“Əsassız və məntiqsiz yanaşmanın...” - AzTV ilə bağlı qalmaqal

“Əsassız və məntiqsiz yanaşmanın...” - AzTV ilə bağlı qalmaqal

Xəbər verdiyimiz kimi, müğənni Xuraman Şuşalı hicablı olduğuna görə bəzi problemlərlə qarşılaşdığını deyib...

Xanım ifaçı AzTV telekanalının hicabına görə onu efirə buraxmadığını dilə gətirib:

“AzTV hicablı olduğuma görə məni efirlərə dəvət etmir. Halbuki, mən o televiziyada böyümüşəm. "Bənövşə” uşaq xorunda oxumuşam, AzTV-nin solisti olmuşam, "Qızıl Fond”da ifalarım var, "Arşın mal alan”da Telli obrazını canlandırmışam, Tofiq Tağızadə, Tükəzban İsmayılova, İslam Rzayev məktəbini görmüşəm, konservatoriyada oxumuşam, ali musiqi təhsili almışam. Hətta bu gün pedaqoq kimi çalışıram. Niyazi adına musiqi məktəbində müəlliməyəm. Ancaq təssüf ki, müəyyən qapılar var ki, gedib onları döyməlisən”.

Bəs görəsən, müğənninin dedikləri nə dərəcədə doğrudur? Belə hadisə olub?

Məsələ ilə bağlı AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanovla əlaqə saxladıq. O, Yenisabah.az-a açıqlamasında deyilənləri inkar edib:

“AzTV-nin verilişlərinə diqqətlə baxsanız görərsiniz ki, hicablı qonaqlar və ekspertlər, tamaşaçılar həmin verilişlərdə iştirak edir, çıxış edir. Ayrıca, “Mədəniyyət” kanalında islam dininin dəyərləri ilə bağlı veriliş hazırlanır. Odur ki, bu əsassız və məntiqsiz yanaşmanın kim tərəfindən və nə üçün ortaya atıldığı bizə də maraqlıdır. Qaldı ki, müğənnilərə, biz dəfələrlə demişik, bu gün də deyirik ki, AzTV-nin xüsusən musiqi siyasətini Bədii Şura müəyyən edir. Yaşından, səsindən, cinsindən və geyimindən asılı olmayaraq, hər bir müğənninin AzTV, “Mədəniyyət” və “İdman” kanalında çıxışı yalnız Bədii Şuranın müzakirəsindən və sonda keçirilən səsvermənin nəticəsindən asılıdır”.

Media eksperti Ələsgər Əhmədoğlu da belə halların baş verməsinin doğru olmadığını deyib:

“Ümumiyyətlə, bir şəxsin şəxsi tərcihlərinə görə onu hansısa formada ayrıseçkiliyə məruz qoymaq birmənalı olaraq həm etik deyil, həm də hüquqi deyil. Çünki Azərbaycan Konstitusiyasının 25-ci maddəsi hüquq qarşısında hər kəsin bərabərliyini qoruyur. Xüsusən də, yayımçı əgər dövlət yayımçısıdırsa, o həmçinin dövlət kimi öhdəlik daşıyır. Heç bir qurumun şəxsləri seçimlərinə görə ayrıseçkiliyə məruz qoymaq haqqı yoxdur, bu qanuna ziddir”.

 

Mənbə: pia.az