Gitaraya hökm edən adam

Azərbaycan gitara ifaçılığı məktəbinə ağır itki üz vermişdir. Uzun illər bu sənətdə çalışan, eyni uğurla həm rok, həm klassik, həm çağdaş, həm də jazz musiqisini ifa edən yeganə gitaraçı Rövşən Məmmədov ağır xəstəlikdən sonra 47 yaşında Moskvada vəfat etmişdir.

Rövşən Məmmədov 1972-ci il aprelin 28-də Bakı şəhərində anadan olmuşdur. Lap gənc yaşlarında valideynlərini itirsə də, həyata inamını itirmədi, orta məktəbdə səylə təhsilinə davam etdi, eyni zamanda musiqi məktəbinə gedir, violin ifaçılığına yiyələnirdi. Məktəbi bitirdikdən sonra, 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olur və mühəndis-texnik kimi buradan məzun olur.

Lakin Rövşən ömrü boyu paralel olaraq musiqi ilə məşğul idi və sonda mühəndis ixtisasını bir kənara qoyaraq professional musiqiçi oldu. Onun ilk fəaliyyəti 90-cı illərdə Azərbaycanda gəlişən rok musiqisi məcrasında oldu, həmin illərdə yaranmış ilk rok qruplardan biri – Argentum Ab (“Gümüş su”) rok qrupunun solo gitaristi oldu.

1995-ci ildə bir neçə dost – pianoçu Samir Mirzəyev, klarnetçi Nizami Zeynalov və bəstəkar Elmir Mirzəyevlə bir yerdə müstəqillik illərinin ilk müasir musiqi ansamblı olan SoNoR-un əsasının qoyulmasında iştirak etdi və kollektivin çox vacib üzvünə çevrildi. SoNoR-un fəaliyyət göstərdiyi illər ərzində bir çox Azərbaycan bəstəkarları xüsusi olaraq onun üçün əsərlər yaratdılar, bunların arasında Fərəc Qarayev, Alyə Məmmədova, Elmir Mirzəyev, Rəhilə Həsənova, Xəyyam Mirzəzadə və başqaları var. SoNoR ansamblının solisti qismində Rövşən Məmmədov bir çox ölkələrdə – Almaniya, Çexiya, Rusiya, Özbəkistan, Monqolustanda qastrol səfərlərində olmuşdu. Paralel olaraq musiqiçi pedaqoji fəaliyyətinə də davam edirdi.

Geniş repertuara malik Rövşən Məmmədov uzun illər fəaliyyəti ərzində Bakıda və ölkə kənarında həm solo, həm də müxtəlif kollektivlərin tərkibində çıxış etmişdir. Son illər o həm də qədim musiqi ifaçısı kimi tanınmışdı. Bakıda yaradılmış D’Accordo barokko ansamblının tərkibində 2018-ci ildə Sankt-Peterburqda keçirilmiş IX beynəlxalq “Gümüş Lira” kamera musiqisi festivalında iştirak etmişdi.

Rövşən Məmmədovun nadir istedadı ölkəmizdə həm gitara ifaçılığı məktəbinin püxtələşməsinə, həm də bu alət üçün yeni əsərlərin yaradılmasına böyük təkan vermişdir.

Azlogos.eu

ƏVVƏLKİ XƏBƏR

Psixi xəstəliyi olan ana oğlunu öldürdü - DƏHŞƏT

SONRAKI XƏBƏR

Musanın yeni klubu müəyyənləşdi