti oldu-olmadı, gəlib deyir ki, mənim uşağım oxumalıdır. Oğlan olanda deyir, uşağımın səsi Xan Şuşinskinin səsindəndir. Qızı olanda deyir, qızımın səsi Şövkət Ələkbərovanın səsindəndir. Bax, belədir vəziyyət. Ancaq o zamanlar belə deyildi.

- Görünür böyüdüyünüz mühit də çətin mühit olub, Səkinə xanım.Sizə necə icazə veriblər, çıxıb oxumusunuz, səhnə almısınız?

- Bəli. Mən bakılıyam. Bakı mühitində böyümüşəm. Nə yaxşı ki, o məhlənin olarları, olmazları vardı. Məhləmizin öz qayda-qanunları olub. İndi o qayda-qanunlar üçün adamın burnunun ucu göynəyir. Kimin nə həddi vardı ki, məhlədən kiminsə xanımı, ya qızı keçəndə, bir balaca ona başqa cür baxardı? Neçə ildi xanımlar sürücüdür bu şəhərdə? Bilirsiniz, necə baxırlar? Adam hələ də bu mənzərəyəgörə dəhşətə gəlir.

İndi şəhərin yarısı qadın sürücülərdən ibarətdir. Sanki qadınların sürücülüyünə yaxşı baxmırlar.Yaxud da görürsən elələri var ki, xanım sürücü görəndə, çalışır onu sıxışdırsın.

- Razıyam. Belə ümid edək ki, nə vaxtsa bunlar da keçər.

- İnşallah. Mən də keçəcəyinə inanıram.

- Dərsiniz olduğunu bilirəm. Sağ olun ki, söhbətləşmək üçün vaxt ayırdınız.

- Siz də sağ olun.

Söhbətləşdi: Xanəmir Telmanoğlu

bakupost.az

Mənbə: teref.az